SON XƏBƏR

İran Aİ-yə söz verib: Tehran ballistik raketləri Rusiyaya ötürməyəcək

Avqust 30
08:21 2024
İranın xarici işlər naziri Abbas Əraqçi əmin edib ki, ölkə öz ballistik raketlərini Rusiyaya ötürmək niyyətində deyil. 

Qaynarinfo Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransına istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

Belə ki, Avropa diplomatiyasının rəhbəri media nümayəndələri ilə söhbətində Aİ-yə üzv olan bəzi dövlətlərin İranın Rusiyaya mümkün ballistik raketlər tədarükü təhlükəsi ilə bağlı bəyanatlarını şərh edib.

"Görüş başlamazdan əvvəl İranın yeni xarici işlər naziri Seyid Abbas Əraqçiyə öz narahatlığımı bildirən mesaj göndərdim", deyə Borrell bildirib.

O, əlavə edib ki, dərhal "bu, yalan məlumatdır" cavabını alıb.

Eyni zamanda, jurnalistlər Borreldən İran rəsmisinin Rusiyaya PUA və digər silahların verilməsi ilə bağlı məlumatı təkzib edən bəyanatına inanıb-inanmadığını soruşublar. Diplomatın cavabı "xeyr" olub.

"Pilotsuz uçuş aparatları ilə raketləri ayırd edək. Qorxular, şübhələr raketlərin olması ehtimalı ilə bağlıdır. Nazirin dediyi budur: belə bir şey yoxdur. Bizim tərəfimizdən də bunun belə olduğuna dair heç bir sübut yoxdur", deyə Borrell vurğulayıb. 

Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, bu, həqiqətən də bunun baş vermə ehtimalı ilə bağlı ehtiyatlılıq hissidir və həyəcan siqnalıdır: "Mən sırf raketlərin potensial təchizatını nəzərdə tuturam".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook