Jurnalistin qətlilə bağlı məhkəmədə ekspertlər ifadə verib
Fevral 16
18:23
2016
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə tibbi ekspertizanı keçirən ekspert Alim Hüseynov və komisyon tibbi ekspertizanın rəyini yazan Ziyafəddin Məmmədov ifadə veriblər. A.Hüseynov ifadəsində meyitə ilkin baxış keçirdiyini, mərhumun bədən səthində xəsarət izinin aşkar edilmədiyini göstərib.
Z.Məmmədov isə ona təqdim olunan sənədlər əsasında tibbi rəy yazdığını deyib.
Zərərçəkən tərəfin vəkili Fariz Namazlı prosesdə çıxış edərək deyib ki, Rasim Əliyevdən Klinik Tibbi Mərkəzdə izahat alınsa da, həmin izahat cinayət işi materiallarında yoxdur. Vəkil həmin izahatın polis bölməsindən alınmasını və müstəntiqin prosesə çağırılaraq dindirilməsini istəyib.
Məhkəmə vəsatəti qismən təmin edib. Bildirilib ki, bununla bağlı polis bölməsinə sorğu göndəriləcək.
Vəkilin R.Əliyevin döyüldüyünü əks etdirən videogörüntünün cinayət işinə əlavə olunması ilə bağlı qaldırdığı vəsatət təmin edilib.
Məhkəmə prosesi fevralın 23-də davam etdiriləcək.



