İran palamentində dava düşüb, Mərkəzi Bankın sədri istefaya çağrılıb - VİDEO
Aprel 10
16:49
2018
İran parlamentinin bü gün keçirilən plenar iclası zamanı gərginlik yaşanıb.
"Report” İran KİV-inə istinadən xəbər verir ki, hadisə İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin parlamentdə ölkənin valyuta bazarındakı dalğalanmalarla bağlı hesabat verərkən qeydə alınıb.
Belə ki, İran Mərkəzi Bankının sədri çıxış edərkən deputatların təzyiqi ilə üzləşib, parlamentarilər onun üzərinə hücum çəkərək çıxışına mane olublar, hətta Vəliyullah Seyfi kürsüdən endirməyə cəhd göstəriblər.
Bundan əlavə, İran Mərkəzi Bankının sədrinin istefasını tələb edən şüarlar da səsləndirilib.
İran parlamentin sədri Əli Laricani isə deputatları sakitliyə çağıraraq V.Seyfin çıxışını tamamlamasına icazə vermələrini istəyib.
Qeyd edək ki, İran tüməni ABŞ dollarına nisbətdə 10 faizədək ucuzlaşıb. Ölkənin vitse-prezidenti İshaq Cahangiri bildirib ki, aprelin 10-dan 1 dollar bütün iqtisadi fəallar, müşavirlər, tələbələr, araşdırmaçılar və alimlər üçün 4200 tümən olacaq. "Qara bazar"da” isə dolların 6 min tümənədək bahalaşdığı bildirilir.