Maltadan 1.5 milyon dollara “qızıl” pasport alan Murad Əfəndiyev kimdir?
Yanvar 10
13:21
2022
Xəbər verildiyi kimi Malta hökuməti 2020-ci il ərzində bu ölkədən pulla vətəndaşlıq alan əcnəbilərin siyahısını dərc edib. Ötən ay dekabrın 28-də dərc edilmiş siyahıda Azərbaycandan olan şəxslərin də adları yer alır. O cümlədən siyahıda yer alanlardan biri Rusiya vətəndaşı olan azərbaycanlı Murad Əfəndiyevdir.
Maltadan vətəndaşlıq, yaxud "qızıl pasport” almaq üçün aşağıdakı şərtlərin yerinə yetirilməsi tələb olunur:
-Malta milli inkişaf fonduna €650000 köçürmək;
-Malta qiymətli kağızlarına və ya səhmlərinə €150000 yatırmaq;
"Qızıl” pasportu alan Murad Azər oğlu Əfəndiyev Rusiyada biznes fəaliyyəti ilə məşğuldur, "Netris” şirkətinin direktorudur və Malta vətəndaşlığını bu şirkətin təsisçisi Timur İsayevlə birlikdə alıb.
Maltadan vətəndaşlıq, yaxud "qızıl pasport” almaq üçün aşağıdakı şərtlərin yerinə yetirilməsi tələb olunur:
-Malta milli inkişaf fonduna €650000 köçürmək;
-Malta qiymətli kağızlarına və ya səhmlərinə €150000 yatırmaq;
-Qiyməti azı €350000 dəyərində olan bir mülk almaq (və ya illik azı €16000 məbləğə onu kirayəyə götürmək);
Bu xərclər ümumilikdə €1 150 000 məbləğdə pul deməkdir.
Zəngin əcnəbilərə bu sxemlə vətəndaşlıq verilməsi Maltada 2014-cü ildən tətbiq edilir və bir qayda olaraq həmin sxemdən korrupsionerlər, şübhəli imicə malik biznesmenlər yararlanır.
"The Shift News” bu siyahını analiz edib və məlum olub ki, 2020-ci ildə Maltadan vətəndaşlıq alan əcnəbilər arasında yenə də Şərqi Avropa və keçmiş sovet respublikalarından olanlar dominantlıq edir. O cümlədən siyahıda Rusiya prezidenti Vladimir Putinə yaxın hesab edilən biznesmenlər də var. Baxmayaraq ki, Rusiyada ikili vətəndaşlığa yol verilmir.
"Netris” Rusiyada videomüşahidə və mühafizə sistemləri, rabitə operatorları və şəhər administrasiyası üçün IPTV sistemlərinin quraşdırılması üzrə geniş çeşiddə xidmətlər, intellektual həllər, proqram təminatı təklif edən iri şirkətdir. O cümlədən Moskva şəhərində üztanıma kameraları şəbəkəsinin quraşdırılmasını bu şirkət həyata keçirib. 2019-cu ilin sonlarında "Rostelekom” şirkəti "Netris” şirkətinin səhmlərini 1.7 milyard rubla alıb. Sövdələşmə "Rostelekom”un Başqırdıstandakı törəmə şirkəti olan "Başinformsvyaz” şirkəti üzərindən həyata keçirilib.
"Netris” şirkətinin şəhər administrasiyası üçün videomüşahidə sistemlərinin quraşdırılması üzrə göstərdiyi xidməti Rusiya məmurları çox bəyənib. O cümlədən Moskva meri Sergey Sobyanin şirkətin quraşdırdığı üztanıma sistemlərini tərifləyib. Bu sistem hüquq-mühafizə orqanlarına cinayətkarları yaxalamağa imkan verir, məmurlar isə onun köməyi ilə öz ofislərini tərk etmədən bir çox işləri həll edirlər.
Murad Əfəndiyev 1978-ci ildə Moskvada anadan olub, 2000-ci ildə Moskva Aviasiya İnstitutunu tətbiqi riyaziyyat, proqramlaşdırma ixtisası üzrə bitirib. 2006-cı ildən "Netris” şirkətində IPTV istiqamətində rəhbərlik edib. 2007-ci ildə şirkətin texniki direktoru olub. 2010-cu ildə isə şirkətin baş direktoru təyin edilib.
Mənbə: virtualaz.org
Qlobal.az