Ölkənin nəqliyyat sektoruna nəzarət uğrunda savaş başlayıb – Hər kəs öz payını ala biləcəkmi?
Sentyabr 25
16:58
2019
Vüsal Kərimli və Cavid Qurbanov nəqliyyat sektorunu tam monopoliyaya almaq istərkən, Qüdrət Qurbanov gəmiçilik sahəsini öz nəzarəti altında "müstəqilləşdirməyə” çalışır…
Son zamanlar yeni iqtisadi islahatlar çərçivəsində Ramin Quluzadənin rəhbərlik etdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yenidən formalaşması və bəzi qurumların Nazirlikdən ayrılacağı barədə xəbərlər dolaşmaqdadır. Xüsusən nəqliyyat sektorunun nazirlikdən ayrılacağı və müstəqil bir quruma, ya da nazirliyə çevriləcəyi barədə məlumatlar dolaşmaqdadır.
Geniş şaxəli və ən gəlirli sahələrdən biri olan nəqliyyat sektorunun Ramil Quluzadənin rəhbərlik etdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyəti çox effektsiz olub və nəqliyyat sektorunun problemləri hər gün daha da artır. Eyni zamanda gəlirli nəqliyyat sektoruna nəzarəti ələ keçirmək istəyənlər də az deyil.
PİA.az-a daxil olan məlumata görə hazırda Nəqliyyat Nazirliyinin yenidən müstəqil nazirliyə çevrilməsini istəyən qüvvələr çoxdur. Nəqliyyat naziri olmaq istəyənlərin sayı da çoxdur və onların arasında Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimlinin adı daha çox hallanır. Eyni zamanda "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun da Nəqliyyat naziri olmağa çox həvəsli olduğu vurğulanır. Əldə etdiyimiz və səhih olmayan məlumatlara görə digər qruplaşmalarda da nəqliyyat sektorunu öz nəzarəti altına almaq istəyənlər var.
Nəqliyyat sektorunu nəzarət altına almaq istəyənlərin sayının artması ilə yanaşı bəzi qurumlar da özlərinin tam müstəqilliyini əldə etməyə can atırlar. Belə qurumlardan biri də Dövlət Dəniz Agentliyidir. PİA.az-a daxil olan məlumata görə Dövlət Dəniz Agentliyinin rəisi Qüdrət Qurbanov rəhbərlik etdiyi qurumu Nazirlikdən ayıraraq müstəqil quruma çevirmək və səlahiyyətlərini artırmaq istəyir.
Belə ki, Qüdrət Qurbanovun bir müddətdir Dövlət Dəniz Agentliyini Rabitə və Yüksək Texnologiyalar nazirliyindən ayıraraq, geniş səlahiyyətlərə malik bir quruma çevirmək üçün çalışdığı deyilir.
Xatırladaq ki, Qüdrət Qurbanovun rəhbərlik etdiyi qurum ilk əvvəl Dövlət Dəniz Administrasiyası kimi fəaliyyət göstərsədə, Prezident İlham Əliyevin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.
Yazıda adı keçən qurumların və şəxslərin mövqelərini dərc etməyə hazırıq…
Qlobal.az



