SON XƏBƏR

Lerik sakinləri: "İlan deyilik axı susuz səhrada yaşaya bilək” - VİDEO

Dekabr 27
03:11 2018
Lerikin 3 kənd sakinləri -Şivlə, Biləvər və Geskön kəndlərinin bir qrup sakini bu gün – dekabrın 25-də Geskön kəndi yaxınlığında toplaşıb, etiraz ediblər. 

Sakinlər bu kəndlərin ərazisindən keçən "Şüpək” meşə massivindəki bulağın suyunu qonşu Şingədulan kəndinə aparmaq qərarına etiraz edirlər. 

Dediklərinə görə, artıq iki gündür ki, əraziyə ağır texnika gətirilib və suyun çəkilməsi işlərinə başlanıb. Sakinlər iddia edirlər ki, bu bulaqdan qonşu kəndə su çəkilərsə, adı çəkilən 3 kənd susuz qalacaq.

Biləvər kənd sakini İbrət Azadov: "3 kəndin sakinləri qalxıb ayağa, traktorları gətiriblər, yolumuzu da dağıdıblar. 3 kənd susuz qalır deyə camaat dad edir, icraçılarsa deyirlər ki, sərəncam belədir. Yaxşı, suyu apardılar, bəs biz neyləyək, biz vətəndaş deyilik?! İndi su çoxdur, amma yayda o bulağın suyu demək olar ki, quruyur, 3 kəndə güclə çatır”.

"İLAN DEYİLİK Kİ, SUSUZ SƏHRADA YAŞAYA BİLƏK”

Şivlə kənd sakini Cabir Rüstəmov da deyir ki, əgər bu su olmazsa, vadidə yerləşən 20 ha-dan çox meşə massivi və 6 ha yeni əkilmiş qoz tingləri məhv olacaq, 3 kəndin sakinləri öz yurdlarından köçməyə məcbur qalacaqlar:

"Bu, bizim kənd ərazisinin bulağıdır. Rayon icra hakimiyyəti bizə qərəzli münasibət göstərir. Nə qədər müraciətlər etmişik ki, bu suya dəyməyin, qoyun camaat bu kəndlərdə yaşasın, amma bizə məhəl qoyan yoxdur. Bu su olmasa, gərək 3 kənd köçsün, ilan deyilik axı susuz səhrada yaşaya bilək”.

"O BULAQDA KİFAYƏT QƏDƏR SU VAR”

Narazıların dediyinə görə, sözügedən 3 kəndin 1500-dən çox sakini var. "Şüpək" meşə massivindəki bulaqdan Şingədulan ərazisinə suyun çəkilməsi barədə qərardan xəbər tutandan bir neçə dövlət qurumuna, o cümlədən Prezident Administrasiyasına müraciət ediblər, amma bir nəticəsi olmayıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikovsa AzadlıqRadiosuna deyib ki, kənd sakinlərinin narazılığı əsassızdır. Dediyinə görə, icrasına başlanan işlər Lerikin bir neçə kəndinin su təchizatını yaxşılaşdırmaq üçün prezidentin bu ilin aprelində imzaladığı sərəncam və bu məqsədlə ayırdığı 1 milyon manat vəsait çərçivəsində görülür. O ki qaldı, suyun "Şüpək” meşə massivindəki bulaqdan çəkilməsinə, icra məmuru deyir ki, bu, "Azərsu” və Layihə İnstitutunun mütəxəssislərinin seçimidir.

"Hazırda su Alaşar çayından çəkilir, ikinci xətt həmin Şüpək bulağından 10-dan çox kəndin su təchizatını yaxşılaşdırmaq məqsədilə çəkiləcək. Bunun da, şikayət edən kənd sakinlərinə heç bir aidiyyatı yoxdur, o bulaq kənddən 7-8 km aralıdadır, ondan da bir 100-lük boru ilə su çəkiləcək, hələ 50 elə boru ilə də su çəkmək olar, çünki o bulaqda kifayət qədər çox su var”.

Habil Məlikov Lerik Rayon İcra Hakimiyyətinin bu 3 kənd sakinlərinə qərəzli münasibətinin olmasına dair deyilənləri də təkzib edib.

"HABİL MƏLİKOV YALAN DANIŞIR"

Sakinlər isə prezidentə ünvanladıqları müraciətdə Habil Məlikovu yalan danışmaqda ittiham ediblər. 70 sakinin adından ölkə başçısına ünvanlanan məktubda deyilir ki, sözügedən bulaq kəndin yuxarı hissəsindən axıb gəlir və bu kəndlər məhz o sudan istifadə edirlər: "Habil Məlikov yalan danışır. Çünki o bulaq kəndin yuxarı hissəsindəki meşə massivindən axıb gəlir. Yayda tamamilə su azalır, heç kəndlərə bəs etmir. Eyni zamanda mənbədən su aparılacaqsa, tamamilə quruyacaq və böyük bir meşə zolağı sıradan çıxarılacaq. Niyə Əvilə çayında su aparılmır? Baxmayaraq ki, 5 dəfə bu bulaqdan suyu çoxdur və demək olar ki, dağ çayıdır. Burada artıq şəxsi qərəzə çevrilmiş bir münasibət var. Qorxmaz Hüseynovla Rövşən Bağırov açıq şəkildə bu kəndləri köçmək təhlükəsində qoyur. Rayon Meşə Təsərrüfatının rəhbəri də bunlarla əlaqəlidir. Dəfələrlə nazirliyə müraciət də etmişik. Rayondan deyirlər ki, Muxtar Babayev də Qorxmaz Hüseynovla dostdur, ona görə də səsimizi çıxara bilmirik. Bu nə münasibətdir? 1500 vətəndaşı necə susuz qoymaq olar?" \
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook