İsrail səfirini ölümlə hədələyən Musəviyə xəbərdarlıq ediləcək? – AÇIQLAMA
İyul 21
15:16
2022
Ötən gün İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları” kitabını oxuması barədə paylaşım edib. Sosial şəbəkələrdə böyük maraqla qarşılanan bu tvitə İranın Azərbaycandakı səfiri Abbas Musəvinin cavabı isə gecikməyib. O, diplomat həmkarını ölümlə hədələyib. "Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək”, - deyə Corc Diki həm təhqir, həm də təhdid edib.
Maraqlıdır, Azərbaycan Xarici İşlər Nazirliyi təhdidə görə İrana xəbərdarlıq edəcəkmi? Ümumiyyətlə, XİN-in ölkədəki səfirliklərə bu kimi məsələlərlə bağlı müdaxilə etmə səlahiyyəti varmı?
Mövzu barədə Oxu.Az-a danışan Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva hələ ki bu məsələ ilə bağlı heç bir şərhin olmayacağını bildirib.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycan XİN-in prosesə müdaxilə etməli olduğunu deyib: "Çünki İran səfirinin cavabında təhqir və təhdid elementləri var. İsrail səfiri isə sadəcə oxuduğu kitab haqqında öz təəssüratını bölüşüb. İran səfiri, bəlkə də, heç o kitabı oxumayıb. Dediyi sözlərin hamısı saxta və süni şeylərdir. Hansısa qırmızı xətlərdən danışır. Bizdə isə indi çətin vaxtlardır. İranla kövrək münasibətləri güclə qoruyub-saxlayırıq. İran və Rusiya ilə münasibətlərdə çox ehtiyatlı hərəkət etmək məcburiyyətindəyik. Bir vətəndaş olaraq isə hesab edirəm ki, İran səfiri qərəzli, kobud, diplomatik qaydalara sığmayan bir davranış nümayiş etdirib. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq etməsə də, hər halda mətbuat xidməti, qanuna əsasən, hansısa mövqe ortaya qoya bilər”.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli isə səfirlər arasında söz savaşının bəzi reallıqları ortaya çıxardığını söyləyib: "Diplomatiyada bu cür söz atışmaları kifayət qədər populyardır. İsrail və İran səfirlərinin Azərbaycanın tarixi əraziləri üzərindən mesaj vermələri bizim üçün həssas məsələdir və maraq cəlb edir. Dövlətlər diplomatik nümayəndəliklərin fəaliyyətinə birinci növbədə BMT-nin prinsipləri pozulanda müdaxilə edirlər. Yəni dövlətin ərazi bütövlüyü, suverenliyi şübhə altına alınarsa, əhalisinə qarşı hansısa proses həyata keçirilərsə, hakimiyyətin idarə olunması sisteminə, orduya qəsd olarsa, müdaxilə üçün səbəblər yaranır.

Bütövlükdə diplomatik protokol anlayışı var və buna əsasən, Azərbaycan XİN tərəflərin hər ikisini çağırıb onlarla söhbət apara bilər. Azərbaycan səfirləri ölkənin milli maraqlarına zərbə vurduqlarına görə "persona non-qrata” (arzuolunmaz şəxs) da elan edə bilər. Diplomatik korpusların xarici işlər nazirlikləri üzrə dəftərxanada fəaliyyətləri hesabatlaşdırılır. Bu hesabatlar əsasında da Azərbaycan tərəfi ciddi addımlar ata bilər”.



