SON XƏBƏR

Lerik sakinindən Kəmaləddin Heydərova müraciət: "15 ildir ölümlə üz-üzəyik"

Yanvar 16
00:01 2025
Lerik rayon Bülüdül kənd sakini Cəmilə Şahbazova Fövqaladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. 
 
On beş ildir altı ailə üzvü ilə qəzalı evdə yaşayan vətəndaş Qlobal.az saytına göndərilən məktubda yazır:
 
"Cənab nazir. 2010-cu ildə Lerik rayonunda zəlzələ baş verdi. Zəlzələ nəticəsində yaşadığımız ev qəzalı vəziyyətə düşdü. Biz maddi vəziyyəti minimal olan bir ailəyik. Kasıblıqla yaşayırıq. Zəlzələdən sonra yaranan acınacaqlı vəziyyətlə bağlı rayon icra hakimiyyətinə müraciət etdik. Lerik rayon icra hakimiyyətindən isə o zaman bildirdilər ki, rayonda qəzalı şəriatə düşən evlərin bərpası üçün büdcə olmadığından şikayətimiz aidiyyatı olaraq Fövqaladə Hallar Nazirliyinə göndərilir. Bu illər ərzində yerli qurumlardan - rayon icra hakimiyyətindən - FHN-dən dəfələrlə gəlib evimizə baxış keçirsələr də problemin aradan qaldırılması istiqamətində heç bir addım atılmayıb".
 
Biz on beş ildir ölümlə üz üzəyik
 
On beş il ərzində yüzlərlə aidiyyatı qurumlara şikayət məktubu ünvanlayan Cəmilə Şahbazova qəzalı evdə yaşadıqları üçün hər an ölümlə üz-üzə qaldıqlarını deyir. Vətəndaş şikayət məktubunda qəzalı vəziyyət düşən evlərinə mütəxxəsislərin baxış keçirdiyi və rəsmi olaraq kompensasiya hesablandığını vurğulayır:
 

 
"Hörmətli Kəmaləddin müəllim. Bu on beş ildə dövlət qurumlarına, başda FHN olmaqla yüzlərlə şikayət məktubu ünvanlamışıq. 2013-cü ildə FHN-ə ünvanladığımız məktuba FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov belə cavab verib: "Yaşayış evinin qəzalı vəziyyət düşməsi barədə Azərbaycan Respublikasının Fövqaladə Hallar nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə göndərdiyiniz məktuba baxılmışdır. Bildiririk ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin "Azərdövlətlayihə" İnstitutunun mütəxxisləri tərəfindən yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə Lerik rayonu ərazisində müxtəlif vaxtlarda baş vermiş təbii fəlakətlər nəticəsində ziyan dəymiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında sizə kompensasiya hesablanmışdır. Bu məqsəd üçün vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaqdır".
 
On beş il ərzində büdcədən vəsait niyə ayrılmır?
 
Cəmilə Şahbazova şikayət məktubunda yazır ki, FHN-nin müvafiq idarəsinin onun qəzalı evinə kompensasiya hesablamasından 15 il keçsə də, hələ də problem qalmaqdadır:
 
 
 
"Cənab nazir. Qəzalı şəraitə düşən evimizə FHN-nin nümayəndələrinin baxış keçirməsindən və kompensasiya hesablayıb akt tərtib etməsindən 15 il keçir. Lakin bu vaxtadək heç bir iş görülməyib. Evimin divarlarındakı çatlar hər gün daha da genişlənir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov 2018-ci ildə nazirliyə ünvanladığımız suala belə bir məktubla cavab verib: "Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin "Azərdövlətlayihə" İnstitutunun "Azərdövlətlayihə" İnstitutunun mütəxxisləri tərəfindən yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə Lerik rayonu ərazisində fərdi yaşayış evlərinə dəymiş ziyanı müəyyənləşdirmək məqsədilə texniki baxış keçirmiş və müvafiq akt tərtib etmişlər. Həmin akt əsasında sizin fərdi sizin fərdi yaşayış eviniz qəzalı evlər siyahısına əlavə edilmişdir. Bu məqsəd üçün vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaqdır".
 
Gərək evimiz uçsun, altında qalıb ölək ki, vəsait ayırasınız?
 
Fövqaladə Hallar nazirinə ünvanladığı məktubda Lerik rayon Bülüdül kənd sakini Cəmilə Şahbazova FHN-nə məktub ünvanlamaqdan bezdiklərini yazır:
 

 
"Cənab nazir. Sözün əsl mənasında FHN-nə bu 15 il ərzində şikayət məktubu ünvanlamaqdan bezmişik. Bu illər ərzində kasıblıq bir yandan, hər an evimizin uça biləcəyinə görə həyacan yaşamağımız, gecələri ölüm qorxusu ilə yuxuya getməyimiz bizi qocaltdı. Artıq vallah bezmişik. On beş il ölüm qorxusu ilə yaşamaq olar cənab nazir? Evimizə 5 manat pul girən kimi əynimizə paltar almayıb, ağrıyan canımıza dərman almayıb, qarnımıza yemək almayıb FHN-nə məktub yazıb poçta ödəyirik pulu. O ümidlə ki, bəlkə bu dəfə məktubumuza baxalar. Bəlkə bu dəfə kiminsə vicdanı oyana. Bizə rəhmləri gələ. Dövlətin büdcəsindən hər il ayrılan milyardlarla vəsaitdən bizim də daxmamızın təmirinə vəsait ayıralar. 2024-cü ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Zenfira Rzayeva ünvanladığımız çoxsaylı məktuba cavab məktubunda yazır: "Eviniz qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar müvafiq tədbir görüləcəkdir".
 
Şikayətçi sonra qeyd edir:
 
"Hörmətli Kəmaləddin müəllim! On beş il ərzində doğrudanmı bizim daxmamızın təmirinə Fövqaladə Hallar nazirliyi vəsait tapa bilməyib? Dövlətimiz Allaha şükür qüdrətlidir, dövlətimiz vətəndaşlarının rifah hallarının yaxşılaşması üçün hər şey edir. Bəs bu ayrı-seçkilik nədir? Niyə 15 il ərzində bizim qəzalı evə vəsait ayrılmır? Niyə bu illər ərzində bizim ölüm qorxumuzu FHN-də hiss edən olmayıb? Biz bu 15 ildə körpələrimizlə hər gecə yatanda kəlimeyi-şəhadət oxuyub yatırıq ki, bəlkə sabaha sağ çıxmadıq...
 
Cənab nazir. Biz hələ də dövlətimizdən ümidimizi kəsməmişik. İnanırıq ki, on beş ildən sonra da olsa bizim qəzalı evimizə vəsait ayrılacaq. Bundan sonra heç olmasa gecələri evimizin hər an uça biləcəyi qorxusu ilə yaşamayacağıq".
 
Cahandar Laçınlı
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook