Koreya Respublikası KXDR ilə sərhəddəki səsucaldıcıları sökməyə başlayıb
May 01
17:43
2018
Bu gün Cənubi Koreya hərbçiləri KXDR ilə sərhəddə quraşdırılan və təbliğat üçün istifadə olunan səsucaldıcıları sökməyə başlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, aprelin 27-də iki ölkə liderinin iştirakı ilə keçirilən sammitdə əldə olunan sülh sazişinin həyata keçirilməsi istiqamətində ilk addımdır.
Bir qədər əvvəl, aprelin 23-də cənubi koreyalı hərbçilər sərhəddə təbliğat yayımını tam dayandırıb, KXDR isə onun mərhələli şəkildə ixtisarına başlayıb.
Xatırladaq ki, aprelin 27-də sərhədyanı Panmuncom məntəqəsində Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında görüş keçirilib. Bu, 10 ildən də artıq bir müddət ərzində Cənubla Şimal arasında ilk yüksək səviyyəli görüş olub.Sammit çərçivəsində imzalanan sülh bəyannaməsinə əsasən, tərəflər mayın 1-dən etibarən bir-birinə qarşı bütün düşmənçilik fəaliyyətlərini, o cümlədən təbliğat yayımlarını və hava şarları vasitəsi ilə təşviqat materiallarının göndərilməsini dayandırmalı, həmçinin bunun üçün istifadə olunan bütün müvafiq vasitələri ləğv etməlidir.