SON XƏBƏR

İranın sünni bölgəsində şiə imamcüməsi qətlə yetirildi - Ölkədə məzhəb savaşı başlayır?

Noyabr 04
16:26 2022
İranın Sistan və Bəlucitan vilayətinin inzibati mərkəzi olan Zahidan şəhərində "Mövalyi Müttəqiyan” məscidinin imamcüməsi Səccad Şəhrakinin qətlə yetirilməsi ölkədə məzhəb savaşını tətikləyə bilər. 

Qaynarinfo xatırladır ki, Səccad Şəhraki naməlum şəxslər tərəfindən qətlə yetirlib. O, məscidin qarşısında "Peuguot” və "Pride” avtomobillərində olan maskalı şəxslər tərəfindən güllələnib. Baş və sinə nahiyəsindən xəsarət alan Şəhraki dərhal xəstəxanaya aparılıb. Lakin imamcümənin həyatını xilas etmək mümkün olmayıb.

Sistan və Bəlucitan vilayətində yaşayan əhalinin əhəmiyyətli hissəsi sünni məzhəbinə mənsubdur. Lakin Səccad Şəhraki şiədir. Höccətülislam dini rütbəsini daşıyan Şəhrakinin sünnilərin kompakt yaşadığı bölgədə qətlə yetirilməsi təsadüfi hesab edilmir. 

İrandakı mənbələr bildirir ki, hadisənin ölkədə məzhəb qarşıdurması yaratmaq məqsədilə törədildiyi istisna deyil.

İranın dini mərkəzi hesab edilən Qum şəhərində qisas bayrağının qaldırılması Şəhrakinin qətli ilə bağlı hansısa radikal addımların atılacağı qənaəti yaradır. Hədəfin sünnilər olacağı istisna deyil.



Səccad Şəhraki

Hələ ki, Səccad Şəhrakiyə qarşı sui-qəsdin məsuliyyətini üzərinə götürən nə hansısa təşkilat, nə hansısa qruplaşma, nə də hansısa fərd var. Lakin ehtimal olunur ki, olay Sistan və Bəlucistan vilayətində fəaliyyət göstərən "Cundullah” təşkilatı tərəfindən törədilə bilər.

"Cundullah”  təşkilatı sünnilər tərəfindən yaradılıb. Radikal təmayülü ilə tanınır. Təşkilat indiyə qədər İranda bir neçə hay-küylü terror aktları həyata keçirib.

"Cundullah”ın 2005-ci ilin dekabrında İranın o zamankı prezidenti Mahmud Əhmədinejata qarşı həyata keçirdiyi sui-qəsd nəticəsində ölkənin birinci şəxsinin mühafizəçisi ölüb. 2006-cı ilin martında isə Zahidan şəhərində törədliən terror nəticəsində 22 nəfər dünyasını dəyişib. 

Təşkilat 2007-ci ildə SEPAH-a qarşı terror aktı törədib. Nəticədə 18 nəfər həyatını itirib. 2007-ci ilin avqust ayında isə Çabaharda 12 nəfər "Cundullah”çılar tərəfindən oğurlanıb. 

2008-ci ildə təşkilat Bəlucistanda 16 polis əməkdaşını asıb. Bir ilə sonra isə Seravanda 12 polis əməkdaşı öldürülüb. Həmin il Zahidanda məscidlərdən birinə hücum zamanı 25 nəfər həyatını tirib. 

"Cundullah”ın hələ ki, sonuncu aktı 2010-cu ilə təsadüf edir. Həmin Çabaharda Kərbəla şəhidləri ilə bağlı əzadarlıq məclisinə hücum edilib. Nəticədə 38 nəfər ölüb. 

Elə həmin il təşkilatın lideri Əbdülməlik Riqi hökumət qüvvələri tərəfindən həbs olunaraq edam edilib. Riqinin ölümündən sonra təşkilatın fəaliyyətində bir qədər durğunluq yaranıb.



Əbdülməlik Riqi 

"Cundullah”ın əsas hədəfi İranın hüc strukturları, eyni zamanda şiə ruhaniləridir. Təşkilat hesab edir ki, İranda sünnilərin diskrimnasiyaya məruz qalmasında şiə ruhanilərinin də xidməti var. Onlar İslam Respublikası olan İrandakı ruhaniləri həm də hökumət üzvü hesab edir. 

İran hökuməti zaman-zaman bəzi xarici qüvvələri, o cümlədən Səudiyyə Ərəbistanını "Cundullah”ı maliyyələşdirməkdə ittiham edib. 

Yeri gəlmişkən, bir neçə gün əvvəl Qərb mediası İranın Səudiyyə Ərəbistanına hücum etmək planının olduğu barədə məlumat yayıb. Bu məlumatdan sonra sünni bölgəsində şiə ruhaninin öldürülməsi arasında əlaqə axtaranlar da var. Versiyalardan biri budur ki, İran ölkədaxili proseslərdən diqqəti yayındırmaq üçün müharibə planını işə salmağa çalışır. Şəhrakinin sünni bölgəsində qətli isə müharibə üçün əsas götürülə bilər. Bu baxımdan hadisənin İran xüsusi xidmət orqanları tərəfindən törədildiyinə dair şübhələr var. 

Tehran bununla həm ölkədəki sünniləri daha da təzyiq altında saxlamağı, həm də Səudiyyə Ərəbistanı ilə lokal savaşa başlayaraq diqqəti ölkədaxili proseslərdən yayındırmağı hədəfləyə bilər. 

Bu arada qeyd edək ki, Zahidan şəhərinin sünni imamcüməsi Mövləvi Əbdülhəmid Şəhrakiyə qarşı sui-qəsdi pisləyib. Əbdülhəmidin bu mövqeyi əslində sünnilərin baş verənlərdə rolu olmadığına və onların məzhəb qarşıdurmasına maraq göstərmədiklərinə işarə sayıla bilər. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook