SON XƏBƏR

Leyla Əliyeva: "Biz nə ediriksə təmənnasız, ən xoş niyyətlərlə edirik"

Noyabr 01
12:46 2015
Moskvada, Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) "RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilir.
 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun işində iştirak edir.
 
Qlobalinfo.az Trend-ə istinadən məlumat verir ki, foyedə RAGB-nin, İDEA (Ətraf mühitin qorunması naminə beynəlxalq dialoq) İctimai Birliyinin fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb. Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX əsrlərə aid mili geyimlər sərgisini təqdim edib. Əvvəlcə RAGB-nin fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.
 
RAGB-nin sədri Leyla Əliyeva tədbiri giriş sözü ilə açıb. O, forum iştirakçılarını səmimi salamlayaraq deyib: "Bu zalda dostlarımızı, RAGB-nin fəal iştirakçılarını görmək çox xoşdur. Artıq 8-ci ildir ki, bu insanlarla birgə çalışırıq, onlarla bərabər uzun və maraqlı yol keçmişik. Regionlardan bizim tədbirə gələnləri burada görmək də çox xoşdur. Əlbəttə, bizim təşkilatımıza yenicə daxil olanları salamlamağa çox şadam. Sizə uğurlar arzulayıram və əminəm ki, qarşıda bizi çox maraqlı işlər gözləyir. Bizim təşkilatımız Rusiyada yaranıb və fəaliyyətinin ilk günlərindən mədəniyyətlərarası dialoq və əməkdaşlıq ideyalarını həyata keçirir. RAGB Rusiyada oxuyan və işləyən azərbaycanlı gəncləri birləşdirir, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına və öz ölkələrini ləyaqətlə təmsil etmələrinə kömək edir. Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda, Şərq ilə Qərb arasında yerləşir. Bu fakt bizim tariximizdə, mədəniyyətimizdə öz əksini tapıb. Xalqımıza xas olan tolerantlıq ənənələrinin dərin kökləri var, bu, hər bir azərbaycanlının həyat tərzidir. Bu gün Azərbaycan beynəlxalq turnirlərin, forumların və tədbirlərin keçirilməsi üçün arenaya çevrilir.
 
Bu ilin yayında Bakıda birinci Avropa Oyunları çox yüksək səviyyədə keçirildi. Həmin oyunlarda qazanılmış əla nəticə münasibətilə Rusiyanı ürəkdən təbrik etmək istəyirəm. Payızda Bakı şahmat üzrə dünya kubokuna ev sahibliyi etdi, 2016-cı ildə isə Şahmat Olimpiadasını qəbul edəcək. Gələn il Bakıda ilk dəfə "Formula-1” yarışları keçiriləcək. 2017-ci ildə isə 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi planlaşdırılır. Bütün bunlar dünyanın ölkəmizə bəslədiyi etimadın və hörmətin sübutudur. Rusiya ilə Azərbaycanın həmişə səmimi dostluq münasibətləri olub. Bizim ortaq tariximiz, ortaq qələbələrimiz və uğurlarımız var. Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşamağı bacarırlar. Azərbaycanda böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə həmişə böyük sevgi ilə yanaşıblar. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan rusdilli təhsil tam həcmdə qorunub saxlanıb, Azərbaycanın ali məktəblərində tədris həm Azərbaycan, həm də rus dilində aparılır. Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb. Bu il isə İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialı da açılıb.
 
Beləliklə, indi hər iki ölkənin həkimləri öz səylərini birləşdirmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. Keçən il dekabr ayında Bakıda böyük rus şairi Mixail Yuryeviç Lermontovun yubileyi yüksək səviyyədə qeyd edilib. Onun yaradıcılığı mədəniyyətlərin qarşılıqlı nüfuzunun və qarşılıqlı zənginləşməsinin parlaq nümunəsidir. RAGB-nin fəaliyyəti də bizim münasibətlərin yaxın olmasını təsdiq edir. Bizim gənclər həmişə Rusiya ilə bizi birləşdirən ümumi cəhətləri tapmağa, qoruyub saxlamağa və artırmağa çalışır. Bu gün Rusiya ərazisində bizim təşkilatın 70-dən çox regional bölməsi fəaliyyət göstərir və onların hər birinin fəxr etməyə haqqı var. Təşkilatımızın fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif istiqamətləri əhatə edir. RAGB hər il Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş xeyriyyə aksiyası keçirir. Gənclərimiz uşaq evlərinə və internatlara böyük həvəslə baş çəkir, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayramlar təşkilı edir.
 
Bu il də "Qanın milləti yoxdur” şüarı altında pulsuz qanvermə aksiyası keçirmişik. Dünya Səhiyyə Təşkilatı ilə birlikdə döş xərçənginə qarşı mübarizə proqramı çərçivəsində qadınların pulsuz müayinəsi təşkil edilib. Faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə bizim fəallar Moskvada, Kurskda və Tulada Böyük Vətən müharibəsi veteranları üçün tədbirlər və görüşlər keçiriblər. Təşkilatımız ədalətə, sülhə və həmrəyliyə inanır. Biz Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi haqında düzgün informasiyanı dünyaya çatdırmaq üçün hər il fevral ayında "Xocalıya ədalət” adlı beynəlxalq kampaniya keçiririk. May ayında böyük Azərbaycan cazmeni, musiqi sənətində yeni caz-muğam istiqaməti açan Vaqif Mustafazadənin 75 illiyinə həsr edilmiş caz gecəsi keçirdik. Gənclərimiz müxtəlif idman tədbirlərində iştirak etməyi çox xoşlayır.
 
Bu il biz Avropa Oyunlarını dəstəkləmək üçün "RAGB Universiadası” və Heydər Əliyev adına kubok uğrunda ənənəvi illik minifutbol turniri keçirdik. İntellektual sahədə "Nə? Harada? Nə vaxt?” oyunu üzrə beynəlxalq turnirdə respublikanın bütün diasporlarını təmsil edən 16 komanda iştirak edib. Azərbaycanın ŞHK komandası uğurla çıxış edir. Kaluqa vilayətində isə səyyar qış məktəbi keçirilib. Xoşagələn haldır ki, bizim fəallar Rusiyanın müxtəlif ali məktəblərində mütəmadi görüşlər, sərgilər və mədəni tədbirlər keçirir. Sizə məlum olduğu kimi, bizim ölkələrdə və bizim təşkilatda ekologiya və ətraf mühitin qorunması məsələlərinə xüsusi yer ayrılır. Azərbaycanda İDEA xətti ilə 4 milyondan çox ağac əkilib.
 
Çox sevindirici haldır ki, könüllülərimiz Rusiyada da ağacəkmə ilə məşğul olur, bir sıra ekoloji layihələrdə iştirak edirlər. Gələcəkdə biz Rusiyanın WWF (vəhşi təbiəti mühafizə) Fondu ilə, xüsusən Qafqaz bəbirinin, zubr və nərə balıqlarının qorunması məsələləri üzrə daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Gördüyünüz kimi, təşkilatımız mövcud olduğu dövrdə böyük işlər görüb, yüksək nəticələr əldə edib, çox faydalı layihələr həyata keçirib. Lakin ən əhəmiyyətlisi budur ki, biz nə ediriksə təmənnasız, ən xoş niyyətlərlə edirik. Mən fəxr edirəm ki, bizim bu cür fəal, ağıllı və pozitiv gənclərimiz var. Təşəbbüskarlığınıza, etimadınıza və dəstəyinizə görə sizə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Qarşıda bizi hələ uzun yol, çoxlu maraqlı layihələr və ideyalar gözləyir və mən əminəm ki, birlikdə hər bir problemin öhdəsindən gələcəyik, ölkələrimizin və xalqlarımızın naminə hələ çox işlər görəcəyik. Sizin hamınıza təşəkkür edirəm, Sizə xoşbəxtlik, cansağlığı, uğurlar və əlbəttə, bol sevgi arzulamaq istəyirəm".
 
Forum işini davam etdirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook