SON XƏBƏR

Məhəbbət Vəliyeva hicab taxdığına görə vəzifəsindən gedib?

Fevral 03
11:15 2021
Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva barəsində maraqlı iddialar səslənməkdədir. Təhsil Nazirliyi xanım nazir müavininin səhhətində problem olduğunu və öz ərizəsi ilə işdən getdiyini açıqlasa da, sosial şəbəkədə başqa versiyalar və mülahizələr irəli sürülməkdədir.

Qlobal.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, M.Vəliyevanın hicab taxdığı üçün nazirlikdən getməli olduğu iddia edilir. Sosial media istifadəçiləri yazırlar ki, işə hicab taxaraq gedib-gəlməsi birmənalı qarşılanmayıb, nazirliklə yollarını ayırmalı olub.

Nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

M. Vəliyevanın özü isə modern.az-a açıqlamasında səhhətində problem olduğuna dair heç nə deməyib: "Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa, bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”.

Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib. Sabiq müavin sosial şəbəkələrdə hicaba keçməsi ilə bağlı yayılan məlumatı şərh etməyib.

Təhsil eksperti Kamran Əsədov onun işdən çıxması haqda mətbuatda və sosial mediada yayılan müxtəlif, ziddiyyətli məlumatlardan xəbərdar olduğunu bildirib: 

"Diqqətçəkən məqam onun hicab bağlaması haqda iddialardır. Qanunvericilik bu məsələdə məhdudiyyət nəzərdə tutmur, sadəcə, Azərbaycan dünyəvi dövlətdir, tövsiyə olunmaya bilər. Amma düşünmürəm ki, onun işdən çıxması, yaxud çıxarılması hicab bağlamasına görədir. Bildiyim qədər vəzifəsindən getməsi səhhəti ilə əlaqədar olub. Hər kəsin vicdan azadlığı var. Yenə yaxınları daha yaxşı bilər, bildiyim qədər ciddi bir xəstəlikdən əziyyət çəkir”.

Qeyd edək ki, M.Vəliyeva 2018-ci ilin iyununda təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook