SON XƏBƏR

Lənkəranda sahibkar qardaşlar arasında şadlıq evi davası: Biri digərinin həbsini istədi

Noyabr 26
18:22 2025
Lənkəranda sahibkar qardaşların şərikli işlətdiyi "Əzizə" şadlıq sarayı ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, qardaşlar arasında şadlıq sarayı və həmin obyektin bağlı olduğu əmlak kompleksinə dair uzun müddətdir məhkəmə çəkişməsi gedirdi. 

Belə ki, Elman Novruzov şəriki və doğma qardaşı T.Novruzov barəsində məhkəməyə müraciət edib. O, qardaşından şikayətçi olduğunu bildirib və barəsində məhkəmədə inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş edib. 

Bakı Kommersiya Məhkəməsinin 6 avqust 2025-ci il tarixli qərardadına əsasən, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən "Əzizə" şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Elman Novruzla yazılı razılaşdırılma olmadan hər hansı icarə müqaviləsinin bağlanılması və s. cavabdeh şəxsə - T.Novruzova qadağan edilib.

Amma buna baxmayaraq, T.Novruzov qardaşı Elman Novruzovdan heç bir yazılı razılaşma əldə etmədən bu ilin oktyabr-noyabr ayları ərzində "Əzizə" şadlıq sarayında dəfələrlə toy mərasimi keçirib. 

T.Novruzov məhkəmədə deyib ki, Qazaxıstan vətəndaşıdır və Azərbaycan ərazisində müvəqqəti yaşamaq icazəsi əsasında yaşayır, vergi uçotunda qeydiyyatda olan fərdi sahibkardır: "1 oktyabr 2025-ci il tarixdən sonra da müəyyən sayda toy sifarişləri qəbul etmişəm. Həmin şadlıq sarayının müəyyən zəruri xərcləri var və həmin xərcləri ödəmək, pul qazanmaq üçün şadlıq sarayını işlətməyə məcbur olmuşam. Elman Novruzovun mənimlə razılığa gəməməkdə məqsədi şadlıq sarayından pul qazanmağıma əngəl yaratmaqdır".

Məhkəmənin hökmü ilə haqqında icraat aparılan sahibkar İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2.500 manat məbləğində cərimə edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook