İran uşağın meyitini valideyinlərinə verib
Yanvar 25
00:58
2016
Azərbaycan vətəndaşı 9 aylıq Qorqud Dadaşzadə İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Adıçəkilən xəstəxananın uşağın cənazəsini yaxınlarına vermədiyi barədə məlumat yayılıb. Ailəyə yalnız pulu ödəyəcəkləri təqdirdə uşağın meyitini verəcəklərini bildiriblər.
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğundan SİA-ya verilən məlumata görə, Təbriz Tibb Universiteti və digər orqanlarla aparılan danışıqlar və xahişdən sonra xəstəxana xərclərində güzəştlər və endirimlər olunub. Uşağın meyiti valideyinlərinə verilib. Hal-hazırda müvafiq sənədləşmə prosedurlarının yekunlaşdırılması, körpənin cənazəsinin Azərbaycana yola salınması istiqamətində işlər aparılır. Yaxın zamanda cənazə Azərbaycana yola salınacaqdır.



