Malıbəyli və Quşçular qətliamından 30 il ötür
Fevral 10
08:16
2022
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür.
"Report” xatırladır ki, qətliamın törədilməsindən 30 il ötür.
1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.
Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.
Qarabağ müharibəsi başlanan andan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.
Fevralın 10-u gecə yarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Bütün evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.



