Jurnalistlərə qarşı cinayətlərin sayının artması beynəlxalq ictimaiyyətin reaksiyasını tələb edir – Dövlət Departamenti
Noyabr 03
13:19
2022
Jurnalistləri və onların yerini qanunsuz olaraq izləyən hökumətlərin sayının artması narahatlıq doğurur.
"Onlayn təhdidlər real şiddətə gətirib çıxarır, bu da jurnalistlərin peşəkar işini məhdudlaşdırır”, deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays çərşənbə günü brifinqdə bildirib. O, beynəlxalq ictimaiyyəti KİV-i susdurmaq üçün jurnalistlərə qarşı fiziki hücumları və iddiaları, qorxutma və transmilli repressiyaları qınamağa çağırıb.
Praysın bəyanatı Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlıqla Beynəlxalq Mübarizə Günündə səslənib. "Biz bir daha bütün dünyada cəsur jurnalistlər üçün ədalət çağırışı edirik”, deyən Prays əlavə edib ki, ötən ilin sonuna olan məlumata görə, dünyada 294 jurnalist peşə fəaliyyətinə görə həbsxanalarda saxlanılır.
"Jurnalistlər getdikcə daha tez-tez İnternetdə təhdid və hücumlarla üzləşir, burada cinayətkarı müəyyən etmək və məsuliyyətə cəlb etmək çətindir”, deyə o əlavə edib.
Turan-ın Bayden Administrasiyasının mətbuat azadlığı məsələləri üzrə xüsusi nümayəndə təyin etmək planının olub-olmadığı haqqında sualına cavabda Prays deyib ki, onlar mətbuat və informasiya azadlığını "daha səmərəli dəstəkləməyə”, habelə jurnalistlərə qarşı cinayətlərdə, repressiyalarda, şiddətdə təqsirli olan şəxsləri məsuliyyətə cəlb etməyə kömək edəcək vasitələri nəzərdən keçirirlər.



