SON XƏBƏR

Komitə sədrinin müavini deputatla RAZILAŞMADI: “Əsabil Qasımov səhv edir”

Dekabr 30
21:15 2015
21 dekabr devalvasiyasından sonra bütün sahələrdə olduğu kimi, un və un məmulatlarının da qiymətində bahalaşma müşahidə edilir.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ölkədəki ən böyük un istehsal edən şirkətlərdən birinin sahibi - "Karat Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətnin rəhbəri Əsabil Qasımov Modern.az saytına açıqlamasında bahalaşmaya səbəb olaraq Azərbaycanda becərilən taxılın əhalinin tələbatının yalnız 20 faizini ödədiyini bildirib.
 
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az-a deyib ki, Əsabil Qasımovun açıqladığı rəqəm həqiqəti əks etdirmir: "Mən hesab edirəm ki, deputat həmkarım Əsabəli Qasımov rəqəmlərlə bağlı yanlışlığa yol verib. Çünki Azərbaycanda əhalinin tələbatına uyğun olaraq 70 faizə qədər taxıl yerli istehsaldır. Çatışmayan hissəsi isə xaricdən alınır. Doğrudur, yerli istehsal olan taxıl yoxlamadan keçərkən az hissəsi standartlara cavab verməyə bilər. Standartlara uyğun olmayan hissə də yem kimi istifadə edilir. Bu gün əminliklə deyə bilərəm ki, standartlara uyğun olmayan 10-15 faiz hissə çıxıldıqdan sonra yerdə qalan 60-65 faiz taxıla tələbat yerli istehsal hesabına ödənilir. 20 faiz yerli istehsal demək, düzgün deyil, çünki, 20 faiz heç rəqəm deyil”.
 
Eldar Quliyev "Taxılın böyük hissəsi yerli istehsal hesabına başa gəlirsə, dolların bahalaşmasından sonra un hansı səbəbdən bahalaşıb, çörəyin çəkisi azalıb” sualına cavab olaraq bildirib ki, buna səbəb idxal olunan taxıldır: "Buna baxmayaraq prezident İlham Əliyev tapşırıq verib ki, qiymətlərə nəzarət etmək lazımdır. İqtisadi İnkişaf Nazirliyi, hətta prokurorluq orqanları da bu işə cəlb olunublar. Bununla nəinki çörəyin, hətta digər məhsulların da qiymətinin bahalaşmasının qarşısını almaq mümkün olacaq”.
 
Deputat bildirib ki, xaricdən də un idxal edildiyindən cüzi bahalaşma olmalıdır: "Çünki müəyyən hissə kənardan dollarla alınırsa, bahalaşma olacaq. Amma öz istehsalımız, öz taxılımızdırsa çəki niyə azaldılmalıdır? Qiymət bahalaşması şəffaf şəkildə edilsin. Xaricdən alınan un əla və 1-ci növ, yerli istehsalın böyük hissəsi isə 1-ci növdür. Çörəyin çəkisinin azaldılmasını heç cür başa düşmürəm. Bahalaşma varsa, açıq edilsin, çörəyin çəkisinin azaldılması nə deməkdir? Bunun üçün açıqlama verilməlidir”.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Modern.az saytına bildirib ki, 2015-ci ildə respublika üzrə 2,9 milyon ton taxıl istehsal olunub: "Deyərdim ki, bu, son yüz ildə rekord göstəricidir. İstehsal olunan 2,9 milyon ton taxılın 1,7 milyon tonunu buğda təşkil edib. Buğda təmizlənib bir qismi yemə, digər qismi isə toxuma ayrıldıqdan sonra ümumi istehsal, əhalinin ərzaq buğdasına olan tələbatının 70-75 faizini ödəyir. Qalan 25-30 faiz isə idxal hesabına ödənilir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook