SON XƏBƏR

Laçında nə qədər əhali yaşayır? (RƏSMİ)

Avqust 26
16:02 2024
Bu günədək Laçın rayonuna 3069 nəfər (828 ailə) yerli sakin köçürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") məlumat yayıb.

Bildirilib ki, ötən iki il ərzində şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Rabitə-kommunikasiya xətləri yenilənib, müasir infrastruktur qurulub. İndiyədək 2031 nəfər yerli sakin doğma şəhərə qayıdıb.

Həmçinin qeyd edilib ki, Laçın rayonunun yenidən tikilmiş Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlərin daimi məskunlaşması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən isə məlumat verilib ki, indiyədək Laçında 950-dən çox sakinin məşğulluğu təmin edilib:

"Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində dogma yurd yerlərinə - Laçın şəhərinə və Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir. Agentlik tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub. O, cümlədən 32 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğuna dəstək işləri aparılır. Laçına köçürülən sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Laçın şəhəri 2022-ci il avqustun 26-da işğaldan azad edilib. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook