Lerikdə 8 məktəb bağlanıb, şagirdlər digər məktəblərə daşınmayıb: ortada qalıblar
Noyabr 22
09:49
2024
2024-cü ilin sentyabrında Lerikdə 8 məktəb bağlansa da, şagirdlərin digər məktəblərə daşınması məsələsi indiyədək həll olunmayıb.
Bir neçə aydır ki, Lerik sakinləri bu məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət edirlər, amma məsələ həllini tapmır. Hətta məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb.
"Rayonda daha 10 məktəbin də bağlanıb komplektləşdirilməsi nəzərdə tutulur"
Lerikin deputatı Vasif Qafarov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bu məsələni qaldırıb.
O, problemin həlli üçün elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib: "Bu problemin tezliklə həll edilməsi vacibdir. Rayonda daha 10 məktəbin də bağlanıb komplektləşdirilməsi nəzərdə tutulur. Lerik dağlıq ərazidir, rayonun bir tərəfindən o biri tərəfinə 100 kilometrə qədər məsafə var. Elə inzibati ərazi dairələri var ki, burada olan 10 kənddən 5-6-da ibtidai məktəb, 3-də ümumi orta məktəb var, amma inzibati ərazi dairəsində bir dənə də olsun tam orta məktəb yoxdur. Belə olan təqdirdə, 9-cu sinifi bitirən şagird 10-15 kilometr uzaq məsafədə yerləşən bir kəndə məktəbə getmək və ya ailəsi ilə birlikdə həmin ərazidən köçmək məcburiyyətində qalır. Bu problemin həlli üçün bir inzibati ərazi dairəsindəki ümumi məktəblərdən heç olmasa birinin tam orta məktəbə çevrilməsini xahiş edirəm", - deyə Qafarov bildirib.
"33 məktəbdə odun tədarük edilməyib"
Deputat Lerikdə bir çox məktəblərdə odun tədarükünün edilmədiyini, soyuq aylarda şagirdlərin əziyyət çəkdiyini deyib: "Payız-qış mövsümünün gəlməsinə və soyuqların düşməsinə baxmayaraq Lerik rayonunun məktəblərinin bir çoxuna indiyədək odun tədarük edilməyib. Lerik rayonunun odunla qızdırılan 36 məktəbindən 3-ü istisna olmaqla qalanlarına indiyədək odun verilməyib. Bu məsələnin tezliklə həll edilməsini xahiş edirəm".
Nazir: "Araşdırılacaq..."
İclasda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev isə deyib ki, Lerikdə bağlanan məktəblərin şagirdlərinin daşınmaması məsələsini nəzarətə götürüb.
"Bağlanan məktəblərin şagirdlərinin daşınması təmin olunmalıdır: "Əgər olunmayıbsa, bunu araşdırarıq”, - Əmrullayev bildirib.