Ləkərçay qazılır, çayətrafı yaşıllıqlar məhv edilir, əkin sahələri susuz qalır
Dekabr 10
00:30
2021
Kəndlilər "Kaspi Yıldız” şirkətinin fəaliyyətindən narazıdır
"Sahələri məhv edirlər, çınqılı, torpağı daşıyırlar, çayın dibi 15 metrdən çox qazılıb, bu isə torpağın altında boşluqlar yaranmasına səbəb olub. Bir müddətdən sonra buralar da sürüşmə zonasına çevriləcək”.
Bir neçə gün əvvəl Lənkəranın Təngivan kənd sakinləri Meydan TV-yə müraciət edərək Lənkərançayda aparılan qazıntıya görə çayətrafı ərazilərin dağıdıldığını deyirdi.
"Fövqəladə Hallar Nazirliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldilər, onların gəlişindən sonra çınqıl zavodu işi dayandırdı, ancaq bir həftədən sonra yenə işə başladı. Hər yeri viran qoyublar, qaza-qaza gəlib kəndin içərisinə çatıblar. Bu gedişlə kəndimizdə bircə ailə də qalmayacaq, hamı başını götürüb köçəcək buralardan”.
Ləkərçay Lənkərançayın bir qoludur, Lerik və Lənkəran rayonları ərazisindən axır. Uzunluğu 84 km, hövzəsinin sahəsi 98 km²-dir. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən başlayır. Çayətrafı kəndlərdəki əkin sahələrinin suvarma suyu əvvəllər bu çaydan götürülürdü. Ancaq "Kaspi Yıldız” şirkətinin illərdir ki, çayın yatağında çınqıla görə qazıntı işləri aparması kəndliləri çaydan uzaq salıb.
Kənd sakini Ağalar Əliyev danışır: "Mən bu çayın halına ağlayıram. Uşaqlığım bu çayın kənarında keçib. Sahələrimizi bu çayın suyuyla suvarırdıq. İndi sahələrimiz də susuz qalıb. Qaza-qaza gəlib kəndin içərisinə çıxıblar. İndi biz nə edək, dədə-baba yurdumuzu atıb, başımızı götürüb gedək? Axı bu çay bizim təbii sərvətimizdir, bu boyda çayı, onun sahilini, bu boyda yaşıllıqları, əkin sahələrini, yollarımızı, kəndimizi bir işbazın tamahına qurban vermək olmaz. Tökür texnikaları çaya, dibini qazır, daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt”inə dəfələrlə zəng etmişik, nazirliyin aidiyyəti üzrə departamentdən gəldilər, baxış keçirtdilər, işi dayandırdılar, sonra iş yenə davam etdi”.
Samir Qurbanov onu da bildirib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
"Kaspi Yıldız” MMC-nin Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsus olduğu bildirilir. Bu il "Kapitalbank” həm ona, həm qardşaı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı.
Bu ilin fevralında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsini dövlət büdcəsinə olan borcuna görə məhkəməyə vermişdi.
Meydan TV "Kaspi Yıldız” MMC-nin rəhbərliyi, eləcə də İqbal Məmmədov ilə əlaqə saxlaya bilməyib.
Bundan əvvəl Piran sakinləri Meydan TV-yə müraciət edərək kənd ərazisində fəaliyyət göstərən və İqbal Məmmədova məxsus olduğu bildirilən quşçuluq təsərrüfatlarının da ekologiyaya zərər vurmasından şikayətlənmişdilər.
1 il əvvəlsə Astarada su çəkilişində fəhləlik etmiş bir qrup sakin Astarada yerləşən "Relax” istirahət Mərkəzinin qarşısında aksiya keçirərək maaşlarını tələb etmişdilər. İddia edirdilər ki, onları su çəkilişində işlədən "Kaspian Yıldız” şirkəti pullarını ödəmir, fəhlələr borcun İqbal Məmmədov tərəfindən ödənilməsini tələb edirdilər. Şirkətin ofisi "Relax”ın həyətində yerləşdiyi üçün onlar istirahət mərkəzinin giriş və çıxışını bağlamışdılar.
Qlobal.az