SON XƏBƏR

İran ABŞ ilə anlaşmaq üzrədir – Tehranın nüvə sənayesi detallı yoxlanılacaq

Aprel 15
13:06 2025
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff aprelin 14-də deyib ki, İranla əldə ediləcək istənilən diplomatik razılaşma bu ölkənin uranın zənginləşdirilməsi və silah proqramlarının yoxlanılması ilə bağlı detallara əsaslanacaq.

Uitkoff "Fox News"a müsahibəsində bildirib: "Bu razılaşma, əsasən, uranın zənginləşdirilməsi proqramının, daha sonra isə silahlanma fəaliyyətinin yoxlanmasına yönələcək. Bu, raketləri, onların ehtiyatda saxladığı raketlərin növlərini və həmçinin bombanın işə düşmə mexanizmini də əhatə edir".

Tehran və Vaşinqton keçən həftəsonu Omanda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparıblar. Hər iki tərəf danışıqların "müsbət" və "konstruktiv" olduğunu bəyan edib.

Aprelin 14-də İranın Xarici İşlər Nazirliyi bildirib ki, Tehran və Vaşinqton arasında danışıqların ikinci raundu aprelin 19-da Omanda keçiriləcək.

İranın dövlət xəbər agentliyi IRNA Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayiyə istinadən bildirib ki, danışıqlara Məşqətin ev sahibliyinə davam etməsi qərara alınıb. İran XİN sözçüsünün bu şərhi danışıqların Romada keçiriləcəyini bildirən İtaliya xarici işlər naziri Antonio Tayaninin bəyanatı ilə ziddiyyət təşkil edir.

Aprelin 14-də Tehran, həmçinin bildirib ki, danışıqların növbəti mərhələsindən əvvəl xarici işlər naziri Abbas Əraqçi Moskvaya səfər edəcək.

Aprelin 13-də isə İran tərəfi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Qrossinin aprelin 16-da İrana səfər edəcəyini təsdiqləyib.
Müzakirələrin ilk raundu bitdikdən sonra Uitkoff və Əraqçi arasında baş tutan birbaşa qısa müddətli görüş iki ölkə arasında əlaqələrin irəliləməsi ilə bağlı müəyyən nikbinlik yaradıb.

ABŞ Prezidenti Donald Tramp deyib ki, o, İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə əmin olmaq istəyir. İran isə nüvə proqramının dinc xarakter daşıdığını israr edir və ölkə iqtisadiyyatına zərbə vuran sanksiyaların aradan qaldırılması üçün razılaşma əldə etmək istəyir.

Tramp bildirib ki, razılaşma olmadıqda İsrailin potensial iştirakı ilə İranın nüvə obyektlərinə hərbi zərbələr endiriləcək. Hesablamalara görə, İran bir həftədən az müddətdə bir bomba, bir ay ərzində isə bir neçə bomba üçün kifayət qədər uranı zənginləşdirə bilər.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas İranın nüvə proqramı ilə bağlı xatırladıb ki, BMT sanksiyalarının Tehrana yenidən tətbiqi üçün son tarix oktyabr ayıdır, ona görə də həmin tarix yaxınlaşdığı üçün bu məsələnin tez bir zamanda həllinə ehtiyac var. Avropa dövlətləri İrana xəbərdarlıq ediblər ki, əgər ABŞ ilə yeni bir razılaşma əldə olunmasa, 2015-ci il nüvə sazişində nəzərdə tutulan "snapback" mexanizmini – BMT sanksiyalarının avtomatik şəkildə bərpasını işə salacaqlar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook