SON XƏBƏR

“Korrupsiya sxemi Ukraynaya maliyyə yardımlarına mənfi təsir edə bilər” – Budanovdan açıqlama

Noyabr 18
12:41 2025
"Ukraynanın anti-korrupsiya qurumları öz vəzifələrini mükəmməl yerinə yetirib və qanunsuz sxem ifşa edilib. Prezident dərhal şübhəli şəxsləri vəzifədən azad edib”.

"AzPolitika” xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirilo Budanov "24 Kanal”a verdiyi müsahibədə bildirib.

Budanov vurğulayıb ki, işə hüquqi qiymət məhkəmə tərəfindən veriləcək və qanunsuz əməllərə görə məsuliyyət daşıyanlar mütləq cəzalandırılacaq: "Biz hüquqi dövlətiq. Xüsusilə müharibə dövründə sosial baxımdan vacib sahədə korrupsiya ilə məşğul olanlar cəzalarını almalıdır. Heç bir bəraət olmamalıdır”.

Budanov həmçinin qeyd edib ki, belə korrupsiya qalmaqalları Ukraynanın beynəlxalq tərəfdaşları ilə münasibətlərinə mənfi təsir göstərə, o cümlədən maliyyə yardımlarına zərbə vura bilər. Rusiyanın isə bu vəziyyətdən dezinformasiya kampaniyalarında istifadə etməyə çalışdığı vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Anti-Korrupsiya Bürosu (NABU) və Xüsusi Anti-Korrupsiya Prokurorluğu (SAP) dövlət müəssisəsi "Enerqoatom”da genişmiqyaslı korrupsiya sxemi aşkarlayıb. Təhqiqatın məlumatına görə, şirkətin kontragentlərindən müqavilə məbləğinin 10–15%-i həcmində rüşvət tələb olunub və sxem vasitəsilə təxminən 100 milyon dolların "keçdiyi” ehtimal edilir.

Şübhəlilər arasında "Kvartal 95” studiyasının həmtəsisçisi Timur Mindiç və keçmiş energetika naziri Herman Haluşçenko da var. Korrupsiya sxemində pulun leqallaşdırılması üçün xüsusi "back-office”in fəaliyyət göstərdiyi bildirilir. Hazırda 7 nəfərə rəsmi şübhəli elan olunub.

Ekspertlər hesab edirlər ki, energetika sahəsində genişmiqyaslı korrupsiyanın ifşası Ukraynanın anti-korrupsiya qurumlarının effektivliyini bir daha təsdiqləyir və müharibə şəraitində belə ciddi qanunsuzluqların qarşısının alınmasının vacibliyini göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook