İran diplomatlarını Səudiyyədən çıxardı; Ankara seçimini etdi
Yanvar 07
13:08
2016
Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan gərginlik davam edir. Tehran yanvarın 6-da bütün diplomatıarını Səidiyyədən çıxarıb. Bu barədə Səudiyyənin rəsmi xəbər agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Riyad və Ciddədəki diplomatik missiyalarda çalışan iranlılar xüsusi reyslə öz ölkələrinə dönüblər. Diplomatları aparmaq üçün İrandan təyyarə göndərilib.
Bu arada İran prezidenti Həsən Ruhani Tehran və Məşhəddə Səudiyyənin səfirlik və konsulluğuna olan hücumları pisləyib, buna yol verən polis əməkdaşları və nümayişçiləri cəzalandırmaq göstərişi verib.
İki ölkə arasında gərginlik Səudiyyə hökumətinin şiə din xadimi Nimr əl-Nimri edam etməsinə görə başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İranın bu edama görə Səudiyyəyə qarşı radikal çıxışlar etməsini pisləyib. "Səudiyyə Ərəbistanının qərarı daxili hüquq məsələsidir. Bu qərar öncədən verilib və bu cür yerinə yetirilib. Bunu qəbul edib-etməmək ayrı məsələdir. Lakin Səudiyyə Ərəbistanının səfirliklərinin yaxılıb-yıxılması qəbuledilməzdir. Suriyada 400 min insan öldürülür, buna səssiz qalanlar indi bir nəfərin edamı ilə əlaqədar dünyanı ayağa qaldırmağa çalışır. 400 min insan öldürülür, oraya hər cür kömək edirsiniz. Kimə? Qatil Əsədə. Özünüzü heç vaxt təmizə çıxara bilməzsiniz”, – deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti iki ölkə arasında yaşananları məzhəb görüntüsü altında regional liderlik uğrunda mübarizə kimi qiymətləndirib. Qeyd edib ki, məzhəb qarşıdurması İslam dünyasını sarsıdır, müsəlmanları üz-üzə qoyur. Onun fikrincə, buna rəvac verənlərin məqsədi İslam dünyasını içəridən parçalamaqdır.



