SON XƏBƏR

Mehman Hüseynov 48 saata azadlıqda olacaq - daha kimlər həbsdən çıxa bilər?

Mart 01
10:35 2019
Martın 3-də həbsdə olan gənc bloger Mehman Hüseynovun həbs müddəti başa çatır. İki ildir cəza çəkən blogerin həmin gün azadlığa buraxılacağı gözlənilir.

Yada salaq ki, gənc blogerə qarşı ötən il dekabrın sonlarında Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə əlavə cinayət işi başlanmışdı. Yanvarın sonlarında isə gənc blogerə qarşı açılan yeni cinayət işinə xitam verilmişdi.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun gənc bloggerin azadlığa buraxılacağını deyir: "Hələ ki Mehmana qarşı hər hansı bir təhlükə yoxdur. Düşünürəm ki, azadlığa çıxacaq. Digər məhbusların azadlığa buraxılmasına gəlincə, Novruz əfvi mütləq olacaq. Siyahılarımızı prezidentə göndərmişik. Müsbət cavab gələcəyinə inanırıq. Qarşıdakı yarım ayda görüşlərimizi əfv istiqamətində davam etdirəcəyik. Əfv Komissiyasının bütün üzvləri ilə görüşlər keçirəcəyik”.

Qeyd edək ki, Əfv Komissiyasının iclasları mütəmadi hal alıb. Həftədə demək olar ki, komissiyanın azı iki iclası keçirilir. Son olaraq, qurum fevralın 28-də toplaşıb. Komissiya çoxsaylı müraciətləri müzakirə edib.

Onu da bildirək ki, hazırda əfv istiqamətində gedən müzakirələrin əsasını siyasi məhbuslar təşkil edir. Bu sərəncamın əvvəlkilərdən köklü şəkildə fərqlənəcəyi, hətta 30-a yaxın siyasinin azad ediləcəyi bildirilir. Hər kəsə bəllidir ki, əfv etmək prezidentin müstəsna səlahiyyətidir. Bu nöqteyi-nəzərdən hər bir siyasi məhbusun azadlığa çıxma şansları var. Amma bununla belə, əfvə düşmək üçün müəyyən kriteriyalar var ki, ona cavab verməlisən.

Ötən həftə "Yeni Müsavat”da bu kriteriyalara cavab verən siyasilərin siyahısını dərc etmişdik. Onu bir daha təqdim etməyi vacib sandıq:

Əli İnsanov- sabiq səhiyyə naziridir. 2005-ci ildə həbs edilib. 11 illik cəzasının bitməsinə üç ay qalmış ona qarşı əlavə ittihamlar irəli sürülüb. 2017-ci il aprelin 26-da 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

İlkin Rüstəmzadə-NİDA Vətəndaş Hərəkatının üzvüdür. "Əsgər ölümlərinə son” aksiyasına görə 2013-cü ildə həbs edilib. 8 il cəza alıb.

Elgiz Qəhrəmanlı-NİDA-çıdır. 2016-cı il avqustun 12-də saxlanılıb. 2017-ci ilin yanvarında 5 il yarım cəza alıb. Həmin ilin noyabrında onun cəzası 3 ilə endirilib. Həbs müddəti bu il avqustun 12-də başa çatır.

Seymur Həzi-AXCP sədrinin müavinidir. 2014-cü ilin avqustunda həbs edilib. 5 il cəza alan AXCP funksionerinin avqustda cəzası bitir.

Fuad Qəhrəmanlı-AXCP sədrinin müavinidir. 2015-ci ilin dekabrında saxlanılıb. 2017-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib.

Asif Yusifli-Qarabağ qazisi, AXCP funksioneridir. 2014-cü ilin noyabrında həbs olunub. İlk olaraq 7 il yarım cəza alan Qarabağ qazisinin həbs müddəti 2015-ci ilin iyulunda Ali Məhkəmə tərəfindən 6 ilə endirilib.

Fikrət Fərəməzoğlu- Jam.az saytının rəhbəridir. 2016-cı ilin iyununda həbs edilib. İlk olaraq 7 il cəza alan sayt rəhbərinin ötən ilin sentyabrında Ali Məhkəmədə şikayətinə baxılıb və onun həbs müddətindən bir il götürülüb.

Əlikram Xurşudov-Müsavat Partiyasının Şirvan rayon təşkilatının sədridir. 2017-ci ilin noyabrından məhbus həyatı yaşayır. 5 il cəza alan təşkilat sədrinin cəzası ötən ilin avqustunda 6 il yarıma endirilib.

Əliabbas Rüstəmov-vəkildir. 2014-cü ilin iyununda saxlanılıb. 7 il cəza alıb.

Gözəl Bayramlı-AXCP sədrinin müavinidir. 2017-ci ilin mayında saxlanılıb. Ötən ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlı-jurnalistdir. 2017-ci ilin mayında həbs olunub. Ötən ilin yanvarında 6 il cəza alıb.

Murad Ədilov-AXCP üzvüdür. 2014-cü ilin avqustunda tutulub. 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fuad Əhmədli-AXCP üzvüdür. 2016-cı ilin avqustunda həbs olunub. 4 il həbs cəzası alıb.

Rüfət Səfərov-Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

Mövsüm Səmədov-İslam Partiyasının sabiq sədridir. 2011-ci ildən həbsdədir. 12 il cəza alıb.

Abgül Süleymanov-ilahiyyatçıdır. 2011-ci ildə həbs edilib və 11 il azadlıqdan məhrum edilib.

Nicat Əliyev- azadxeber.net saytının baş redaktorudur. 2012-ci ilin mayından həbsdədir. 10 il cəza alıb.

Elnur Seyidov- "Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynıdır. 2012-ci ilin martından həbsdədir. 7 il yarım cəza alıb. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook