SON XƏBƏR

İsrail kəşfiyyatı İranın Rusiya üçün raketlərlə bağlı planlarından xəbər tutdu

Dekabr 13
15:40 2022
İran Ukraynadakı müharibə üçün Rusiyaya tədarük etməyi planlaşdırdığı raketlərin məsafəsini məhdudlaşdırmaq istəyir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Axios İsrail kəşfiyyatının hesabatları ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.
 
Tehran beynəlxalq ictimaiyyətin reaksiyasından narahatdır: ballistik raketlərin tədarükü BMT Təhlükəsizlik Şurasının qətnaməsini poza və ölkəyə qarşı yeni sanksiyalara səbəb ola bilər. Sənəd 2023-cü ilin oktyabr ayına qədər 300 km-dən uzaq mənzilli və 500 kq-dan çox faydalı yükə malik silahların İrana verilməsini və ya İrandan alınmasını qadağan edir.

İsrail rəsmiləri bildirirlər ki, Tehran bu məhdudiyyətlərə əməl etməyi planlaşdırır. Bunun üçün iranlılar 300 km mənzilli "Fateh-110” raket sistemini modifikasiya edərək onun uçuş məsafəsini azaldırlar. Ölkə rəhbərliyi əvvəlcə Rusiyaya 700 km məsafədəki hədəfləri vura bilən "Zolfaghar” raketlərini göndərmək istəsə də, indi bu fikri rədd edib.

Son həftələrdə İsrail Qərb ölkələrinə İranın Moskvaya silah göndərməsi ilə bağlı kəşfiyyat məlumatları təqdim edib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi dekabrın 9-da bildirib ki, Ağ Ev İranın Rusiyanı ballistik raketlərlə təchiz etməsi ehtimalından narahatdır.

İndi Moskva Ukraynada ən azı iki növ İran pilotsuz uçuş aparatlarından istifadə edir: çoxməqsədli "Mohajer-6” və "Shahed-136” kamikadze dronları. Sonuncular başqa rənglərə boyanır və Rusiyanın özünün "Qeran" adı il’ təqdim olunur. PUA-lardan Ukraynanın kritik infrastrukturuna zərbələr endirmək üçün istifadə edilir. BMT Ukraynada vurulan PUA-ların qalıqları ilə bağlı təhqiqat aparılmasına çağırıb, lakin Moskva ekspertlərinin məsələyə baxacağı təqdirdə təşkilatla münasibətlərinə yenidən baxacağı ilə hədələyib.

Rusiya həmçinin Tehranla "yer-yer” tipli raketlərin tədarükü ilə bağlı danışıqlar aparıb. Bundan əlavə, Ukrayna Təhlükəsizlik Şurasının katibi Danilov Ukraynanın ilhaq edilmiş ərazilərində iranlı təlimatçıların fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, onlardan bəziləri Krımda öldürülüb.

ABŞ, Aİ və Kanada artıq Rusiyanı silahla təmin etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib və Ukrayna diplomatik əlaqələri kəsməklə hədələyib. Dekabrın 9-da Avropa İttifaqı Tehran və Moskvaya qarşı yeni məhdudiyyətlər elan edib. 

Moskva və Tehran bütün ittihamları rədd edir. Bundan əvvəl İranın xarici işlər naziri etiraf edib ki, pilotsuz uçuş aparatlarının tədarükü olub, lakin müharibə başlamazdan əvvəl. Ukrayna prezidenti Volodimir Zelenski bu bəyanatı yalan adlandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook