SON XƏBƏR

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Oktyabr 20
13:36 2018
"Faizsiz, komisyonsuz” adıyla müştəriləri aldadırlar...

Qlobal.az musavat.com-a istinadən xəbər verir ki, payızın soyuğu özünü hiss etdirdikcə, insanların istilik qayğıları da artır. Bu mövsüm qızdırıcı satanların alverinin bol getdiyi dövrdür. Ona görə də satıcılar müxtəlif reklam kampaniyaları ilə alıcıları cəlb etməyə çalışırlar.

Belə reklamlardan biri bu günlərdə sosial şəbəkədə diqqətimizi cəlb etdi. "İrşad elektroniks” şirkətinin reklamında ən qabaqcıl firmaların kombi aparatları faizsiz, ilkin ödənişsiz və komisyonsuz kreditlə təklif edilirdi. Reklama alüdə olub orada qoyulan *0171 nömrəsini yığdıq. Telefonu qaldıran adam kredit şərtlərini-filanı açıqladı. Şərtlərin bizi qane etdiyini deyib, ümumilikdə aparatın neçəyə başa gələcəyini soruşduq. Məlum oldu ki, Immergas Eolo Mythos 24kW Kombi aparatı üçün bizdən nə az, nə çox- düz 1219 manat pul alınacaq. Məbləği eşitdikdə təəccübümüzü gizlətmədik. Satıcıya etirazımızı bildirdik, həmin aparatın digər yerlərdə ondan 200 manat ucuza satıldığını dedik. Cavab isə bu oldu ki, bizi qane etmirsə, almamaq hüququmuz var.

"İrşad elektroniks”in İnternet saytına da baş çəkdik.Gördük ki, həmin kombi aparatını nağd alana üstündə 182 manatlıq hədiyyə verilir. Kreditlə isə 18 aya da götürsən eyni qiymətdir, 3 aya da. Halbuki reallıqda aşağı müddətə götürən adam daha az məbləğ ödəməlidir.

Tənbəllik etməyib, nağd satış elanlarını incələdik. Məlum oldu ki, bu aparatın real satış qiyməti maksimum 1035 manatdır. Bu isə o deməkdir ki, "İrşad elektroniks” aparatı əslində reklamda qeyd olunan kimi, faizsiz, komisyonsuz satmır. Faiz və komisyon haqqından daha artıq məbləği üzərinə əlavə edib adını "faizsiz, komisyonsuz” qoyaraq yalançı reklamla müştəri cəlb edir. Bu isə həm "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, həm də "Reklam haqqında” qanunlara ziddir.

Qeyd edək ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi müraciət göndərəcəyik. Hesab edirik ki, heç bir şirkətin istehlakçıları - əhalini bu cür aldatmağa haqqı çatmır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook