Lənkəranda Milli Teatr Günü qeyd olunub
Mart 10
11:35
2016
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Xalq Artisti Qabil Quliyev və aktrisa Aynur Əhmədova Azərbaycanda Milli Teatrın yaranma tarixindən, Lənkəran teatrının inkişaf yolundan və yaradıcılıq planlarından danışıblar.
Qeyd olunub ki, ölkəmizdə mədəniyyət və incəsənətin bütün sahələri kimi, teatrın inkişafına da dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən hər il martın 10-nun ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilməsi bu qayğının bariz nümunəsidir.
Bildirilib ki, əsası 125 il əvvəl qoyulmuş Lənkəran teatrının Azərbaycan incəsənətinin inkişafında özünəməxsus yeri var. Yaradıcı kollektiv respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda uğurla çıxış edir.
Diqqətə çatdırılıb ki, bu ilin yanvar ayında Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi İran İslam Respublikasında keçirilən XXXIV Beynəlxalq Fəcr Festivalında ölkəmizi uğurla təmsil edib. Lənkəranlı aktyorların İranın Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirdikləri "İlan Sultan” səhnə əsəri festivalın "Ən yaxşı tamaşası” adına layiq görülüb.
Məlumat verilib ki, hazırda Lənkəran teatrında Əməkdar Artist Adil Zeynalovun quruluşunda yazıçı-dramaturq Əli Əmirlinin "Köhnə ev” pyesinin məşqləri gedir. Builki teatr mövsümündə, həmçinin M.F.Axunzadənin "Hacı Qara”, italyan dramaturqu L.Lunarinin "Üç nəfər yelləncəkdə” və bir neçə uşaq əsərinin də tamaşaya qoyulması nəzərdə tutulub.
Tədbirdə Lənkəran bələdiyyəsinin təsis etdiyi "İlin incəsənət adamı” nominasiyası üzrə diplom teatrın direktoru Tofiq Heydərova təqdim olunub.
Mərasimdə teatrın aktyorlarının ifasında Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri”, Üzeyir Hacıbəylinin "Olanlardan-keçənlərdən”, Aldo Nikolainin "Dəmir sinif”, Rafiq Rəhimlinin "Ağ kəlağayı” və Bəhram Beyzayinin "İlan Sultan” tamaşalarından parçalar nümayiş etdirilib.
Qlobal.az