Macarıstan səfiri Musiqili Teatrda
Yanvar 25
16:22
2017
Macarıstan Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri cənab İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Görüş zamanı qarşılıqlı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib.
Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Macarıstana dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. "Biz çağdaş dünya teatrlarında gedən bütün prosesləri diqqətlə izləyir, bu ümumi prosesə öz töhfələrimizi verməyə çalışırıq. Bu yaxınlarda teatrımızda böyük macar bəstəkarı, bir sıra məşhur operettaların müəllifi İmre Kalmanın "Silva” operettasının premyerası oldu. Səfirliyinizin əməkdaşlarının da iştirak etdiyi bu premyera anşlaqla keçdi və tamaşaçıların böyük çoşqusuna səbəb oldu.
Qeyd edim ki, buna qədər də İmre Kalmanın bir neçə əsəri teatrımızda uğurla səhnələşdirilib. 5 aprel 2015-ci il tarixində Budapeşt Operetta Teatrının Qala konserti məhz bizim teatrda keçirilmişdi. O konserti hələ də xoş təəssüratlarla xatırlayırıq. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız arasındakı mədəni əlaqələr bundan sonra daha da inkişaf edəcək”, - deyə Əliqismət Lalayev söhbət zamanı bildirib.
Cənab İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə. Lalayevə səmimi söhbətə və qəbula görə təşəkkür edib.
"Teatrınızın əzəmətli görkəmi var. Elə ilk baxışdan hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı münasibət çox yüksək səviyyədədir. Əminəm ki, Macarıstan-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında çox mühüm rol oynayacaq. Düşünürəm ki, qarşılıqlı olaraq mədəni-kütləvi tədbirlər tez-tez keçirilməlidir”, - deyə Macarıstan Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab İmre Laslotski söyləyib.
Sonda bu qəbildən görüşlərin və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasındakı mədəni əlaqələrin və münasibətlərin inkişafında xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb və bu cür görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub.
Qlobal.az