SON XƏBƏR

Kopenhagen Universitetinin professoru Bakı Sağlamlıq Mərkəzinin qonağı olub - FOTOLAR

Dekabr 17
10:08 2024
Danimarkada yaşayan həmyerlimiz, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina bu gün Bakı Sağlamlıq Mərkəzində həkim-rezidentlər və mütəxəssislər ilə görüşüb.

Qlobal.az xəbər verir ki, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri və Mərkəzin həkim-rezidentləri üçün "Meet the expert” adında dairəvi masa keçirilib. Professor Məsud Aşina sahəyə dair əldə olunmuş beynəlxalq təcrübələrini təlim iştirakçıları ilə bölüşüb. Diqqətə çatdırılıb ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəbi sırasındadır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində baş ağrısı tibb ictimaiyyətinin diqqətini çəkən ciddi problem kimi qəbul edilir. 

Professor vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, sefalgiyanı 4 növə ayırmaq olar: miqren; gərginlik tipli baş ağrısı; klaster baş ağrısı və dərmanların həddindən artıq istifadəsi nəticəsində əmələ gələn baş ağrısı. Bildirilib ki, miqren dünyada ən çox yayılmış və sosial əhəmiyyətli xəstəliklərdən biridir. Belə ki, dünyada qadınların təxminən 22 faizi, kişilərin isə 10 faizi bu xəstəlikdən əziyyət çəkir.

Çıxışının sonunda professor Məsud Aşina baş ağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğunu qeyd edib.

Mərkəzin İcraçı Direktoru Dos. Dr. Asiman Həsənov ilə görüşdə professor Məsud Aşina mərkəzlə bağlı xoş təəssüratlarını bölüşmüş və ölkəmizdə bu cür yüksək səviyyəli xidmət göstərən mərkəzin olmasından məmnuniyyətini dilə gətirmişdir. Görüş zamanı Asiman Həsənov son dövrlərdə ölkəmizdə tibb sahəsində əldə edilən uğurlardan, icbari tibbi sığortanın tətbiqi ilə vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən mühüm işlərdən danışıb.

Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, doğma Vətənini heç vaxt unutmayıb, diasporamızla sıx əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib. Keçdiyimiz illərdə Bakı Sağlamlıq Mərkəzində şiddətli baş ağrılarından əziyyət çəkən müharibə əlilləri professor tərəfindən müayinə olunaraq, müalicə prosesinə cəlb edilmişdirlər. Məsud Aşina eyni zamanda "YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüdür. 

Görüşdən xatirə şəkillərini sizə təqdim edirik:
 

 
 


 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook