İran “nüvə sazişi”ndən çıxdığını bəyan etdi – Məhdudiyyətlərə əməl etməyəcək
Yanvar 06
14:03
2020
İran bazar günü 2015-ci il dünya qüdrətləri ilə imzalanmış nüvə sazişinə dair təəhhüdlərindən geri çəkilmək istiqamətində daha bir addım ataraq, məhdudiyyət qoyulmadan uranı zənginləşdirəcəyini bildirib. Lakin rəsmi Tehran BMT-nin nüvə agentliyi ilə əməkdaşlığı davam etdirəcəyini bəyan edib.
Tehran sanksiyaların götürüldüyü halda, bu pozuntuları tez zamanda aradan qaldıra biləcəyini bildirib.
Müqaviləyə imza atmış Avropa ölkələri razılaşmanı xilas etməyə cəhd göstərsə də, İran onların kifayət qədər iş görmədiyini bildirib.
Dövlət televiziyasıİranın müqavilədə ölkənin nüvə fəaliyyətlərinə qoyulmuş hər hansı məhdudiyyətə əməl etməyəcəyini bildirib. Buraya uran zənginləşdirilməsi üçün lazım olan sentrifuqların sayı, uranın zənginləşdirildiyi səviyyə, İranın nüvə tədqiqatları və inkişafı istiqamətində fəaliyyətləri üçün müəyyən edilmiş məhdudiyyətlər daxildir.
"İran məhdudiyyət olmadan və özünün texniki ehtiyaclarına uyğun olaraq nüvə zənginləşdirilməsinə davam edəcək”– deyə, dövlət televiziyasında hökumətin bəyanatına istinadən bildirilib.
İran Birləşmiş Ştatların 2018-ci ildə beynəlxalq sazişdən çıxması və Vaşinqtonun İranın neft ticarətinə əhəmiyyətli zərər vuran sanksiyaları bərpa etməsinə cavab olaraq, nüvə fəaliyyətlərinə qoyulmuş məhdudiyyətləri qətiyyətlə aşmağa davam edir.
İranın nüvə sazişi ilə bağlı atılan son addımını bu həftə sonu açıqlayacağı gözlənilirdi. Lakin Tehranın bunu elan etməsi İranın yüksək səviyyəli komandiri Qasım Süleymaninin cümə günü Bağdadda ABŞ-ın dron hücumu nəticəsində qətlə yetirilməsindən sonra gərginliyin artdığı bir zamana təsadüf edir.
2015-ci ildə dünyanın aparıcı ölkələri və İran arasında imzalanmış razılaşmaya əsasən, Tehran beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində nüvə fəaliyyətlərinin məhdudlaşdırılması haqda öhdəliklər götürmüşdü.
Prezident Donald Trampın heç bir əsaslı səbəb göstərmədən müqavilədən çıxması ABŞ və İran arasında münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub.