SON XƏBƏR

KOD ADI: AYŞE TATİLE ÇIKSIN!

İyul 23
17:35 2024
KOD ADI: AYŞE TATİLE ÇIKSIN!

"Bekledim de gelmedin...” - (şarkı)

"Bu kadar yürekten çağırma beni, bir gece ansızın gelebilirim!” - (şarkı)

Yuxusuzluqdan və yorğunluqdan gözləri qıpqırmızı qızarmış, sifətinin rəngi alazımış, neçə gündür su dəyməyən saçları toz-torpağın da hopması ilə daha da bozumtul-bulanıq rəng almışdı. Kənardan baxan adam heç təsəvvür etməzdi ki, gözü yol çəkən, darıxdığı, səbirsizləndiyi və zaman geçdikcə əsəbi gərginlik keçirdiyi bütün halıyla özünü göstərən bu qurd baxışlı adam bir türk komutanı generaldır. Bəli, o bir general idi. Neçə gündən bəri əmr gözləyirdi. Bu əmr bir xalqın taleyini, müqəddəratını həll edəcəkdi. Amma telefonlar susur, sükunət pozulmurdu. Bu, generalın təlaşını artırır, əsəb gərginliyi keçirirdi. Birdən gözləri divardan asılmış, yağlı boya ilə işlənmiş Boz Qurdun tablosuna dikildi. Qurdun zəhmli baxışı onun təlaşını bir az da artırdı. "Axı bu əmr niyə gecikdi” sualını dodaqaltı mızıldanaraq, sanki Qurda demək istəyirdi ki, düşmənin zülm verdiyi türk xalqına yardıma gecikməsi əsla onun günahı deyil...

Düşmən qarşısında od-alova dönən türk komutan Boz Qurdun zəhmli baxışlarına tab gətirə bilməyib, gözlərini yayındırdı. Qeyri-ixtiyari bütün diqqətini masanın üzərindəki qırmızı rəngli telefon aparatına yönəltdi. Bu, onun Mərkəzlə əlaqəsini saxlamaq üçün quraşdırılmış telefon aparatıydı. Heç 10 saniyə keçməmişdi ki, telefonun qulaqbatırıcı səsi eşidildi. "Tanrım, sən özün yardım et! Soydaşlarımız qırılır! Onların harayına koşmam üçün mənə imkan yarat!” - deyib, əlini aparata yenicə uzatmışdı ki, qulaqcıqdan eşidilən amiranə səs səssizliyə bürünən otaqda əks-səda verdi:
- AYŞE TATİLE ÇIKSIN!
Bir anlığa yerində donub qaldı. Nəhayət, özünə gəlib var səsiylə bağırdı:
- Askeerr!!!
Qapının ağzında gözləyən növbətçi əsgər içəri girib, hərbi vəziyyət alaraq:
- Əmret, komutanım! - dedi.
- Bütün birlik komutanları toplansın!
10 dəqiqə sonra yüksək rütbəli komutanlar Türkiyə Kara Küvvetleri Komutanı, orgeneral Eşref Akınçının Kıprıs adasındakı müvəqqəti qərərgahına toplaşmışdı. General ilk öncə onları Genelkurmay Başkanı Semih Sancarın əmriylə tanış etdi. Sonra operativ şəkildə hücum planı müzakirə edildi. Artıq Böyük Taarruz üçün hər şey hazır idi...
Yarım saat sonra BÖYÜK TÜRK ORDUSU qarşısıalınmaz qasırğa kimi adanın hər tərəfində hərəkətə keçdi...

***

Türkün tarixi zəfərlərlə doludu. Son iki min ildə 16 böyük imperatorluq, yüzdən çox dövlət quran bu xalq Dandanakan, Malazgirt, Dümlipinar, Çanakkale kimi böyük savaşları qazanaraq tarixdə silinməz iz qoyub. Bu döyüşçü xalqın qarşısına Çin səddi kimi aşılması mümkünsüz görünən baryer çəkilib, ancaq Türklər dalğa-dalğa gələrək, o səddi belə aşıblar. Metexan, Atilla, Alparslan, Çingiz xan, Əmir Teymur, Sultan Mehmet Fatih kimi dünyanın gəlib-keçmiş ən böyük sərkərdələri bu qəhrəman xalqın övladları olub.

Bir çoxları düşünür ki, Türkün böyüklüyü keçmişdə qaldı, artıq onun böyük zəfərlər qazana biləcək gücü yoxdur, çünki bu xalq 1000 il öncəki qədər passionar deyil. Lakin yanılırlar, Tanrı Türkü müəyyən bir dövr üçün seçməyib. Türk xalqı istənilən məqamda onuru, şərəfi, şanlı mazisi üçün həyatını çəkinmədən ortaya qoyur. Bunu İstiqlal Savaşında böyük liderimiz Atatürk bir daha sübut etdi. O, bütün dünyanın birləşərək yox etdiyi son qüdrətli Türk dövləti Osmanlının külləri üzərində yepyeni Türkiyə Cümhuriyyəti quraraq bütün dünyaya sübut etdi ki, tək bir türk qalsa belə, o yenə də dövlət quracaq və yenə də öz sözünü deyəcək.

KIPRIS BARIŞ HƏRƏKATI və 44 GÜNLÜK BÖYÜK VƏTƏN SAVAŞI da ən az Çanakkale, Malazgirt savaşı qədər böyük bir zəfərdi. Mən bu yazımda Kıprısın yunan işğalından azad edilməsi uğrunda başladılan hərbi əməliyyat barədə qısa da olsa, bəhs etmək istərdim.

İlk öncə qeyd edim ki, mən Kıprıs Hərəkatına Türkiyədən olan qardaşlarımızdan bir az fərqli yanaşıram. Türkiyədə sağ kəsim, ələlxüsus da dindarlar bu hərəkatı mərhum Necmeddin Erbakanın adıyla bağlayırlar. Solçular isə Kıprıs fatehi kimi Bülent Eceviti görürlər. Məncə, Kıprıs Hərəkatında 4 isim ön plana çıxır: Bülent Ecevit (dövrün Baş Bakanı), Necmeddin Erbakan (Ecevitin koalisiya ortağı və Baş Bakan yardımçısı), Semih Sancar (dövrün Genelkurmay Başkanı) və Eşref Akınçı (Türkiyə Kara Küvvetler Komutanı və Kıprıs Hərəkatına birbaşa döyüş meydanlarından komutanlıq edən şəxs). Bu 4 böyük şəxsin adı Türk tarixinə qızıl hərflərlə yazılıb.

Qaraoğlan - Bülent Ecevit hərəkatın siyasi və diplomatik ayağını yürüdüb; Hoca əfəndi - dünyada ən çox sevdiyim dini-siyasi lider Necmeddin Erbakan orduda və siyasi arenada birlik və bərabərliyi saxlayan ən önəmli şəxs olaraq Kıprıs Barış Hərəkatının gerçəkləşməsində önəmli rol oynayıb; Semih Sancar və Eşref Akınçı isə sərkərdəlik qabiliyyətlərini ortaya qoyaraq zəfərə imza atan hərbi liderlər olub.

Yuxarıda da qeyd etdiyim kimi, əgər birlik və bərabərlik olmasaydı, Kıprısda bu gün bir nəfər də olsun türk qalmayacaqdı. Təsəvvür edin, cəmi 6 il sonra sağ və sol kəsim əlinə silah alıb, bir-birini öldürürdü. Belə bir siyasi xaos nəticəsində 12 sentyabr Hərbi Xuntası iqtidara gəldi və yüzlərcə gənc edam sehpasına çıxarıldı. Amma Kıprıs Hərəkatı öncəsi antoqonist ziddiyyətdə olan iki böyük siyasi qüvvə - Ecevit və Erbakanın liderlik etdiyi sağ və sol kəsimin aparıcı siyasi partiyaları birləşərək koalisiya yaratdılar. Bu, Türkiyə siyasi arenasında ilk belə hadisə olmaqla yanaşı, həm də gözlənilməz bir addım idi. Burada diqqət çəkən bir məqam var: Kıprıs Hərəkatı öncəsi 50 illik mazisi olan CHP Atatürkün qoyduğu mərkəzçi yoldan sapmış, qədərindən artıq sola meyl etmişdi. Belə bir durumda bütün siyasi qüvvələrə loyal yanaşan və mərkəz solda duran Ecevit ortaya çıxır və solun lideri durumuna gəlir. Sayın Hoca əfəndi - Erbakan isə klerikal-siyasi mövqeyi ilə tanınsa da, əsası Atatürk tərəfindən qoyulan Milli Görüşü əsas ideoloji baza olaraq mənimsəyir. Heç şübhəsiz, hər iki lider tərəfindən sərgilənən mövqe onları ön plana çıxardı və seçkilərdə 1-ci və 2-ci partiya oldular.

Seçkilərdə belə nəticənin ortaya çıxması ən çox imperialist qüvvələri sevindirirdi. Çünki ilk baxışda bir-birinin əksi olan iki qüvvənin barışmaz mövqe sərgiləyərək, Türkiyəni daha da xaosa sürükləyəcəyi qənaəti yaranırdı. Bu da onlara əl verir, Türkiyə kimi strateji əhəmiyyət daşıyan bir coğrafiyaya həmişəlik yiyələnmək ümidlərini artırırdı. Ancaq Türkiyədə Qladio kimi təzahür edən Qlobal Gücün nəzərə almadığı bir şey vardı - Ecevit və Erbakanın şəxsi xarakteri. Qladio məhz onu nəzərə almamışdı ki, bu iki böyük lider solçu və dindar olmadan öncə türkdür və hər ikisi milli görüş sahibidi.

Son seçkilərdən qalib kimi çıxan Ecevitin partiyası konstitusiyaya görə hökuməti qurmaq səlahiyyətini əldə etdi. Qaraoğlan istəsə, digər solçu partiyalarla anlaşar, çoxluq hakimiyyətini qura bilərdi. Ancaq o bunu etmədi və Hoca əfəndiyə təklif götürdü - solun və sağın koalisiyasını qurdu!

İllər sonra Ecevit bu gözlənilməz addımını belə izah etmişdi: "60-cı illərdən başlayaraq adada (Kıprısda - F.N.) vəziyyət qarışmışdı. Yaxın gələcəkdə böyük savaşın qaçınılmaz olacağı aydın şəkildə sezilirdi. Belə bir durumda sağ və solun ittifaqı mütləq şəkildə gerçəkləşməliydi. Əks-təqdirdə Kıprısı həmişəlik itirə bilərdik. Bu səbəblə sağ kəsimin həmin dövr üçün ən böyük qüvvəsi olan sayın Erbakana təklif götürdüm. Sözsüz ki, bu addımı atmağımda onun Atatürkçü milli görüş sahibi olması da böyük rol oynadı. Əgər sayın Erbakan Baş Bakan postunu istəsəydi, mən buna belə razı olacaqdım. Çünki Böyük Savaş qapıdaydı...”

Hoca əfəndi - Erbakan da təxminən buna bənzər açıqlama vermiş və fikrini belə tamamlamışdı: "Sayın Ecevit hökumətdə bizə bir yer belə verməsəydi, desəydi ki, təkbaşına iqtidar qurmaq istəyirəm, Kıprıs problemini kökündən həll etmək üçün mənə bu lazımdır və sizin kənardan dəstəyinizə ehtiyacım var, tərəddüd etmədən gözüyumulu bu dəstəyi ona verərdik. Əsas olan milli istiqlalımız, Vətən torpaqlarının bütövlüyüdür, geridə qalan hər şey təfərrüatdır...”

Məncə, Kıprıs Hərəkatının zəfərlə başa çatmasının təməlləri bu iki əvəzedilməz liderin anlaşması ilə atıldı. Onların tükənməz vətən sevgisi, millətin onur və şərəfi məsələsini hər şeyin fövqündə tutması ordunu da ruhlandırmış və hər bir əsgərin vətən üçün həyatını ortaya qoymasına vəsilə olmuşdu. Yeri gəlmişkən, cənab Ali Baş Komandanımız İlham Əliyevin Qarabağ zəfəriylə bağlı bu günlərdə verdiyi açıqlama da Kıprıs Hərəkatı qəhrəmanlarının mövqeyi ilə tam üst-üstə düşür:

"İnsan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı... Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. İnsan eqoist olmamalıdır. Bu, mənimlə bağlı deyil. Fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi!”

Bəli, Vətən torpaqlarının azad edilməsi hər şeydən öncə onur, şərəf və ləyaqət məsələsidi. Bir xalqın hər şeyi ola bilər - varı, dövləti, pulu, parası... ancaq onun torpağı işğal altındadırsa və bu torpaqları azad etməyi heç düşünmürsə, deməli, o, bütün mənəvi dəyərlərini itirib, o xalq artıq onur, şərəf və ləyaqət kimi önəmli məfhumlardan məhrumdur.

Kıprıs Hərəkatının əsas qəhrəmanlarından biri də dövrün Genelkurmay Başkanı, orgeneral Semih Sancar idi. O da məsələyə onur və şərəf prizmasından baxırdı...

Qeyd edim ki, Kıprıs Hərəkatı iki mərhələdə gerçəkləşdirilib. İlk mərhələ "Atilla Hərəkatı” kod adıyla 20 iyul 1974-cü ildə başlayıb. Ancaq iki gün sonra Qlobal Gücün təsiriylə atəşkəs sazişi imzalanıb. Baş Bakan Bülent Ecevit məsələnin sülh yoluyla həlli üçün dərhal Cenevrəyə gedir. Lakin bütün siyasi, diplomatik cəhdlər nəticəsiz qalır. 14 avqust 1974-cü il tarixdə gecə saat 02:20 radələrində Cenevrə konfransı nəticəsiz başa çatır. Otelə qayıdan kimi Ecevit yardımçısı və koalisiya ortağı Erbakana telefon açır:
- Ayşe tatile çıkmak istiyordu. Ona dedim ki, beni beklesin, birlikde tatile çıkarık. Galiba benim işim burada uzayacak. Söyle Ayşeye, beni beklemesin, tatile çıksın!

Bu bir parola idi. Ecevit lazım olan gösterişi yardımçısı Erbakana vermişdi. O da öz növbəsinde Böyük Millət Məclisin qərarını belə almadan (Baş Bakan ona bu səlahiyyəti vermişdi) dərhal Semih Sancarı yanına çağırır və "Ayşe tatile çıksın” əmrini verir. Semih Paşa isə Erbakanın kabinetindən birbaşa Eşref Akınçıya telefon açır: "Ayşe tatile çıksın!”

Bülent Ecevitin Ankaraya zəngindən 1 saat 48 dəqiqə sonra 40 minlik Türk Ordusu Eşref Akınçı paşanın əmriylə Böyük Taarruza keçir. Artıq bir neçə saat sonra adanın 40 faizi şanlı Türk Ordusunun nəzarəti altındaydı...

Semih Sancarla bağlı iki mühüm məqamı diqqətlərə çatdırmaq istəyirəm. O, Erbakanın makam odasından Eşref Paşaya "Ayşe tatile çıksın!” əmrini verdikdən sonra Hoca əfəndiyə eynilə bu sözləri deyir:
"Allah sizden razı olsun. 13 senedir haysiyeti Makarios tarafından rencide edilen bir ordunun komutanıyım. Bu günleri de Allah bize gösterdi...”

Uzun illər sonra Nəcməddin Ərbakan Uğur Dündarın "Arena” proqramına Semih Sancar haqqında bu sözləri ifadə etmişdi:
"Silahlı kuvvetlerimize emir verdik, gideceksiniz, kıprıslı türk kardeşlerimizi kurtaracaksınız! Sayın Semih Sancar, Allah gani-gani rahmet eylesin. Çok muhterem bir genelkurmay başkanımızdı. Kıbrıs Harbinde baştan sona kadar en büyük kahramanlıkları yapmıştır. Sizi mareşal yapalım dedik, kabul etmedi. 1 maaş ikramiye verelim dedik, onu bile kabul etmedi. Ben Vatan torpağını makam ve para için korumuyorum, bu benim şerefli vazifemdir dedi. Böyle muhterem bir insandı. En büyük fedakarlıkları yapmıştır. Ve çok büyük bir şekilde bu işi yönetmiştir...”

Hərəkatın digər bir qəhrəmanı Eşref Akınçı haqqında mühüm bir olayı da diqqətinizə çatdırmaq istərdim. Hərəkata birbaşa döyüş meydanlarında rəhbərlik edən Eşref paşa 1 aprel 1976-cı il tarixdə təqaüdə çıxır. Əməkli olduqdan sonra Türkiyə Maliyyə nazirliyinə bağlı Əməkli Sandığı adlı dövlət qurumu, Akınçının əməklilik dosyesini incələyərək çox qəribə bir qərar qəbul edir. Sən demə, Eşref Paşa nəzərdə tutulduğundan 6 ay çox xidmət keçib və bu səbəbdən də Əməkli Sandığı qərar qəbul edir ki, paşa həmin 6 ayda aldığı məvacibi dövlət büdcəsinə geri ödəməlidir. Türk akınçı ruhuyla böyüyən Akınçı Paşa bizim bəzi "qazilər” kimi hay-küy qaldırmır, "özümü yandıracam” deyib dövləti şantaj etmir və şəxsi əşyalarını sataraq tələb olunan məbləği dövlət büdcəsinə ödəyir. Bax, Kıprıs Hərəkatı bu cür sağlam ruh sahibi komutanlar və siyasi liderlər sayəsində zəfərlə başa çatdı. Adı çəkilən 4 qəhrəmanımıza - Bülent Ecevite, Necmeddin Erbakana, Semih Sancara və Eşref Akınçıya Tanrıdan rəhmətlər diləyirəm.

Hərəkatın gerçəkləşdirilməsi üçün istifadə olunan məlum parolada adı çəkilən Ayşe xanımla bağlı da qısa məlumat verim. Ayşe xanım dövrün Xarici İşlər naziri Turan Güneşin qızı Ayşe Güneş Ayatadan başqası deyildir. Sayın Turan Güneş Ecevitlə birlikdə sülh danışıqları üçün Cenevrə şəhərinə getmişdi. Səfər öncəsi Ayşə xanım tətilə çıxmaq üçün atasından izn istəyir. O da deyir ki, vəziyyət qarşıqdı, hər şey yoluna girsin, birlikdə tətilə çıxarıq. Yola düşməmişdən öncə Ecevit, Erbakan və Turan Güneş son dəfə birlikdə durumu müzakirə edirlər. Ecevit deyir ki, əgər istədiyimiz alınmazsa, II Hərəkatı başlatmaq üçün telefon açıb Erbakana lazım olan təlimatı verəcək, ancaq bunu açıq şəkildə bildirməyəcək ki, qarşı tərəf telefonları dinləyib əks plan tətbiq edə bilər. Təklif Turan Güneşden gəlir: parola "Ayşe tatile çıksın!” olsun. Həm Ecevit, həm də Erbakan bununla razılaşır...

Son olaraq, yazıya çıxardığım iki yarımbaşlıq haqqında qısa məlumat verim. Hər ikisi şarkı sözləridi. Birincisi - "Bekledim de gelmedin” - dədə-babaları Anadolu kökənli yunan Stelio Kazancidis adlı şarkıçıya məxsusdu. Yunan olsa da, türklərə və Anadoluya hər zaman duyğusal yanaşan biri olub. Mahnının sözləri də (türkcə), bəstəsi da özünə məxsusdu. Gözəl mahnıdı, internetdə var, dinləmənizi tövsiyyə edirəm.

İkinci mahnı - "Bu kadar yürekden çağırma beni, bir gece ansızın gelebilirim” isə, türk xalq mahnıları solisti Yaşar Özele aiddir. Yəqin düşünürsünüz, niyə iki şarkıdan məhz bu iki alıntını yazıma altbaşlıq olaraq seçdim? Məsələ belədir ki, I Kıprıs Hərəkatından iki gün sonra Türkiyə tərəfi Qlobal Gücün təsiri ilə atəşkəs imzaladı və hücumları dayandırdı. Yunan tərəfi 22 iyuldan 14 avqusta qədər 23 gün ərzində bu mahnını - "Bekledim de gelmedin” - radio və səsgücləndiricilər vasitəsilə oxuyaraq Türk əsgərinin moralını pozmaq, türklərin qorxaq olduğunu diqqətə çatdırmaq istəyirdi.
23 gün sonra II Kıprıs Hərəkatı orduya komutanlıq edən Eşref Akınçının əmriylə başladı. Hücuma keçən ordu, hamısı bir nəfər kimi, mahnı oxuyurdu...

Təsəvvür edin: gecənin gec saatında şirin yuxuda olan yunanlar mahnı oxuyan 40 min türk əsgərinin hayqırtısına oyanır - BU KADAR YÜREKTEN ÇAĞIRMA BENİ, BİR GECE ANSIZIN GELEBİLİRİM!

P.S. Bu yaxınlarda Rəis - Rəcəb Tayyib Erdoğan yunan jurnalistin sualına "bir gece ansızın gelebilirik” cavabı ilə məhz 50 il öncəki II Kıprıs Hərəkatını yunanlara xatırlatmaq məqsədi güdürdü.


Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook