Laçın niyə işğal olundu- Xəyanət, Xaos, yoxsa.?! - Sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ II hissə)
May 17
22:13
2017
Laçın rayonunun Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmağının 25 ili tamam olur. Laçın rayonunun işğalı ilə əlaqədar olaraq Qlobal.az İnformasiya Portalının "Komandirlər Danışır..!" layihəsinin növbəti qonağı 811 saylı Laçın Alayının qərargah rəisi olmuş Rafiq Nağıyevdir.
(İkinci hissə)
- Ancaq
Çingiz Mustafayevin çəkdiklərinin arasında döyüş səhnələri də var.
- Sizə
bir şeyi deyim. O vaxt Çingiz Mustafayev bir dəstə adamı götürüb apardı əvvəldən
təyin etdiyi bir yerə. Orda yalançı döyüş səhnəsi qururlar. Biri ağaca çıxıb
güllə atır, biri yolda turbanın içinə girib atır. Çingiz də əlində kamera yüyürür
gedir turbadakının yanına. Çingizi də arxadan çəkirlər.
- O
kadr saxtadır?
- Əlbəttə.
Hərbidən az-çox anlayışı olan hər kəs bu kadra baxan kimi buradakı saxtalığı
görür. Döyüşdə əsgər ağaca çıxıb güllə atar? Və yaxud avtomatın səsi 5
kilometrdən eşidilir. Çəkiliş zamanı isə ən zəif səslər yaddaşa düşür.
Avtomatın uçuş sürəti 3 kilometrdi. İndi təsəvvür edin, o kadrda bir yerə, yəni
düşmən tərəfə həm qrad-reaktiv artilleriya atır, hansı ki, uçuş məsafəsi 15
km-dir, həm də avtomat. Daha bir maraqlı məqam isə, atəşin birtərəfli
olmasıdır. Yəni qarşıdan, düşmən tərəfdən heç bir atəş səsi eşidilmir. Qarşılıqlı
atəş yoxdur. Təsəvvür edin ki, biz tərəfdə əyilə-əyilə qaçışırlar, biri ağaca
çıxıb, biri yolda turbanın içinə girib atır, düşmən tərəfdən isə atəş səsi gəlmir.
Laçınlılar, Laçının ərazisini tanıyan insanlar bilirlər ki, o ərazidə heç bir
döyüş olmayıb.
- O
çəkilişdə məqsəd nə idi?
- O
çəkilişlərin hamısı xarici agentliklərə satılmağa hesablanıb. Mayın 9-da
Çingizin qardaşı Vahid Mustafayev rayonun Mədəniyyət evinin zirzəmisində İcra
başçısından, onun müavinindən müsahibə götürür. Və orada başçının müavini nə qədər
adamın şəhid olduğunu deyir. Bu qardaşların çəkilişləri bir-birinə uyğun gəlmir.
Bir şeyi də qeyd edim ki, Laçına atılan mərmilərin çoxu "şraper” mərmiləri idi.
Bu mərmilərin digərlərindən fərqi havada partlamalarıdır. Havada partlayır və
bu zaman iynələr yerə yağır. O iynələr zəhərlidir. Sancıldığı yerdən çıxarmaq
heç də asan deyil.
- Rafiq
müəllim, May ayının 8-də Şuşadan çıxan hərbçiləri 811 saylı alayın qərargahına
gətirdiyinizi dediniz. Bu hərbçiləri hansı formada gətirdiniz?
- Bu
hərbçilərin heç biri gəlmək istəmirdi. Hamısı deyirdi Bakıya gedirik. Əksəriyyəti
Mütəllibovçular idi. Onları gətirdik qərargaha. Xəritəni açdıq. Elbrus Orucov
da ordaydı. Dedik ki, ermənilər həqiqətən Turşsuyu alıbsa Qaladərəsində möhkəmlənmək
mümkündür. Orda müəyyənləşdirdik ki, kimlər geri qayıtmalıdır. A. Qənizadə reyd
dəstəsiylə başqa yolla Qaladərəsinə getməliydi. Məhərrəmov Rafayıl bələdçi kimi
Qənizadə ilə getdi. Ağanus tərəfdə Qənizadə Məhərrəmov Rafayıla hədə-qorxu gələrək,
texnikadan düşürüb, Qubadlı istiqamətinə getmişdi. O vaxt Kirsi alanda hərbi
formada olan bir erməni həkimin cibindən xəritə çıxmışdı. Topoqrafik xəritə
deyildi, orada nə qədər azərbaycanlı öldürüldüyü yazılırdı. Bir də Laçının
kolidor kimi açılması qeyd olunmuşdu. Xəritədə qeyd olunurdu ki, may ayının 9-u
Ermənistanla Dağlıq Qarabağın arası açılmalıydı. May ayının 17-i artıq ermənilər
Laçın şəhərinə qumbaraatanlarla hücuma keçmişdilər. Ermənilər artıq şəhərin
içindəki bütün hərəkəti görə bilirdilər. Son ana qədər bizim, yəni, 811 saylı
alayın mühafizə zolağında olan Ermənistan tərəfdən ermənilər bir addım da irəli
gələ bilməmişdirlər. Artıq mayın 18-i gecə Laçında güclü döyüşlər gedirdi. O
zaman əməliyyat idarəsinin rəisi var idi, adı yadımdan çıxıb, deyəsən indi də
işləyir, polkovnik Məhərrəm Cahangirovla birlikdə mənə dedilər ki, sizin
postlarda adamlarınız var? Dedim bəli. Dedilər ki, onları təcili çıxarın. Postlardan
əsgərləri çıxara bilməyəcəyimi dedim. Soruşdular niyə, dedim ki, Əməliyyat İdarəsinin
rəisi sizsiniz, siz əmr verin. Elbrus Orucovdan bir "Zil” maşını alıb mənə
verdilər ki, get əsgərləri postlardan çıxart. Gecə əsgərlər postlardan
çıxarıldı. May ayının 18-i Tikanlı Zəmidəydik, artıq Laçın şəhəri işğal
olunmuşdu. Laçın Ermənistan tərəfdən
artilleriyayla vurulurdu. Yanacaq daşıyan maşınımızı, tankımızı məhv etdilər.
Artıq yolu raket zərbəsi ilə vururdular. Ordular Tikanlı Zəmiyə yığılmışdı.
- Tikanlı
Zəmiylə Laçın şəhərinin məsafəsi nə qədərdir?
- Təxminən
6-7 kilometr. Ağanusda da qüvvələrimiz varıydı. Tikanlı Zəmiyə gedəndə bir
UAZ-la qarşılaşdım. Maşın dayanan kimi Şahin Musayevi tanıdım. O zaman Baş Qərargahın
rəisi idi. Elbrus Orucov da yanında idi. Aşağı düşdüm. Pal-paltarım
toz-torpağın içindəydi. Məruzə etdim. Şahin Musayev mənə nə isə demək istəyirdi
ki, qəfil ermənilər iriçaplı pulemyotlarla atəş açmağa başladı. Mənlə sürücümdən
başqa hamı yerə uzandı. Biz artıq vəziyyətə öyrəncəli idik. Maşınlara minib
geri qayıtdıq. Ermənilər geri qayıdanı vurmurdular.
- Məsafə
baxımından geri qayıdanları vura bilərdilər?
- Əlbəttə.
Onlar əsasən Laçın istiqamətinə getmək istəyənləri vururdular. Güləbird kəndinə
çatanda gördüm Şahin Musayev bir dəstə adamla dayanıb. Gedib məruzə etdim…
- Nə
məruzə etdiniz?
- Ümumi
vəziyyət barədə. Onu da qeyd edim ki, o vaxt artıq bizim alay faktiki olaraq ləğv
olunmuşdu.
- Bəs
necə məruzə etdiniz, ləğv olunmuş alayın qərargah rəisi kimi?
- Bəli.
Ləğv olunmuş alayın qərargah rəisi kimi. Şahin Musayevin heç nə vecinə də
olmadı. Elbrus Orucov qayıtdı ki, Şahin Xeyrəddinoviç mən yorulmuşam, mənə 20
gün istirahət verin. Şahin Musayev Elbrus Orucova dedi ki, get 20 gün istirahət
elə, sonra gəl mənim yanıma. Elbrus Orucov geri dönüb getmək istəyəndə mənlə
qarşılaşdı. Dayandı, dedi ki, Rafiq, mən gedirəm dincəlməyə. Dedim ki, sən
artıq öz vəzifəni yerinə yetirmisən. Dedi hansı vəzifəni? Dedim Şuşanı da,
laçını da ermənilərə verdin. Qayıtdı ki, qoy bu dəqiqə sənin haqqında da deyim.
Dedi Şahin Xeyrəddinoviç bunlar neyləsinlər? O da dedi ki, heç nə, silahlarını
təhvil verib çıxıb getsinlər evlərinə. Elbrus Orucov mənə qayıtdı ki, eşitdin?
Dedim yoldaş general bəs silahları təhvil versək bu yerləri kim qoruyacaq.
Şahin Musayevlə Elbrus Orucov ikisi birlikdə qayıdıb dedilər ki, ermənilərə
kolidor lazımıydı, onu da aldılar. Buralar onlara lazım deyil. Ancaq biz getmədik.
Qaldıq orda. Döyüşlərdə iştirak etdik. İtkilərimiz oldu. Yuxarı-Aşağı Fərəcan,
Güləbird istiqamətini mühafizə etdik,
döyüşlərdə olduq.
- Qubadlının
işğalına qədər?
- Bəli.
Yeri gəlmişkən bir şeyi qeyd edim ki, may ayının sonlarında belimdə güclü oynaq
ağrıları baş qaldırdı. 12-13 gün müalicə alıb qayıtdım.
- Rafiq
müəllim, siz 811 saylı alayın dəfələrlə ləğv olunduğunu qeyd etmisiniz. Xahiş
edirik bu barədə məlumat verin.
- 811
saylı alay 4 dəfə ləğv olunub. Heç birində də siravı heyətin xəbəri olmayıb. Və
bu alay heç zaman döyüş bölgəsini tərk etməyib.
- Bəs
alayın təminatını necə əldə edirdiniz?
- Heç
bir yerdən təminatımız yoxuydu. Təsəvvür edin ki, belimdə ağrılar baş
qaldıranda qospitalda məni qəbul etmədilər, Müdafiə Nazirliyinə getdim, dedilər
belə bir hərbi hissə yoxdur. Əsgərlərimizin ərzaq təminatını Güləbirdlilər, Səfiyanlılar
təmin edirdi. Silah-sursat sarıdan Qubadlı batalyonu köməklik edirdi. 1992-ci
ilin iyun ayının 17-də bizə Müdafiə Nazirliyindən rəsmi əmr gəldi. Qərargah rəisinin
əmrində deyilirdi: 811 saylı hərbi hissə marşla Qubadlı, Zəngilan, Cəbrayıl,
Agcabədi, Tərtər, Goranboy, Xanlar rayonlarını keçib Kəlbəcər istiqamətindən
Laçının Ərikli kəndinə getsin. Təsəvvür edin, ləğv edilən hərbi hissəyə baş
qarargah rəisi əmr verir.
- O
zaman baş qərargah rəisi kimiydi?
- Səhv
etmirəmsə Nurəddin Sadıqov idi. Biz Çijimlidə, Səfiyanda, Qazı dərəsində, Fərəcanda,
Güləbirddə olan tağım və bölüklərimizi silahları ilə birlikdə təhvil verdik
Qubadlı alayına. Qalanlarımız əmrdə göstərildiyi kimi 3 gün müddətinə müəyyən
edilmiş marşrut üzrə dislokasiya yerini dəyişdik. Biz Ağcabədidən keçən zaman
kolondan ayrılıb Meşə idarəsinə - Valeh Bərşadlının yanına getdim. Kolonu
komandir aparırdı. Meşə idarəsində Valeh Bərşadlıya məruzə etdim. Bizə
silah-sursat sarıdan kömək etmələrini xahiş etdim. Orada bizə bir neçə yeşik
patron verdilər. Sonra qayıtdım alayın yanına. Bizə əmrdə göstərilmişdi ki,
taktiki cəhətdən 701 saylı hərbi hissəyə köməklik etməliyik. Yəni 701 saylı hərbi
hissənin əmrlərini yerinə yetirməliyik. Ərzaq təminatımızı qismən ödəyirdilər.
O vaxt 701 saylı hərbi hissənin qərargahı Qamışlıda yerləşirdi. İyun ayının
20-də Qamışlıya çatdıq. Təchizat üzrə komandir müaviniylə Qamışlıya getdim. 701
saylı briqadanın komandiri Zaur Rzayevə təminat çatışmazlığını, hərbi hissənin
ləğv olunmağını dedim. Dedi bilirəm. Zaur Rzayev bir az bizi təriflədi ki, əmrsiz-filansız
döyüşürsünüz. Nə əmək haqqı alırsınız, nə pal-paltar, nə yemək. Dedi gedin mən
sizə kömək edəcəm. O zaman alayımızın şəhidlərini Şəhidlər Xiyabanında dəfn edə
bilmirdik, deyirdilər ki, belə bir həbbi hissə yoxdur. Hətta oktyabrın 18-19-da
Hoçazda 4-5 şəhidimiz oldu, onları qoymurdular şəhidlər xiyabanında dəfn edək.
Adil Əliyev adlı müavinim var idi, indi Slavyan Universitetində işləyir. O vaxt
getdi Müdafiə Nazirliyinə, orda tanışı varıydı, xahiş etdi, şəhidlərimizi Xiyabanda
dəfn etdik. Biz Ərikliyə çatandan sonra komandir Tahir Süleymanovun əmri ilə 4-ü
zabit olmaqla 7 nəfər Pircahan kəndinə kəşfiyyata getdik. Baxmayaraq ki, mənim
qərargah rəisi olaraq bu cür əməliyyatlarda iştirakım qanunla qadağan idi. Onu
da deyim ki, bizim Şamkənddə bir tağımımız var idi. Gecə yola çıxdıq. Ərazini
çox yaxşı tanıyırdım. Ancaq gecələr yol gedirdik. 3 gün yol getdik. Ərikli,
Böyük Seyidlər kəndlərində olduq.
- Bu
kəndlərdə erməni yoxuydu?
- Bu
kəndlərin heç birində erməni yoxuydu. Ermənilərin müəyyən yerlərdə postları var
idi.Məsələn, Böyük Seyidlər kəndinin üst tərəfində - Picahanda. Əsasən
yollardaydı postlar. Tıgikdə postları varıydı. Böyük Seyidlərə girmədik, üst tərəfi
ilə Pircahan çayıyla Hoçaz çayının birləşdiyi yerə - Qızıl ev deyilən yerə
getdik. Buradan Laçın şəhəri görünürdü. Həmin əraziyə çatıb 4 saat müşahidə
etdik, ətrafda heç bir canlı qüvvə yoxuydu. 4-cü saatın tamamında Hoçazın üst tərəfində
dağın yamacıyla irəliləyən atlı gördük. Atın üstündə yük varıydı. At yarım
saatdan sonra yüksüz qayıtdı. Artıq bildik ki, orda ermənilərin gizli postu
var. Məqsədimiz Laçına girib vəziyyəti müəyyənləşdirmək idi. Laçın tərəfə
qalxanda bizim olduğumuz yeri arxa tərəfdən qradla vurmağa başladılar. Bizim
713 saylı hərbi hissə idi. Ərazini binoklla müşahidə ediblər, elə biliblər erməniyik.
Ərazidə təxminən 4-5 saat gizləndik. Ermənilər xəbər tutmuşdu deyə daha irəli
getmək olmazdı. Qayıdanda yolumuz qəbiristanlıqlarımızdan düşdü, ermənilər qəbirlərimizin
başdaşılarını da güllələmişdilər. Yollarda qabağımıza maşa, oxlov, kabab şişləri
çıxırdı. Bu əşyalar atla-eşşəklə qarətə gələn ermənilərdən tökülüb qalmışdı.
Böyük Seyidlərə çatdıq. Evlərin əksəriyyəti yanmışdı. Həyətdə arı yeşikləri
varıydı, bal aşıb-daşırdı. Bülündüzdə, Ayıbabada ermənilər varıydı, amma
Sarıbabada yoxuydu. Sentyabr ayının 10-da Korpus komandiri Surət Hüseynovdan əmr
aldıq. Əmrdə Sarıbabanı, Qoruqdağı almağımız göstərilirdi. O yerlər strateji
yüksəkliklər idi, biz tərəfində erməni varıydı. Əmrdə göstərilirdi ki, ayın
11-i biz oranı tutmalıyıq, 13-ü korpus hücum edim Laçın kolidorunu bağlamalıdı.
- Deməli,
artıq Laçının azad olunmağı üçün hücum hazırlanmışdı?
- Bəli.
O vaxtadək xırda döyüşlər baş verirdi. Ancaq bu hücum genişmiqyaslı idi. Güclü
yağış yağırdı. Tahir Süleymanov bölük komandiri Xıdırov Sabiri çağırdı, məsləhətləşmək
lazım idi. Çünki əmrdə göstərilən kimi hərəkət etsəydik yüzlərlə itki verə bilərdik.
Orada danışaraq belə razılığa gəldik ki, Ərdəşəvilin böyrü ilə düşürük aşağı, bir
qısmimiz Qozlu tərəfdən Sarıbaba istiqamətində hərəkət edir, ermənilər qalır
geridə. Biz təcili yüksəkliklərdə mövqelərimizi qururuq. Geridən gələn qüvvələrimiz
hücuma keçəndə biz də gizli mövqelərimizdən onlara dəstək veririk. Plan
razılaşdırıldı. Tahir Süleymanov tapşırıq verdi, Xıdırov Sabirın bölüyünü "plaş-palatka”larla,
ratsiyayla, ərzaq və silah-sursatla tam təchiz elədilər. Tapşırıq verildi, gecəykən
bölük Sarıbabaya qalxır, torpağı qazırlar, "plaş-palatka”ları üzərlərinə örtüb
3 gün ərzində gizlənməlidirlər. 3 gündən sonra qüvvə gələcək, hücuma keçiləndə
bölük gizləndiyi yerdən çıxaraq Sarıbaba yüksəkliyindən hücuma girməlidirlər. Bölük
Ərdəşəvildən yola düşdü. Dəhşətli yağış yağırdı. Təxminən 3 saatdan sonra ratsiyayla
xəbər verdilər ki, bölük artıq müəyyənləşdirilmiş ərazidə mövqe tutub. Səhər
açıldı. Baxdıq ki, Sarıbaba dağına qar yağıb. Gecə Xıdırov Sabir digər
tağımıyla yenidən Sarıbabaya qalxdı. Qüvvələrimiz orada çox gözəl mövqe
tutmuşdu. Nə qədər diqqətlə baxsaq da, orada canlı qüvvə olduğunu sezmək mümkün
olmurdu. O vaxt korpusun əməliyyat üzrə komandiri Talıb Məmmədov yanımıza gəldi.
Dedi ki, bəs sizə əmr verilib, siz Sarıbabanı almalıydınız. Aldığım məlumata
görə, burada bir dənə də olsun güllə atılmayıb. Mən kapitan idim, o da mayoruydu,
zarafatla dedim ki, sizə güllə atılmağı lazımdı, yoxsa Sarıbabanın alınmağı?
Dedi necə bəyəm? Dedim Sarıbabanı almışıq. İnanmadı. Xəritəni açıb Sarıbabanı
göstərdim. Dedi ki, ratsiyayla deyin oradakı əsgərlərdən biri işarə versin.
Dedik, Sarıbabadan qırmızı parça yellədilər. Talıb Məmmədov da binoklla
baxırdı. Korpusa məruzə elədi. Korpus komandanlığı gəldi, özləri ilə səyyar
tualet də gətirmişdilər. 123 saylı hərbi hissə, Mudrak, A. Qənizadə də gəldi.
Komandanlıq aşağıda əməliyyat hazırlayarkən bizim Sarıbabadakı əsgərlərimiz bir
neçə mülki erməni görür. 3-4 əsgərimiz deyir ki, gedək o erməniləri tutub gətirək,
gedirlər ikisini tuturlar, ikisini yaralı götürürlər. Orada atışma düşür. Ermənilər
artıq duyuq düşür. BMP-ləri Zarıslı-Şuşa istiqamətinə qaçır. Hücum olmadı. Ə. Qənizadəylə
Mudrak Qozlu istiqamətinə getdi. İki-üç gündən sonra 123 saylı hərbi hissənin
komandiri Yura Süleymanov dedi ki, mənim başım ağrıyır, gedirəm Mingəçevirə.
Yura Süleymanov çıxıb getdi. Sarıbaba yüksəkliyi bizdəydi, oradan baxanda
Laçın, Turşsu, Şuşa ovcunun içi kimi görünürdü. Hətta Zəngilan da görünürdü. Mudrak
bizdən xəbərsiz durub gələr Bakıya. Müdafiə nazirliyinə gedib deyər ki,
Sarıbabanı almışam.
- Əməliyyatda
iştirak etməyə-etməyə?
- Bəli.
Mən bunu sonra onun özünə deyəndə dedi ki, bəs sizin alay ləğv olunub. Bizim
bütün nailiyyətlər başqalarının adına yazılırdı.
- Mudrakın
milliyyəti nə idi?
- Anası
azərbaycanlıydı, atası Bakı rusu idi.
- Deyilənlərə
görə bizim ordu o zaman Şuşanın 2 kilometrliyinədək irəliləyib.
- Yalan
sözdür. Yüksəklikdən binoklla baxırdılar, əksəriyyəti də ərazini tanımayan
zabitlərdi. Bakıya deyirdilər Şuşanı görürük. Bakıda da elə bilirdilər Şuşanın
yanındayıq. Qənizadə ilə Mudrak belə şeyləri o vaxt çox edirdilər.
- Necə?
- "Mən
soldayam, mən sağdayam, mən atıram… " Nə bilim, bu cür düzgün olmayan məlumatlarla.
Sentyabr ayının 30-da alayımızın komandiri Tahir Süleymanovla Sarıbabaya
qalxmışdıq. Oradan binoklla baxanda gördüm ki, Yığın körpüsünün yanında bir erməni
BMP-si, 4-5 dənə də erməni əsgəri samovar qalayıb, çay içirlər. O zaman bizim Müdafiə
Nazirliyinin artilleriyası da gəlmişdi. Komandirləri milliyyətcə xaxol olan Niçvinenko
adlı savadlı, Azərbaycanı çox sevən zabit idi. Müşahidə edərkən gördüm ki, erməni
tərəfdən daha 3 "Zil” maşını BMP-nin yanına gəlir.
- Niçvinenko
da postda idi?
- Xeyr,
Müdafiə Nazirliyindən gələn adamlar korpusun nümayəndələriylə aşağıdaydılar.
Postlarda ancaq bizim alay keşik çəkirdi. Şəlvə çayının sol cinahını ancaq biz
qoruyurduq.
- Bəs
Laçın polis taboru hardaydı?
- Laçın
polis Taboru Mişni-Pircahan-Hoçaz istiqamətindəydi.
- Həmin
vaxt 811-ci alayın şəxsi heyəti nə qədəriydi?
- Biz
Ərikliyə gələndə 242 nəfəriydik. Sonra alaya gələnlər artmağa başladı. 400 nəfər
olduq. Sonra 123 saylı hərbi hissə yavaş-yavaş qaçmağa başladı, müəyyən qədəri
bizim alaya keçdi. Daxili qoşunlar da o zaman əraziyə gəlmişdi, onlar da qaçdı,
bəziləri bizim alaya keçdi. Təxminən 700 nəfər qədər şəxsi heyət oldu.
- 123-cü
hərbi hissə necə oldu ki qaçdı?
- Onları
Ağdərəyə göndərdilər. Bir batalyonları qaldı. Sonra tağıma qədər endilər. Hətta
biz o vaxt post qurmuşduq ki, əsgərlər geri qaçmasın. Elələri varydı ki,
qaçanda yolda azırdılar, canavarlara yem olurdular. Sabahısı gedib sür-sümüklərini
tapırdıq.
- Siz
Sarıbabada erməniləri görüb ratsiyayla Niçvinenkoya dediniz, sonra nə oldu?
- Mən
Niçvinenkoya düşmən qüvvəsinin olduğunu dedim. Ərazinin koordinatlarını verdim.
Niçvinenko 1 qrad, 4-5 topla ərazini vurdu. Düşmənin sonda gələn texnikası
dönüb qaça bildi. Qalanları məhv edildi. Sentyabrın 30-da yeni əmr aldıq. Əmrdə
Bülüldüzlə Tığik-2-ni almağımız göstərilirdi.
- Demək
Sarıbabadan sonra ikinci əməliyyata gedirdiz?
- Bəli.
Əmrdə maşın yolu və çay arasıyla göstərilən məntəqələrə getməliydik. Bizim sol
cinahımızda Mudrakla, Qənizadə getməliydi. Bir haşıyə çıxım, sentyabrın 30-da
Sarıbabadan düşəndən sonra düşmən texnikasının və canlı qüvvəsinin vurulması
barədə raport yazdım. Səhərisi məni briqadanın qərargahına çağırdılar. Mudrak
da orada idi. Mənə dedilər dünən nə baş verib məruzə elə. Məruzə etdim. Mudraka
dedilər utanırsan? Başını aşağı saldı. Orda bildim ki, biz Sarıbabanın
arxasındakı düşmənləri artileriyayla məhv edəndə Mudrakın kəşfiyatçısı bunu görüb,
gəlib Mudraka deyib. Mudrak da qərargaha məruzə edib ki, körpünü vurduq, düşmən
qüvvəsini məhv etdik. Qərargahdan soruşurlar nə vaxt, Mudrak da deyir ki, elə
indi. Qərargahdan deyirlər ki, axı bunu 811-ci alayın qərargah rəisi dünən məruzə
edib. Sonra Mudrak mənə dedi ki, yaxşı deyildi, gərək deməyəydin. Orada bildim
ki, Mudrak buna görə Surət Hüseynovdan 1 milyona qədər pul alıb. Biz o vaxt
mükafata qaçmırdıq, bizim əsas məqsədimiz torpağımızı azad etmək idi.
- 2-ci
əmri həyata keçirə bildiniz?
- Bəli.
Biz o vaxt Tığikin yuxarısına qədər getdik. Bülüldüzə texnikalar göndərdik. Tığikin
arxa tərəfini görürdük. Ermənilər 3 çadır qurmuşdular. Bunlar rezerv qüvvələr
idi. Məruzə etdik. Düşmən artıq hədəfdə idi. Hücum əmrini gözləyirdik. Əmr
verildi, düşmənin çadırlarını mənim olduğum dəstə vurduq. Erməni BMP-ləri hərəkətə
keçəndə Tahir Süleymanovun olduğu dəstə onları vurdu. Ermənilərin ikinci BMP-si
başladı bizə tərəf atəş açmağa. Orda müəyyənləşdirdik ki, kəşfiyyatımız dəqiq
müşahidə apara bilməyib. Burada xeyli sayda ermənilərin gizli postları
varıymış. O postlar da bizə atəş açmağa başladı. Başımıza güllələr yağış kimi
yağırdı, sürünə-sürünə geri çəkildik. 5 yaralımız varıydı. Daha irəli gedə bilməzdik.
Qüvvələr qeyri -bərabəriydi. Ermənilərin əlavə gizli qüvvələri ortaya çıxmışdı.
Geri çəkildik. Oktyabrın ikisində yenə həmin üsulla hücum etdik. Çünki düşmən
bizim bu dəfə başqa yerdən gələcəyimizi gözləyirdi. Bu hərbin qaydasıdır. Ayın
3-də artıq ermənilər hücumumuza davam gətirə bilmədi, özlərini qayadan atanlar
oldu. Tankları aşdı, BDM-lərini vurduq yoldan çıxdı. Silahlarını atıb
qaçırdılar. Bir günə gedib çıxdıq 1-ci Tığikə. Burdan o tərəfə başladı
vurulmağa.
- 1-ci
Tığiklə Laçın şəhərinin arası nə qədərdir?
- Təxminən
11-13 kilometr. Zerti kəndini də azad etmişdik. Zertinin o tərəfindən erməni
BMP-si bizim olduğumuz nöqtələri vurmağa başlamışdı. Xıdırov Sabir bölüyüylə
Laçının üst tərəfindəki qəbiristanlığa kimi getmişdi. Ermənilər o vaxt
ratsiyayla bizə yalvarırdılar ki, qeyrətiniz olsun, bezmişik, gəlin buraları
alın çıxıb evimizə gedək. Bizə o vaxt məlumat gəldi ki, Rauf Məmmədov adlı
tağım komandirimiz Qənizadənin komandiri olduğu Xüsusi Təyinatlı Reyd Dəstəsinin
qərargah rəisini güllələmək istəyir. Demək, onlar Laçın kəndlərindən mis,
alüminiumları kamaz maşınlarına doldurub aparıb satırmışlar. Qənizadənin qərargah
rəisini əsgərlərimizin əllərindən alıb boşladıq. Ərdəşəvilə- 701 saylı
briqadanın komandiri Zaur Rzayevə məlumat verdik ki, bəs tapşırılan mövqeləri
azad etmişik. Zaur Rzayev dedi ki, orada dayanın. Təcili yanıma qərargaha
müşavirəyə gəlin. Mən qayıtdım. Bütün komandirlər qərargahdaydı. Laçın
polisinin rəisi Akif Səlimov da ordaydı. Biz içəri girən kimi bizi
qucaqladılar, dedilər siz əsl qəhramansınız…
- Kimlər
qucaqladı?
- Hamısı.
Zaur Rzayev, Talıb Məmmədov… Bizi tərifləməyə başladılar. Biz az söhbət edəndən
sonra Zaur Rzayev Tahir Süleymanovla mənə işarə edib başqa otağa çağırdı.
Keçdik başqa otağa. Zaur Rzayev mənə dedi ki, xəritəni çıxart. Xəritəni
çıxartdım. Dedi əmr hara yazılıb? Dedim Birinci Tığikə. Dedi bə nəyə getmisiniz
ə Laçına? Qeyrətli çıxmısınız? Dedik ki, başa düşmədik, bu nə deməkdi?
Yumşaldı, qayıtdı ki, yox mən bilirəm, siz getmək istəyirsiniz. Ancaq Prezident
deyir ki, Laçını almaq olmaz, bu genosiddi, dünya üstümüzə gələr. Laçın sülh
yolu ilə alınmalıdı.
- Əbülfəz Elçibəy?
- Bəli.
Mən bunları 1994-cü ilin dekabrında məhkəmədə dedim. Zaur Rzayevi məhkəməyə
çağırdılar. Zaur Rzayev məhkəmədə mənə dedi ki, çıxışını, epizodu təkrar elə.
Epizodu danışdım. Məhkəmə Zaur Rzayevə dedi ki, düz deyirlər? O da dedi ki, düz
deyirlər, bunlar Laçını alırdılar. Korpus komandirinə məruzə etdim. Dedim ki,
Laçınlılar Laçını alır. O da mənə dedi ki, onları dayandır, təcili vertolyotla
gəl yanıma. Getdim Gəncəyə, Surət Hüseynov mənə dedi ki, əgər Laçın alınsa
Elçıbəy hakimiyyətdə qalacaq, mən hakimiyyətə gələ bilməyəcəm. Laçını qəti
almaq olmaz! Zaur Rzayev bu sözləri məhkəmədə dedi. Bu vaxt prokuror Zaur
Rzayevi təhqir etməyə başladı ki, sən niyə xalqın Milli Qəhramanını, dövlətin
baş nazirini alçaldırsan, ona niyə şər atırsan. Zaur Rzayev qərargahda bizə
dedi ki, geri çəkilin. Mən etiraz etdim. Raport yazıb təcili Bakıya gəldim.
Müdafiə Nazirliyinə gedib baş verənləri dedim, orada mənə dedilər ki, ailənin
sağ qalmasını istəyirsənsə sakit dur. Qayıtdım geriyə. Gəldim ki, bizimkilər hələ
də Tığikdədilər. Bilirsiz biz o vaxt 811-ci alay olaraq çox irəli getmişdik.
Solumuzda Qənizadənin komandiri olduğu Reyd Dəstəsi bizə dəstək vermədi, irəli
getmədilər. Sağ tərəfimizdə 701-ci briqadayla Laçın polisi idi. Qarşılıqlı əlaqəmiz
yoxuydu. Biz onların qarşısındakı erməniləri görürdük, amma onlar görmürdülər. Həmin
vaxt ermənilərin ratsiyayla danışığını tutmuşduq. Qüvvələrinin olmadığı, duruş
gətirə bilmədiklərini deyirdilər.
- Siz
Bakıdan alaya qayıtdıqdan sonra nə baş verdi?
- Oktyabrın
10-u getdim Tığikə. Orada Ə.Qənizadə Reyd Dəstəsi ilə Tığikin arxası tərəfə
hücum təşkil elədi. Qeyd edim ki, o vaxt reyd dəstəsinin böyük əksəriyyəti
vaxtından əvvəl azad edilmiş dustaqlar idi. Dəstəni ermənilər tamamilə məhv elədilər.
Qənizadə tulubunu, xəritəsini orada atıb qaçmışdı. Bizim əsgərlər xəritəni gətirib
mənə verdilər. Briqadanın qərargahına getdim, Qənizadə də orda idi. Qərargahda
Qənizadəyə dedilər ki, sənə kim icazə verib ki, özbaşına hücum təşkil edirsən. Qənizadə
Zaur Rzayevə "mən səni saymıram” deyib Bakıya getdi. Qənizadə otaqdan çıxan
kimi Zaur Rzayev Rəhim Qazıyevə xüsusi telefonla məruzə etdi ki, Qənizadə mənə
tabe olmadı. Əsgərlərini aparıb qırdırdı, əsir götürtdü, indi də Bakıya qaçıb.
Xahiş edirəm tədbir görün. Telefonda səs eşidilirdi, Rəhim Qazıyev də dedi ki,
gəlsin onu həbs etdirəcəm. Bu söhbət qurtardı. Oktyabrın 26-da mən bütün əmrləri
götürüb getdim Müdafiə Nazirliyinə. Dedim ki, bizə bu qədər əmr vermisiniz,
alayımızı bərpa edin. Alayı bərpa etdilər. Zabrata gedib Laçın – Kəlbəcər
istiqamətinə uçan vertolyota minib geriyə qayıtdım. Briqadaya gədlim ki, Qənizadə
polkovnik rütbəsindədir, yanında da 5-6 adam. Mənə əlindəki kağızı uzadıb dedi
ki, briqada komandiri təyin olunmuşam. Artıq siz mənə tabesiniz. Həmin gündən
etibarən qismən geri çəkildik. Sarıbaba yüksəkliyindəki post bizim alaydan
alınıb Ağdaşdan gələn qüvvələrə verildi. 5 gündən sonra ermənilər qarşı tərəfdən,
701-ci briqada da arxadan Sarıbabanı vurmağa başladı. Ağdaşdan gələn əsgərlər
birtəhər Sarıbabadan düşüb yanımıza gəldilər. Dedilər bunlar bizi burada qırmaq
istəyir, gedirik. Dedim bizə tabe deyilsiz. Çıxıb getdilər. Ermənilər Sarıbaba
yüksəkliyini, Tığiki aldılar. Sonra da əmrlə Laçından çıxdıq.
- Əmr
nə vaxt verildi?
- 1993-cü
ilin mart ayının 30-da. Bütün ərazilərdən çəkildik. Qorçu, Tığik və Laçının digər ərazilərinin
hamısını ermənilər işğal etdi.
Arif Məmmədli
Ramil Cəbrayıl
Mübariz Məmmədov
Qlobal.az