İsrail polisi ortodoks yəhudilərlə erməniləri barışdırmaq istəyir
İyul 19
00:10
2019
İsrail erməniləri iddia edirlər ki, iyunun 8-də Qüdsdə ortodoks yəhudiləri itlərin müşayiəti ilə Erməni Ruhani Seminariyasının 20 tələbəsinə hücum ediblər. "Əzabkeş xalq”ın nümayəndələrinin rəsmi orqanlara şikayətində bildirilib ki, guya yəhudilər ermənilərin ölkədən getməsini tələb ediblər. Bundan sonra Qüdsün Köhnə şəhər rayonunun polis idarəsinə şikayət edən erməni keşişlər yəhudi gənclərin cəzalandırılmasını istəyiblər. Onlar erməni tələbələrdən birinin qolunun da sındırıldığını iddia ediblər. Amma cəmi üç yəhudi gəncin 20 erməniyə hücum etməsi iddiası o qədər də inandırıcı olmayıb.
Eyni zamanda, İsrail mətbuatında hadisələr fərqli prizmadan işıqlandırılıb. Yerli qəzetlərdə erməni Patriarxiyasının pozucu fəaliyyətindən və erməni gənclərinə kin-nifrət hissləri aşılamasından bəhs edilib. Həmçinin bildirilib ki, yəhudilərin Şabat bayramı ərəfəsində erməni dini məktəbinin 60 tələbəsi iki yəhudi gənci linç etmək istəyib və onlara bədən xəsarətləri yetirilib. Yəhudi gənclərin vəkilləri də ermənilərə qarşı əks iddia irəli sürüblər.