SON XƏBƏR

Laçınlı rejissorun filmi beynəlxalq mükafat qazandı

Fevral 09
21:08 2016
Azərbaycan istehsalı olan iki film Çində birinci Asiya beynəlxalq qısametrajlı filmlər festivalının xüsusi mükafatına layiq görülüb.
 
Qlobal.az-ın AZƏRTACA istinadən verdiyi məlumata görə Azərbaycanın Çindəki səfirliyi mədəniyyətimizin, incəsənətimizin bu ölkədə geniş təbliği istiqamətində gördüyü işlər çərçivəsində Amil Məmiyevin "Qara bağ” və Fariz Əhmədovun "Mayak” qısametrajlı bədii filmlərini festivala təqdim etmişdi.
 
Müxtəlif ölkələrdən 300-dək filmin iştirak etdiyi festivalın sonunda ayrı-ayrı nominasiyalar üzrə qalib filmlər seçilib. "Qara bağ” və "Mayak” filmləri festivalın xüsusi mükafatını qazanıb. Bununla əlaqədar festivalın təşkilat komitəsindən Azərbaycanın Çindəki səfirliyinə məktub daxil olub.
 
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınmış "Qara bağ” bədii filmində məcburi köçkünlərin yaşayış tərzi, Qarabağ həsrəti bir sıra metaforik simvollarla göstərilir.
 
Filmin adı "Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. "Mayak” isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu Fariz Əhmədovun diplom işidir.
 
Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib kinolayihələrindən olan "Mayak” dramında mövzu ata-oğul münasibətidir.
 
Xatırladaq ki,"Qara bağ” filminin rejissoru Amil Məmiyev Laçın rayonundandır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook