İranın ət məhsuluna qadağa qoyulub
Yanvar 13
10:12
2016
«Daxili istehsalın zəifləməsi səbəbindən ətin qiymətinin ciddi şəkildə artacağı gözlənilir»
Xəbər verildiyi kimi, Iranın Qum bölgəsində dabaq xəstəliyinin yayılması ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov əmr imzalayıb.
Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə həmin bölgədən və risk zonasına yaxın olan Arak, Kaşan, Tehran bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bununla belə, əmrdə digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına Iran Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd olunub.
DBNX dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyətin sabit olduğunu bildirir.
Görəsən Iranın ət məhsuluna qoyulan qadağaya görə daxili bazarda ət məhsulunun qiyməti bahalaşa bilərmi?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, ölkəmizə Irandan bir o qədər də ət və ət məhsulu, diri heyvan gətirilmir. Bizə əsasən Rusiya və Gürcüstandan ət məhsulu gətirildiyini deyən ekspert, ölkədə artıq ətin qiymətinin kifayət qədər yüksəldiyini bildirir:
"Istehsalımız çox azalıb. Daxili istehsalın zəifləməsi səbəbindən qiymət artımı gözləniləndir. Lakin Irandan belə məhsulların idxalının qiymətlərə o qədər də əhəmiyyətli təsiri yoxdur. Qiymətlərin bahalaşmasına manatın dəyərdən düşməsi, daxili istehsalın ciddi azalması səbəb olub. Ona görə ət məhsulunun qiymətində hələ yenə də ciddi artımın olması gözlənilir”.