Kreml: Moskvada uşağın öldürülməsində milli motivlər yoxdur
Mart 01
19:18
2016
Moskvada qız uşağının öldürülməsi və milli məsələ arasında heç bir əlaqə yoxdu, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Hansı milli məsələ? Moskva böyük meqapolisdir. O, çoxmillətli və çoxdinli şəhərdir və bu məsələni milli problem kimi qələmə vermək lazım deyil,” İterfax xəbər agentliyi cənab Peskova istinadən bildirib.
"Bu dəhşətli faciə təkrarsız və qeyri insani xarakter daşıyır. Yəqin istintaq aydınlaşdıracaq,” prezidentin mətbuat katibi əlavə edib.
Cənab Peskov həmçinin bəyan edib ki, Kreml Rusiya telekanallarının qızın ölümü ilə bağlı süjeti verməkdən imtinasının arxasında dayanmır.
"Kreml federal telekanallara sifariş vermir,” Peskov deyib.
Hadisədən sonra bəzi millətçilər Mərkəzi Asiya və Qafqaz ölkələri ilə viza rejiminin tətbiq edilməsini tələb ediblər.
Uşağın ölümünə görə şübhəli bilinən dayə Özbəkistandan gəlib.
Rusiya mətbuatının yaydığı məlumata görə, hüquq mühafizə orqanları baş verə biləcək hər hansı qarşıdurmanı önləmək üçün gücləndirilmiş iş rejiminə keçib.
Bazar ertəsi Moskvada baş vermiş dəhşətli qətl hadisəsindən sonra metro stansiyasının yanında əlində uşaq başı gəzişən Özbəkistan vətəndaşı saxlanılıb.
Saxlanılan şəxsin qətlə yetirilmiş uşağın dayəsi olduğu deyilir.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, uşağı qətlə yetirməzdən öncə qadın, valideynlərin və böyük uşağın mənzili tərk etməsini gözləyib.
Bundan sonra o, "qeyri məlum səbəblərdən azyaşlını qətlə yetirib, mənzili yandırıb və hadisə yerini tərk edib" (BBC).



