İrana ərzaq almağa gedənlər əliboş qayıdır
Dekabr 29
20:53
2015
Son günlər Azərbaycanda dollar ətrafında yaranmış ajiotaj İrana bayramqabağı ərzaq dalınca gedən xırda ticarətçilərin əliboş geri dönməsi ilə nəticələnib.
Bu xırda ticarətlə əsasən Azərbaycanın cənub rayonlarının sakinləri məşğul olurdu.
Belə ki, İranda ərzağın Azərbaycana nisbətən ucuz olması səbəbindən yerli sakinlər bazarlıq etmək üçün bir-iki günlüyə İrana gedirdilər. Onlar həm ailələri üçün bazarlıq edir, həm də əlavə alıb gətirdikləri ərzağı satmaqla xərclərinin bir hissəsini çıxarırdılar. Amma manatın dəyərdən düşməsi onları bu imkandan da məhrum edib.
Bayramqabağı İrana bazarlığa getmiş əyalət sakinlərinin bildirdiyinə görə, son vaxtlara kimi Azərbaycan manatı İranda çox dəyərli valyuta sayılsa və alış-verişdə üstünlük yaratsa da devalvasiyadan sonra, xüsusilə son 2-3 gündə manatın daha da dəyərdən düşəcəyi barədə söz-söhbətlərdən sonra bu təsəvvür dəyişib.
"İranlı sahibkarlar bizim manata həvəssiz mal satırlar, bundan hətta imtina edirlər. Artıq İranın ərzaq mağazalarında da əvvəllər sabit olan manat azı 50 faiz dəyərdən düşüb. Belə ki, kilosunu əvvəllər 2 manat 20 qəpiyə aldığımız kəsilmiş toyuğun qiyməti 3 manat 20 qəpiyə, 5 manat 50 qəpiyə aldığımız çay 8 manata qalxıb.
Bananın qiyməti 1 manat 20 qəpikdən 1 manat 80 qəpiyə, sosiska 2 manat 50 qəpikdən 3 manat 80 qəpiyə, kişmiş qiyməti 2 manatdan 3 manat 80 qəpiyə qalxıb. Bircə kartofun qiyməti nisbətən sərfəlidir – 1 kilosu 40 qəpiyədir. Amma kartof əvvəllər 20 qəpiyə idi, biz də gətirib 60 qəpiyə satırdıq. Ona görə də İrana artıq ərzaq dalınca getmək sərf etmir. Çünki bu qiymətə alıb Azərbaycana gətirdiyimiz ərzağı qısa müddətə satıb yenidən mal dalınca getmək mümkün olmayacaq” – deyə İrandan alış-verişdən dönən bölgə sakinlərindən biri bildirib.
(virtualaz.org)