Laçınlı gənc kinorejissor: Filmimdə müsbət erməni obrazı yaradacam
Avqust 09
13:02
2016
Son illər Azərbaycanda kino sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq kino sənətinin hər bir sahəsində yeni istedadlı gənc nəsil yetişib. Bu gənclərdən biri də kinorejissor Amil Məmiyevdir. Amil Məmiyevin müəllifi olduğu "Qara bağ" filmi vətənpərvərliklə bağlı ən uğurlu filmlərdəndir. Bir çox beynəlxalq festivallarda iştirak etmiş "Qara bağ" filmi 2 avqustda "Milli Kino Günü"ndə Nizami Kino Mərkəzində nümayiş olundu.
Qlobal.az gənc kinorejissor Amil Məmiyevlə müsahibəni təqdim edir:
- Amil
bir az özün haqqında məlumat ver, necə oldu ki, rejissorluq sənətini seçdin?
- Mən
əslən Laçın şəhərində anadan olmuşam. Xırdalanda yerləşən Laçın şəhər 1 saylı
orta məktəbi bitirmişəm. Artıq 11-ci sinfin sonlarına yaxın qərar verdim ki, kinorejissor olacağam. Bu zamana kimi
ikinci qrupa hazırlaşırdım. İmtahana bir-iki ay qalmış üçüncü qrupa
hazırlaşmağa başladım. Düzdür, evdən heç kim razı deyildi bu sahəni seçim.
Ancaq qərarımın qətiliyini görüb razılaşmağa məcbur oldular. 2007-ci ildə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul
oldum. Universitetdə əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin
kino kursları marağımı cəlb etdi. Rejissorluq başqadır, kinorejissorluq başqa.
Cəmil Quliyevin müəllimlik etdiyi kino
kurslarına 2 il getdikdən sonra artıq hiss etdim ki, kinorejissorluq həyatımın
ayrılmaz hissəsinə çevrilir.Bu kurslardan sonra məndə həm maraq, həm də ehtiyac
yaranmışdı ki, kinorejissorluğun incəliklərini, yeni inkişaf mərhələsini mənimsəməkdən
ötəri mütləq Moskvaya oxumağa getməliyəm. İncəsənət universitetini bitirdikdən
sonra hərbi xidmətə getdim. Hərbi xidmətimi başa vurduqdan sonra Ümumrusiya
Dövlət Kinematoqrafiya Universitetinə (ВГИК) imtahan verdim və qəbul oldum.
Bildiyiniz kimi ÜDKU dünyanın ən birinci
kinematoqrafiya universitetidir. Düzdür,
ADMİU da yaxşı universitetdir və tanınmış kinorejissorlar dərs deyirlər, ancaq
ÜDKU beynəlmiləldir. Burda sənət mübadiləsi var və İncəsənət Universitetində
bizə dərs deyən müəllimlərin əksəriyyəti Moskvada təhsil alıblar. Böyük çətinliklərlə
olsa da, ÜDKU-də təhsilimi 2013-2015 ci illərdə davam etdirdim. Qeyd edim ki,
Moskvada universitetə özüm qəbul olsam da, oxumağım dövlət hesabına oldu. Möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı əsasında Azərbaycan
Kinematoqrafiyasının inkişafı ilə bağlı 2013- 2018-ci illəri əhatə edən dövlət
proqramı var. Proqrama uyğun olaraq
xarici ölkələrə təhsil almağa gedən gənclərin maddi xərclərini dövlət ödəyir.
Mən də ÜDMU-nə qəbul olduqdan sonra Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinə
müraciət etdim. Çox sağ olsunlar ki, mənim təhsil xərcimə kömək etdilər. Təhsilimə
göstərdikləri dəstəyə görə dövlətimizin başçısı İlham Əliyev cənablarına, Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev cənablarına bir daha təşəkkür edirəm.
- Bayaq
sənət mübadiləsindən danışdınız, ÜDMU-də necədir sənət mübadiləsi?
- ÜDMU-i
çox zəngin universitetdir. Burada görkəmli kino mütəxəssisləri çalışır. Hər bir
şəxs üçün olduqca geniş perspektivlər var. Ancaq qəribçilik də var. Daima istəyirsən
ki, vətəndə olasan. Moskvada ermənilər hədsiz dərəcədə çoxdurlar.
- Müəllimlər
yoxsa tələbələr?
- Xeyr,
müəllimlər az idi. Universitetin prorektoru Karapetyan soyadlı erməni idi.
Düzdür onun bizimlə işi yox idi. Burada əsas prinsip sənətdir. Hamı öz işini
görür. Ancaq müəyyən zamanda əlbəttə ki, "qırağaçıxmalar” da olurdu. Erməni
qrup yoldaşım var idi , o da Qarabağ haqqında film çəkmişdi. Mən də Qarabağ
haqqında film çəkmişdim. Diplom işimə "Kann” mükafatının qalibi olan ssenarist
Arabov rəhbərlik edirdi. Diplomumda imzası var. Bundan başqa masterlərim Denis
Rodimin və Vladimir Alekseyeviç Fençenko Rusiyanın çox tanınmış pedaqoqları və
kino adamlarıdı.
Rejissoru
olduğum "Qara bağ” filminin ssenarisi də mənə aiddir. İlk olaraq Azərbaycanfilm
kinostudiyasının keçirdiyi müsabiqədə iki ssenarim qalib oldu və "Qara bağ”
ssenarisi də qalib ssenarilərdən biri idi. Müsabiqənin şərti də belə idi ki,
qalib olan ssenariyə dövlətin maliyyəsi hesabına film çəkiləcəkdi.- "Qara
bağ” filmi ilk filminizdir?
- İncəsənət
universitetində oxuyanda öz hesabıma "Qara bağ” filmindən əvvəl 10 qısametrajlı
film çəkmişəm. Ancaq Moskvada oxuduğum ərəfədə diplom işi olaraq professional
film lazım idi. "Qara bağ” filmi mənim ilk debüt professional filmimdir.
- Prorektorunuz
Karapetyan "Qara bağ”-a baxıb?
- Karapetyan
bizim imtahanlarda iştirak etmirdi. Sonralar Karapetyanın bu filmə
baxıb-baxmadığından xəbərim olmadı. Bilirsiz, ÜDMU-i beynəlmiləl
universitetdir. Burada siyasi məsələlər, millətlərarası milli maraqları əsas
meyar kimi götürülmür . Əsas olan sənətdir,kinodur. Kinonun bir ali məqsədi
var.İnsani dəyərləri insanlara çatdırmaq və dünyanı yaxşı mənada dəyişmək.
- "Qara
bağ” filminin digər vətənpərvərliklə bağlı olan filmlərdən fərqi nədədir?
- Azərbaycanda
vətənpərvərliklə bağlı son zamanlar kifayət qədər film çəkilib. Müəllif olaraq
çalışmışam ki, metaforalardan, simvolikalardan istifadə edərək fərqli bir film ortaya qoyum. Düzdür, buna nə
qədər nail olduğumu tamaşaçılar deyə bilər. Bu film həm də mənim
yaşantılarımdır. Çünki mən özüm də Qarabağlıyam- Laçınlıyam. Mənim doğulduğum
torpaqları ermənilər işğal edib. "Qara bağ” filmindəki baş qəhrəmanın Vidadi
Əliyevin oynadığı baba obrazı mənim babamın prototipidir. Yeri gəlmişkən qeyd
edim ki, Vidadi Əliyevi doğma babam kimi sevirəm. O, teatrımızın nəhənglərindəndir.
Uzun illər İrəvan Dövlət Dram teatrında çalışıb. "Qara bağ”dakı "baba”nın
oğulları da öz əmilərimdir, atamdır. Bu film ancaq özümün və eləcə də mənim
kimi yüz minlərlə həmvətənimin yaşadıqlarıdır. Bu filmin bəlkə də uğurlu
alınmağının ən başlıca səbəblərindən biri də budur ki, hər bir tamaşaçı özünü,
yaxud ən yaxınını o filmdə görə bilir.
- "Qara
bağ”ın digər vətənpərvərliklə bağlı olan filmlərdən bir fərqi də budur ki,
burada ermənilərin xalqımıza etdikləri zülmün sonrakı sonrakı təzahürləri göstərilir.
- Bəli.
Əlbəttə obrazı erməni olmadan, güllə atmadan da Qarabağla bağlı uğurlu film çəkmək
olar.
- "Qara
bağ” filminin çəkilişləri harada aparıldı?
- Yaradıcı
heyət olaraq məkan seçimində Azərbaycanın xeyli bölgəsində olduq. Qaçqınlar və
məcburi köçkünlər üçün dövlətimizin inşa etdiyi bir çox qəsəbələrə baxış
keçirtdik. Sonda Hacıqabul rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbəni
seçdik. "Azərbaycanfilm kinostudiyası”nın direktoru Müşfiq müəllim bizə, demək
olar ki, bütün mərhələlərdə yardımçı oldu. Düzdür, o, həm də filmin baş
prodüseri idi, ancaq prodüserlikdən əlavə də bizə filmimizin yaxşı alınması
üçün özünü bu işə səfərbər etdi.
- Filmi
niyə Laçınlıların yaşadığı qəsəbələrdə çəkmədiniz?
- Biz
əslində Laçınlıların yaşadıqları qəsəbələrə gedib baxdıq. Ancaq...
- Yol
uzaq idi?
- Xeyr.
Hacıqabulda olan qəsəbə daha yaxşı idi. Səliqəli, qırmızı evlər...
- Yox,
bu qəsəbələr hər yerdə standartdır...
- Ağcabədidə
Laçınlılar üçün inşa edilən qəsəbə çoxdan tikilib. Sakinlər tərəfindən əlavə
yardımçı tikililər tikilib. Əkilən ağaclar böyüyüb. Qəsəbənin forması belə deyək
itib. Qəsəbədən çox kənd ruhu var burada. Faktura pozulmuşdu.
- Qəsəbənin
fakturasını çatdırmaq bu qədərmi vacib idi?
- Tamaşaçı
üçün və kinematoqrafiq kompozisiyalar üçün maraqlıdır...
- Yoxsa
Azərbaycan dövlətinin vətəndaşlarına qayğısını, iqtisadi gücünü göstərmək istəyirdin
Moskvada?
- (Gülür)
Yox, əslində Moskvada Ermənistandan fərqli olaraq Azərbaycanın iqtisadi gücünün
nəyə qadir olduğundan kifayət qədər xəbərdardılar. Əslində rejissor kimi qəsəbədə
çəkilən kadrlarda təbiiliyi saxlamışam.
- Filmdə
bir süjet var. Xəbərlərlə bağlı olan süjeti deyirəm. Bu süjet üçün ATV-nin
diktorunun- Lalə Azərtaşın seçilməsinin səbəbi nədir?
- Bu
süjet ötən ilin yayında çəkildi. Bu kadr
mediaya da sızdırıldı. Qalmaqallar oldu. Ajiotaj yarandı. Ancaq bunu həll edə
bildik. Azərbaycan xalqı ən azından "Qara bağ” filminin 15 saniyəsinə baxıb. Bu
süjet çox həyəcanlı süjetdir. O zaman bir çox təkliflər oldu. Başqa kanallar da
təklif olundu. Ancaq ATV-yə üstünlük verdik...
- Niyə
Lalə Azərtaşı seçdiniz, bu reytinq üçün idi?
- Xeyr.
Əslində diktor rolunda hansısa aktyorun çəkilməyi də gündəmdə idi. Ancaq biz
Lalə Azərtaşa üstünlük verdik.
- Niyə
ANS-i, Mirşahini seçmədiniz? Səngərdə yaranan TV-dir, daima Qarabağdan danışıb.
Məncə Mirşahinin Qarabağın azad edilməsini efirdə elan etməyə daha çox haqqı
var.
- Bilirsiz,
ANS mənə çox doğma kanaldı.Məhz ANS-in rəhbərliyi "Qara bağ” filminə baxdıqdan
sonra ANS-də çalışmağa başladım və hətta Abşeron adlı serialın rejissorluğu mənə
həvalə olundu.Şəxsən telekanalın rəhbəri hörmətli Vahid Mustafayev mənə bir gənc
rejissor olaraq həmişə dəstək olub və işlərimdə mənə yardımçı olub. Hətta
xarici festivalların birinə gedəndə mənim bütün xərcimi öz üzərinə götürmüşdü.
Bunların heç birini unuda bilmərəm. Bir sözlə ANS televiziyası, "Bakıfilm”
kinostudiyası mənim üçün bir məktəb olub və fəxr edirəm ki, qısa da olsa o məktəbi
mən də keçmişəm. Elə bağlanana kimi də orada çalışmışam. İnanıram və ümid edirəm
ki, ANS yenidən efirə qayıdacaq. Film məsələsinə gəldikdə onu deyim ki, o zaman
ilk müraciət etdiyimiz Tv ATV oldu və onlar da çox sağ olsunlar ki, razılıq
verdilər. O epizodu başqa pavilyonda da çəkmək olardı. Ancaq düşündüm ki, indiki
qədər effekt olmayacaqdı. Qarabağ mövzusu real olduğu üçün bu filmdə də
olanların hamısı real olmalı idi. Diktor olaraq Lalə Azərtacın seçilməyinin
reytinqə hesablanma məsələsi isə məncə bu normal bir şeydir. Lalə xanım gözəl və
peşəkar aparıcıdı.Hətta o Qarabağın alınma xəbəri oxuyanda neçə dublda ağladı hətta.
- Rejissor
olaraq sonradan öz filminizdə tənqidi baxış keçirdinizmi?
- Əlbəttə,
artıq 1 il keçib filmin çəkilişlərindən. Filmə baxdıqca hərdən düşünürəm ki,
başqa cür də çəkə bilərdim. Belə şeylər təbii ki, olur. Texniki tərəfdən səhvlər
var idi. Gələcəkdə çalışacam ki bu kimi səhvlər olmasın. İlk film olduğundan məncə
tamaşaçılar bağışlayar səhvimizi.
- Filmdə
bir epizod var. Həkimlə xəstənin oğullarının dialoqu. Bu dialoqdakı emosiyadan
razısınızmı?
- Məncə
bu dialoqda kifayət qədər emosiya var. Burada acı xəbəri eşidən övladlar özlərini
təmkinli aparmağa məcburdurlar, çünki hər şeydən xəbərsiz qoca ataları maşında
onları gözləyir. Əslində bu övladlar əvvəlcədən özlərini psixoloji cəhətdən pis
xəbərə hazırlamışdırlar. Həkimə gəldikdə isə bu cür emosiya daha dəqiq desəm
emosiyasızlıq reallıqda hər bir həkimə xasdır. Onlar " sənin xəstəliyin xərçəngdir”
və yaxud "sənin bir həftə ömrün qalıb” sözünü insanlara çox asan formada deyə
bilirlər.
- Filmin
finalında bir səhnə var. "Dilək ağacı”nın baltalanmaq səhnəsi. O ağac
doğrudanmı baltalandı?
- O
"dilək ağacı” gilas agacıdı. Bəli, doğrudan baltalandı...
- Bəs
ekologiya nazirliyindən qorxmadınız, onlar başqaları ağac kəsəndə cərimələyirlər...
- Əslində
o ağac böyük bir budaqdır. Özümüzlə qəsəbəyə aparmışdıq. Quyu qazıb basdırdıq.
O ağacın üzərindəki qara lentlərin hər birini
rəssam işləyib. Yəni ağac dekor kimi bir şey idi və heç bir cərimədən
söhbət gedə bilməzdi.
- 2
avqust kino günündə "Qara bağ” filmi Nizami adına Kino Mərkəzində nümayiş
olundu. Bu tamaşaçılarla filmin ilk görüşü idi?
- Xeyr,
bundan əvvəl Şuşanın işğalı günündə "Qara bağ” filmi Nizami Kino Mərkəzinin
kiçik zalında nümayiş olundu. Gənc və istedadlı rejissor dostum Ayşad Səfərəliyevin
İnikas filmi ilə birgə. Tamaşaçılar demək olar ki, kino adamlarını əhatə
edirdi. Geniş tamaşaçı auditoriyası yoxuydu. Film bu nümayişdən sonra Almanaxa
salındı və avqust ayında Azərbaycan Kino Günündə nümayiş olundu.
- "Qara
bağ”ı qarşıda hansı festival gözləyir?
- "Qara
bağ” filmi indi nümayiş olunsa da artıq hər şeyi qabaqlayıb həm yerli həm də
xarici festivalda qalib olub. Azərbaycanda Heydər Əliyev Fondunun və Ailə,
Qadın və Uşaq Komitəsinin birgə keçirdiyi "Azərbaycan ailəsi 2015"
Film Festivalında Ən yaxşı film nominasiyaı üzrə qalib oldu. Bundan sonra isə təbii
ki istəyirdim ki, filmim həm də xarici festivallarda iştirak etsin və belə də
oldu. Çində keçirilən Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər
Festivalında "Qara bağ” filmi xüsusi mükafata layiq görüldü. Bu isə "Qara bağ”
filminin beynəlxalq müstəvidə ilk mükafatı idi. Bundan əlavə Türkiyə keçirilən
Rotary film festivalında və İranda keçirilən Beynəlxalq Fəcr Film Festivalında
ölkəmizi gənc rejissor olaraq təmsil etmişəm.
İndi
sentyabrdan festivallar başlayır. Özüm də diqqətlə maraqlanıram, izləyirəm.
Düzdür, bu festivallarda məhdudiyyətlər, şərtlər çoxdur. Filmim siyasi
çalarlıdır deyə bir çox festivala gedə bilmir. Bu film deyərdim ki, sırf Azərbaycanlı
tamaşaçısı üçün çəkilib. Azərbaycan tamaşaçısının diqqəti bu filmə daha
böyükdür. Əlavə olaraq onu da deyim ki, bu cür festivallarda ən çox 20 dəqiqəlik
filmlərə yer verilir. "Qara bağ” filmi isə 26 dəqiqədir. Bu da bizim müəyyən mənada
işimizi əngəlləyir. Ancaq ən çox Dağlıq Qarabağ məsələsinə görə maneçiliklər
olur. Festivallarda siyasi münaqişələr müstəvisindən bəhs edən filmlərə maraqlı
deyillər. Ancaq yenə də çalışırıq.
- Yaradıcılığınızda
başqa nə yeniliklər var?
- Ssenarilərim
çoxdur. Hazırda yeddi ssenarim var. Bunların içərisində kommersiya xarakterli
olanlar da var. Müntəzəm olaraq ayrı-ayrılıqda üzərlərində işləyirəm. Vətənpərvərlik,
idman, sevgi, melodrama və müəllif filmləri... Ümid edirəm ki, onlar da nə vaxtsa
filmə çevriləcəklər.
- Azərbaycanda
"yeni istedadlı kinorejissorlar nəsli yetişir” demək olarmı?
- Əlbəttə,
Azərbaycanda kifayət qədər istedadlı gənc rejissorlar var. Misal üçün elə bayaq
adını çəkdiyim Ayşad Səfərəliyev. Ayşad Səfərəliyev mistika janrında Qarabağ
mövzusuna özünəməxsus şəkildə toxunub. Filmi Qırğızıstanda mükafata da layiq
görülüb. Yetərincə potensialı olan rejissordu. O da mənim kimi Moskvada təhsil
alıb. Bundan savayı aktyor dostumuz Ülvi Carçıyevin adını çəkə bilərəm.
Moskvada və bir neçə ölkədə filmlərə çəkilib.Perspektivi
və texnikası olan və kamera ilə işləməyi bacaran bir aktyordur. Başqa ssenarist
Orxan Səmədovun adını çəkə bilərəm.Orxan da hal-hazırda Moskvada təhsil alır və
ümid edirəm ki Orxan da Azərbaycanın gələcək tanınmış ssenaristlərindən biri
olacaq. Dostum Ayşadla bir yerdə Ülvi baş rolda olmaqla yaxınlarda kommersiya
filmimizin çəkilişlərinə başlamağı planlaşdırırıq. Kino komanda işidi. Öz
düşündüyün kimi və öz zövqündə ola biləcək adamlarla çalışanda iş daha maraqlı
və daha keyfiyyətli olur. İnanıram ki adlarını çəkdiyim dostlarımla çox uğurlu
bir iş ortaya qoya biləcəyik.
- Bir
rejissor kimi nə vaxtsa filmində müsbət erməni obrazı yaratmağı düşünmüsünüz?
- Müsbət erməni?
- Bəli.
- (Düşünür)...
Mənim bu cür bir ssenarim var. Düzdür erməni mübət obraz deyil tam olaraq. Mən
bu cür mövzulara- millətlərarası mübahisəli münasibətlərə bir az sənət nöqteyi-
nəzərindən kospmopolit yanaşmağın tərəfdarıyam. Atamın iki əmisi oğlu Qarabağda
şəhid olub. Xeyli qohum-əqrabam Qarabağ müharibəsində əlil olub.Torpaqlarımızda
didərgin düşmüşük,vaxtı ilə hətta vaqonda da yaşamışıq. Bir insanın illərlə
qurub yaratdığı evində indi başqalarının,aidiyyatı olmayan insanların yaşaması
sadəcə dəhşətdir. Ancaq illər keçəcək. Xalqlar müharibəsiz yaşamağın gözəlliyini
anlayacaqlar. Sülhsüz yaşamaq mümkün deyil. Moskvada oxuyanda universitetdə bəzən
təsadüfən liftə erməni ilə birgə minirdim. Çox qəribə hisslər keçirirdim.
Yazdığım bir ssenaridə açığını desəm müsbət erməni obrazı var. O obrazda erməni
obrazı müsbət olsada o,məhz öz millətindən olan ermənilərin törətdiyi vəhşiliklərin
qurbanı olur.
- Erməni
öz "erməniliyinə” dözə bilmir, "partlayır”...
- Bəli,
tamamilə doğrudur. O senarimdə bir erməni ailəsi var. Valideynləri türklərə
qarşı amansızdırlar. Ancaq uşaq bunun əleyhinə çıxır...
- Deməli
problemin həlli gələcək nəsilərə ötürülür?
- Qismən.
Hər iki halda gələcək nəsillərin məsuliyyəti daha böyükdür!
Qlobal.az