SON XƏBƏR

London və Berlinin Qarabağ bəyanatı: Fransa nədən kənarda saxlanılıb?

İyul 01
16:39 2021
"Belə bir bəyanatla London və Berlin Parisdən fərqli olaraq, özlərinin Azərbaycanın yanında olduqlarını göstərmək istəyirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Almaniya və Böyük Britaniya Xarici İşlər Nazirliklərinin Cənubi Qafqazla bağlı yaydıqları birgə bəyanata münasibət bildirərkən deyib. Politoloqun fikrincə, Berlin və London prosesi bildiklərindən Fransanı bəyanatı imzalamaqdan kənar qoyublar: 
"Bu bəyanatın Avropanın böyük dövlətlərindən yalnız ikisi tərəfindən verilməsi və qitənin digər nəhəngi Fransanın orada yer almaması Parisin Azərbaycana münasibətdə hansı mövqe tutmasından qaynaqlanır. Belə ki, ermənipərəst mövqeyilə seçilən Parisin də həmin bəyanatda yer alması Azərbaycanda müəyyən qıcıq yaradacaqdı. Belədə bəyanatı yalnız Böyük Britaniya ilə Almaniya imzalamaqla özlərinin Azərbaycana münasibətdə Fransa ilə müqayisədə fərqli mövqe nümayiş etdirdiklərini ortaya qoymaq istəyiblər. Yəni bununla Bakıya mesaj ötürürlər ki, Londonla Berlinin mövqeyi Parisin ermənipərəst mövqeyinin əksinədir, onunla üst-üstə düşmür. Məhz buna görə də bəyanat müəllifləri arasına Fransanı və digər ölkələri salmayıblar”. 

Ə. İbrahimov düşünür ki, bu bəyanatı imzalayan həmin iki ölkə bununla Azərbaycana daha da yaxınlaşmaq niyyəti güddüklərini ortaya qoyurlar. Ona görə də həmsöhbətimiz bəyanata müsbət yanaşır: 
 
"Deməli, görünən odur ki, son proseslərin ardınca Almaniya və Böyük Britaniya kimi ölkələrin də Azərbaycana marağı artıb”. 

Ekspert onu da qeyd etdi ki, Berlin və Londonun belə bir bəyanat imzalaması digər Avropa ölkələrinin də Azərbaycanla bağlı müsbət yanaşma sərgiləmələrinə təsir göstərəcək: 

"Bu bəyanatda Azərbaycanın ərazi bütövlüyü məsələsi qeyd edilməsə də, onun əleyhinə yönəlik də heç nə yoxdur. Amma əvvəlki bəyanatlarda Qərb tərəfdən daima Azərbaycan əleyhinə bəyanat və ifadələrin də şahidi olurduq”.

Qeyd edək ki, Almaniya və Böyük Britaniya Xarici İşlər Nazirliyi Şərqi Avropa və Cənubi Qafqazla bağlı birgə bəyanat imzalayıblar. Burada onlar sözügedən bölgələrdə təhlükəsizlik, sabitlik, firavanlıq, demokratiya və qanunun aliliyinə dair ortaq öhdəliklərə sadiq olduqlarını və çoxtərəfli əməkdaşlığı dəstəklədiklərini bəyan ediblər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, iki xalqın yaxınlaşması və barışması üçün yeganə yol kimi Ermənistan və Azərbaycan arasında davamlı siyasi həllə ehtiyacın olduğunu vurğulanıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook