Kalmık Milli Dram Teatrının növbəti qastrol səfəri başa çatdı
Oktyabr 12
19:26
2015
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının qastrol səfəri başa çatıb.
Cari ilin oktyabr ayının 9-dan start götürən və üç gün davam edən qastrol səfəri çərçivəsində yaradıcı kollektiv A.S.Puşkinin "Золотая рыбка" ("Qızıl balıq") və Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşaları ilə çıxış edib.
Qastrol səfərinin son günü Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında hazırladığı yazıçı-dramaturq Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşası nümayiş etdirilib. Ölkəmizdə ilk premyerası keçirilən sözügedən tamaşa izləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Tamaşadan sonra çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov 3 ildən artıq davam edən yaradıcılıq münasibətlərinin yaranma tarixi, iki teatr arasındakı uğurlu yaradıcılıq müqaviləsi haqqında ətraflı danışaraq, nümayiş etdirilən tamaşalar və qastrol səfərinə görə Kalmık Teatrına öz təşəkkürlərini bildirdilər.
Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiya Respublikasının Əməkdar Mədəniyyət İşçisi Qalina Şurayeva, Kalmık Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev isə göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarının bildirərək bu il oktyabr ayının sonunda Elistada baş tutacaq "Xortdanın cəhənnəm məktubları" tamaşasının premyerasını səbrsizliklə gözlədiklərini vurğulayıblar. Gənc Tamaşaçılar Teatrına və "Sevən qadın" əsərinin müəllifi Əli Əmirliyə öz milli hədiyyələrini təqdim edən Q.Şurayevaya Dövlət Gənc Tamaşaçılar Teatrı adından xüsusi hədiyyələr təqdim olunub.
Sonda Kalmık Milli Dram Teatrının aktyorları, Əməkdar Artistlər Sandjiyev Baatr, Pursyakov Sandji, aktyorlar Kikeyeva Marina, Zarayeva Tatyana, Qoydıkova Saqlara və teatrın işıq üzrə rəssamı Savçenko Andrey "Azərbaycan və Kalmıkiya Respublikalarının teatrları arasındakı yaradıcılıq əlaqələrinin genişləndirilməsindəki fəal iştiraklarına görə" Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin diplomlarına layiq görülüblər.
Məlumat üçün bildirək ki, 26-30 oktyabr tarixlərində Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edərək P. Nurəliyevanın "Dəcl keçi" və Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşaları ilə çıxış edəcək.