SON XƏBƏR

Lisenziyası olmayan klinika üçün “açılış” konserti... – Və ya Mingəçevirdə nə baş verir?

İyul 01
10:57 2022
Xəbər verdiyimiz kimi, barəsində Türkiyədə cinayət işi açılan Alper Mövlut Ceylan adlı şəxs Mingəçevirdə özəl klinika açacağını elan edib.

İyunun 25-də bir neçə şou müğənnisini dəvət edərək açılış konserti də keçirib. Ancaq açılış konsertinə rayon rəhbərliyindən, nə də səhiyyə sahəsində fəaliyyət göstərən qurumlardan hər hansı rəsmi şəxs qatılmayıb.

Bunun da Alper Ceylanla bağlı kifayət qədər ciddi iddialarla bağlı olduğu ehtimal edilir.

Ancaq yazıdan sonra redaksiyamızla əlaqə saxlayan Alper Ceylan və özünü onun hüquqi nümayəndəsi kimi təqdim edən Ülvi adlı şəxs (sonradan onun kompüter mütəxəssisi olduğunu öyrəndik-red.) yazılanların həqiqəti əks etdirmədiyini iddia edərək məqalənin yayımdan qaldırılmasını tələb etdilər.

Biz yazdıqlarımızı sübut edən sənədlərin olduğunu, onların da mövqeyini dərc edə biləcəyimizi dedikdə isə, bunun üçün israrla təkzib verməyimiz şərtini irəli sürdülər. Mövqelərini də bunula əsaslandırmağa çalışdılar ki, Alper Ceylanın Türkiyənin ədliyyə orqanlarındakı şəxsi işində hər hansı bir cinayət qeydi yoxdur.



Halbuki bunun şəxslə bağlı cinayət işi açıldığını təkzib etmədiyini bilmək üçün hüquqi savad lazım deyil. Şəxsi işdə belə qeyd yalnız məhkəmənin hökmündən sonra düşür. Alper Ceylanla bağlı isə hələlik məhkəmə hökmü yoxdur, ittiham aktı var.

Bunları Alper Ceylanın və onun "hüquqi nümayəndəsinin” nəzərinə çatdırdıqda isə, bizi məhkəməylə hədələyərək qeyd olunanlara münasibət bildirməkdən imtina etdilər.

Qısaca olaraq xatırladaq ki, saytımıza təqdim olunan sənədlərdən məlum olur ki, Alper Ceylanla bağlı cinayət işi Türkiyə Respublikası Kocaeli Şəhər Baş Prokurorluğu tərəfindən 2017-ci ilin oktyabr ayında açılıb.

Alper Ceylana cinayət işinin açılmasına səbəb isə onun Twitter hesabından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqir xarakterli paylaşım etməsi, ona böhtan atması, şəkilləri üzərində "Fotoshop” proqramı vasitəsi ilə dəyişikliklər edərək, dövlət başçısını aşağılamağa cəhd etməsi olub. Hansı ki, Alper Ceylan istintaqa ifadəsində gah belə paylaşım etdiyini xatırlamadığını, gah da əsəbləşərək belə paylaşımlar edə biləcəyini deyib.



Ancaq istintaq, əlbəttə, onun dediklərinə deyil, sübutlara əsaslanıb. Və Ceylanın hərəkətlərində 5237 saylı Türk Cəza Qanununun 125/1-3.a maddəsində qeyd edilən ("Dövlət qulluqçusuna qarşı vəzifəsindən dolayı təhqir”) cinayət tərkibinin olduğu qənaətinə gəlinib, sübutların araşdırılaraq qiymət verilməsi üçün iş məhkəməyə göndərilib.

Ancaq FETÖ terror şəbəkəsinin törətməyə cəhd etdiyi silahlı dövlət çevrilişi cəhdindən sonra məhkəmələr həddən artıq yükləndiyi üçün və ya başqa hansısa səbəbdən məhkəmə araşdırması uzanıb. Alper Ceylan da, mümkündür ki, bundan istifadə edərək haqqında veriləcək hökmü gözləmədən Türkiyədən çıxıb və 2019-cu ildə Azərbaycana gəlib. Burada klinikaların birində texniki işçi kimi çalışmağa başlayıb.

Bu müddətdə Türkiyədə haqqında başlanmış cinayət işinin məhkəmə araşdırması davam etdirilib. Onunla bağlı Türk Cəza Qanununun 125/1-3.a və 53/1 maddələri üzrə ittiham aktı tamamlanıb.Ancaq Alper Ceylan Azərbaycanda olduğundan onu məhkəməyə cəlb edərək prosesə başlamaq, haqqında hökm vermək mümkün olmayıb.



Alpər Ceylanın Azərbaycanda olduğu müəyyənləşdirildikdən sonra Kocaeli şəhəri 6-cı Ağır Cinayət Məhkəməsi tərəfindən onunla bağlı ötən ilin dekabr ayında Azərbaycanın ədliyyə orqanlarına vəsatət məktubu göndərilib. Məktubda Alper Ceylanın hansı cinayətdə təqsirləndirildiyi və barəsində hansı hüquqi işlərin həyata keçirilməli olduğu vurğulanır. Məhkəmə prosesinin başa çatması üçün, təqsirləndirilən şəxs kimi onun izahatının alınmasına ehtiyac olduğu, lazım gələrsə, məcburi şəkildə səlahiyyətli ədliyyə orqanına gətirilərək dindirilməsi xahiş olunur.

Azərbaycanın ədliyyə orqanlarının bu xahişə nə cavab verdikləri, Alpər Ceylanla bağlı müvafiq hüquqi prosedurların yerinə yetirilib-yetirilmədiyi ilə bağlı hələlik məlumat ala bilməmişik.

Ancaq Mingəçevirdəın saytımıza bir sıra yeni məlumatlar verilib.

İlk olaraq Alper Mövlut Ceylanın iş adamı olmadığına diqqət çəkilərək, kifayət qədər böyük miqdarda vəsait tələb edən tibbi klinika aça biləcəyinə ehtimal verilmir.
Ətraflı

"İddia etdikləri kimi, "Qadın və uşaq xəstəlikləri mərkəzi” kimi fəaliyyət göstərəcək bir klinikanı açmaqdan ötrü dəyəri 100 minlərlə manat olan aparatlar, avadanlıqlar alınmalıdır. Bu yaxınlara qədər klinikaların birində texniki işçi kimi fəaliyyət göstərən, məlum səbəblərdən Türkiyəyə gedə bilməyən Alper Ceylanın belə böyük məbləğdə vəsaitə malik olması inandırıcı deyil” – deyə, saytımıza verilən məlumatda bildirilir.



Qeyd edək ki, klinika açmaq adı ilə Mingəçevir şəhərinin girişindəki yolun arxa hissəsində yerləşən köhnə Turizm Kollecinin binasını icarəyə götürən Alper Ceylanın vəsaiti Mingəçevir şəhər sakinlərindən topladığı iddia olunur. Belə ki, onun bir müddətdir ki, müxtəlif vəzifələr, iş imkanı vəd edərək, klinikanı açmaq üçün xeyli sayda şəhər sakinindən pul aldığı bildirilir.

"Ancaq klinika rəsmi olaraq fəaliyyət göstərmədiyindən həmin insanlarla əmək müqaviləsi bağlanmır. Hətta həmin insanlara 8 həftə sınaq müddətində olduqlarının deyilir" - deyə, saytımıza verilən məlumatda bildirilir.

Halbuki mövcud qanunvericilikdə sınaq müddəti ərzində işçi rəsmi olaraq işə götürülür və işlədiyi işin müqabilində ona əmək haqqı verilir.

Fəaliyyətə başlamayan bir klinika üçün "səs-küylü” açılış keçirməsinin səbəbi kimi də elə bura vəsait ayıran və artıq narahat olan insanları sakitləşdirmək məqsədi daşıdığı vurğulanır.



Əvvəla, "Anadolu klinikası”nın işə başlaması üçün İqtisadi İnkişaf Nazirliyindən tibbi fəaliyyətə dair alınmış lisenziya yoxdur. Yəni, klinikanının tezliklə fəaliyyətə başlayacağı iddiaları həqiqəti əks etdirmir.

İkincisi, özünün "Instagram” səhifəsindən videomüraciət yayaraq (sonradan silinsə də, saytımıza təqdim olunub-red.) guya Prezident İlham Əliyevin dəvəti ilə ölkəyə gəlib investisiya yatırdığını iddia edir. Halbuki, əvvəla, Prezident İlham Əliyev müsahibələrin birində qeyd edib ki, Ərdoğanın siyasətinin əleyhinə gedənlərə, ona qarşı olanlara onun yaxşı münasibət bəsləməsi mümkün deyil.

Digər tərəfdən də, 4 ildir Azərbaycanda yaşayan və bu müddət ərzində məlum səbəbdən bir dəfə də olsun, Türkiyəyə getmədiyindən dedikləri, yumşaq desək, şübhə doğurur.

Sual olunur, klinika kimdən, haradan alınan pulla qurulur?

Eyni zamanda, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizdə hamının çox sevdiyi, dövlət başçımızla qardaşlıq münasibəti olan türk dünyasının liderini – Türkiyə Prezidentini qəsdən təhqir etməkdə, onunla bağlı böhtan məlumatlar yaymaqda ittiham olunan birinin dövlətimizin başçısının adı ilə (sanki onu şəxsən dəvət edibmiş kimi-müəl.) barmağını stola vura-vura təhdidlər yağdırmasına nə ad vermək olar? Müvafiq qurumları, medianı qorxutmaq istəyir, yoxsa haqqındakı ittiham aktının ortaya çıxmasından narahatdlr?

Üçüncüsü, Azərbaycana investisiya qoyduğunu iddia edən Alpər Ceylan əcnəbi vətəndaş kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Dövlət Miqrasiya Xidmətindən iş icazəsi alıbmı?

Bizə verilən məlumata görə, klinika üçün Vergilər Nazirliyindən icazə Azərbaycan vətəndaşının adına alınıb. Bu qanunsuzluq, dövləti aldatmaq cəhdi deyilmi?



Dördüncüsü, milyonlarla manatlıq klinika açdıqlarını göstərmək üçün Quliyev Ehtiramın adına 2 ədəd "Ford” tranzit yük avtomobili (90GC922; 90CM922) icarəyə götürüldüyü, qanunsuz olaraq ambulans kimi rəngləndiyi bildirilir. Həmin avtomobillər ambulans kimi xidmət göstərilməsi üçün lazımi avadanlıqlarla təhciz olunubmu, müvafiq qurumdan xüsusi icazə alınıbmı?

Əlbəttə, belə sualların və Alper Ceylanla bağlı iddiaların sayı çoxdur.

Ancaq fikrimizcə, əsas diqqət yetirilməli olan məsələ bərəsində cinayət işi olan, Türkiyə Prezidentinə qarşı təhqiramiz və böhtan xarakterli paylaşımlar etməkdə ittiham olunan və 4 ilə yaxındır, Azərbaycanda texniki işçi kimi fəaliyyət göstərən birinin qəflətən özünü iş adamı kimi təqdim edərək klinika açmaq niyyətini açıqlamasında məqsədinin nə olduğudur. Bu, ciddi araşdırılmalıdır. Otrada ciddi ittihamların olduğu da unudulmamalıdır...
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook