SON XƏBƏR

Lənkəran İcra Hakimiyyəti vətəndaşların etirazına cavab verdi

Dekabr 20
18:32 2019
Dekabr ayının 17-də Lənkəran rayonunun Kərgəlan kənd sakinləri Hüseynov Valeh Ədalət oğlu və Hüseynov Sədaqət Həsən oğlu Arqument.Az saytına şikayət məktubu göndərərək Lənkəran rayon İcra Hakimiyyətinin və rayonun digər aidiyyatı qurumlarının onların probleminə biganə yanaşdığını yazırdılar. 
 
Şikayətçilər Lənkəran rayonunun Kərgəlan kəndində onlara məxsus payıbəlli torpaqların kimlərsə tərəfindən satıldığını, əkin sahələrinə gedə bilmədiklərini qeyd edirdilər. 
 
Lənkəran Rayon İcra Hakimiyyəti sözügedən məsələ ilə bağlı Arqument.az-a məktub göndərərək mövqe bildirib.

"Məlumat üçün bildiririk ki, vətəndaş Hüseynov Valeh Ədalət oğlu Kərgəlan kəndi ərazisində kənd sakinlərinə məxsus pay torpaq sahələrini notarial qaydada almış (802013081597 reyestr nömrəsi ilə 0.41 ha, 802013080891 reyestr nömrəsi ilə 0.37 ha və 802013081742 reyestr nömrəsi ilə 0.1119 ha) və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Hazırda sözügedən torpaq sahələrində vətəndaşın atası Ədalət Hüseynov tərəfindən buğda əkini aparılıb. 
 
Eyni zamanda aparılan araşdırılmadan məlum olmuşdur ki, kənd sakini Hüseynov Sədaqət Həsən oğlu, eləcə də Hüseynov Valeh Ədalət oğlu kəndin baş planına əsasən ümumi istifadədə olan yolu qanunsuz zəbt edərək əkin aparılıb. 

Bu səbəbdən V. Hüseynovun və digər 6 (altı) mülkiyyətçinin pay torpaq sahələrinə gedən yol bağlanıb. 
 
Kərgəlan bələdiyyəsi tərəfindən S.Hüseynova və qardaşı oğlu V. Hüseynova qanunsuz zəbt etdikləri yolun buraxılması bildirilsə də vətəndaşlar sözügedən ərazinin onlara məxsus olduğunu əsas gətirərək zəbtdən azad etməyiblər. Bu səbəbdən həmin istiqamətdə mülkiyyətçi olan kənd sakini Rzayev Sahib Sərraf oğluna müvəqqəti olaraq taxılın biçininədək həmsərhəd olan pay torpaq sahəsindən alternativ yolun verilməsi təmin edilib. Belə ki, vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin yerləşdiyi istiqamətdə Aqrar İslahat vaxtı bölünmüş torpaq sahələrində çatışmamazlıq yaranıb. Həmin çatışmamazlığın aradan qaldırılmasından ötrü rayon ərazisində Elektron kadastr işlərinin bitməsindən sonra kəndin digər istiqamətində mülkiyyətçilərə əlavə torpaq sahələrinin verilməsinin təmin ediləcəyi izah olunub.
 
Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq Valeh Hüseynova mülkiyyətində olan pay torpaq sahələrinə gedən yolun zəbt olunmasının araşdırılmasından ötrü aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə, idarənin mütəxəssisləri tərəfindən aparılan ölçü işləri ilə əlaqədar hər hansı bir uyğunsuzluq yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq məsələnin qanunamüvafiq həllindən ötrü Kərgəlan bələdiyyəsi tərəfindən məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunub".
 
Lənkəran Şəhər İcra Hakimiyyəti Arqument.az-a göndərdiyi açıqlamasında şikayətçilərin İcra Hakimiyyəti başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir Xalid Rəhimov barəsində səsləndirdiyi fikirlərə də aydınlıq gətirib: "Həmçinin bildiririk ki, V.Hüseynovun məktubda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir Xalid Rəhimov barəsində qeyd etdikləri həqiqətə uyğun deyil, qərəzli və böhtan xarakterlidir".
 
Xatırladaq ki, Lənkəran rayonunun Kərgəlan kənd sakinləri Hüseynov Valeh Ədalət oğlu və Hüseynov Sədaqət Həsən oğlu şikayətlərində əkin sahələrinin onlara məxsus olan sənədlərdə göstərilən koordinatlarla eyni olduğunu bildirirək torpaqların başqalarına satıldığını iddia edirdilər. 

Onlar eyni zamanda İcra başçısının müavinin onların şikayətlərinə səhlənkar yanaşdığını əsas gətirirək dəfələrlə Prezident Administrasiyasına, Milli Məclisə, Heydər Əliyev Fonduna qəbula getdiklərini bildirirdilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook