Ölkəmizin ərzaq təhlükəsizliyində sahibkarların da üzərinə böyük vəzifələr düşür
Fevral 03
16:17
2016
Dünyanı bürüyən iqtisadi böhran şəraitində ölkəmizdə əhalinin ərzaq məhsulları ilə dayanıqlı təminatı, böyük potensial imkanların olduğu Azərbaycanda idxaldan asılılığın aradan qaldırılması bu gün gündəmdə duran ümdə məsələdir.
Prezident İlham Əliyev yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla əlaqədar qarşıya konkret vəzifələr qoyub. "Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir”, - deyən ölkə başçısı təkcə ötən ilin yox, bundan sonra bütün illərin "Kənd təsərrüfatı ili” olduğunu diqqətə çatdırıb.
Əlbəttə, Azərbaycan iqtisadiyyatının böyük hissəsinin - 80 faizdən çoxunun özəl sektorda formalaşdığı bir şəraitdə ərzaq təhlükəsizliyi sahəsində sahibkarların da üzərinə böyük vəzifələr düşür.
Prezident İlham Əliyev konfransda indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməsini vurğulayaraq bununla əlaqədar müvafiq dövlət qrumlarına göstərişlər verdiyini bildirib.
Qeyd edək ki, ölkə başçısının sahibkarlığın daha da inkişaf etdirilməsində israrlı olması, onlar üçün əlverişli şəraitin yaradılması, onlara hərtərəfli dəstək verilməsi sahibkarlar tərəfindən böyük minnətdarlıqla qarşılanıb, onlarda yüksək, işgüzar əhval-ruhiyyə yaradıb.
Təsadüfi deyil ki, Ucar rayonundan olan sahibkar Nadir Nuriyev bununla əlaqədar AZƏRTAC-ın müxbirinin sualını cavablandıraraq deyib: "20 ildir ki, sahibkarlıqla məşğulam. 45 hektar torpaq sahəmiz var. 8 nəfər işçi qüvvəsi ilə mal-qara saxlayır, taxıl əkirik. İstehsal etdiyimiz məhsulları ilboyu yerli bazarlara çıxarırıq. Məni, eləcə də tanıdığım fermerləri daim bir məsələ maraqlandırıb: un nəyə görə bizim taxıldan yox, xaricdən gətirilən taxıldan çəkilib satışa çıxarılır?! Yaxud Bakıda mənşəyi məlum olmayan ət tutulur, amma bizdən ət alan çox azdır.
İndi Prezidentimizə çox-çox minnətdarıq. Yerli istehsal ön plana çəkilir. Biz sahibkarlara hərtərəfli dəstək göstərilməsi üçün xüsusi tapşırıqlar verib. Bundan sonra ölkəmizin ərzaq təhlükəsizliyinə daha sanbalı töhfələr verəcəyik. Ucar rayonu son illərədək pambıqçılıq rayonu kimi tanınıb. Prezidentimiz bu sahənin inkişafı ilə əlaqədar göstərişlər verib. Doğrusu, bizim üçün çox əlverişli olan pambıqçılıqla da məşğul olmaq qərarındayıq. Çox yaxşı başa düşürük ki, iqtisadiyyatımızın möhkəmləndirilməsində, ölkəmizin ərzaq təhlükəsizliyində bizim də üzərimizə böyük vəzifələr düşür”.
Qlobal.az



