Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilən odun yüklü maşını kimlər yoxa çıxardıb?
Aprel 11
09:21
2023
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi ağac qırıntıları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti yoxlamalara başlayıb.
Bu barədə AzToday.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Mustafa Əhmədovun rəhbərliyi altında aparılan yoxlamalar biabırçılıqlarla müşaiyyət olunmaqdadır.
Belə ki, Masallı rayon Qəriblər meşəbəyliyində kütləvi qırıntılarla bağlı vətəndaşların məlumatı əsasında başlanan yoxlamalar daha çox şikayətçi tərəfi zərərsizləşdirməyə yönəlib. Meşələrin İnkişafı Xidmətinin rəhbəri Cabbar Qəribovun mediaya verdiyi açıqlama da bunu göstərir. Onun açıqlamasında bildirilir ki, 9 aprel tarixində, gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların Mersedes markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.
Xidmət rəisinin sözlərinə görə, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb.
AzToday.az xəbər verir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin həyətinə gətirilən sözügedən maşın yükü ilə bərabər yoxa çıxıb. Maşının necə və kim tərəfindən idarənin həyətindən çıxarılması qalmaqala səbəb olub…
Qeyd edək ki, Meşələrin İnkişafı Xidmətinin başlatdığı yoxlamalar Qəriblər meşəbəyliyinin 8 saylı dolayında aparılır. Bu meşə sahəsində isə kütləvi ağac qırıntıları qeydə alınıb. Məlumatlara görə, Qəriblər meşəbəyliyinin meşəbəyisi Tariyel Ağayev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəbiyevlə əlbir olaraq meşələrdən merkantil məqsədləri üçün yararlanırlar.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisindəki kütləvi qırıntılar artıq idarənin işçilərini belə narazı salıb. Şikayətçilər əvvəllər bisnesmen olan və meşəçilik sahəsində ixtisas təhsili olmayan Nəsimi Nəsibovun meşələri məhv etdiyini bildirirlər. Meşələrin İnkişafı Xidmətinin rəhbəri Cabbar Qəribovdan tələb edirlər ki, Nəsimi Nəsibovun direktor olduğu müddət obyektiv şəkildə araşdırılsın…
Qlobal.az