İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində ilk lisenziyalar verildi
Noyabr 06
11:22
2015
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində lisenziyaların verilməsinə başlanılmışdır.
Noyabrın 5-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 5 saylı "ASAN xidmət" mərkəzində avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən müəssisələrə ilk lisenziyalar verilmişdir. Lisenziya almış sahibkarlar xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddətdə baxıldığını qeyd etmiş, lisenziyaların verilməsi prosesindən razılıqlarını bildirərək sahibkarlara göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə etmişlər. Vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi barədə fərmanlar sahibkarlığın inkişafı baxımından inqilabi addımlar olmaqla biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların daha bir göstəricisidir.
Qeyd edək ki, dövlət başçısının müvafiq Fərmanı ilə verilmiş tapşırıqların yüksək səviyyədə icrası məqsədilə qısa müddət ərzində zəruri tədbirlər görülmüş, sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi məqsədilə Nazirliyin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən əməkdaşları üçün təlimlər keçirilmiş, sahibkarlıq subyektləri məlumatlandırılmışdır. Belə ki, bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılmış, lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləmək tövsiyə edilmişdir. Hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflər hazırlanır və qısa müddətdə aidiyyəti üzrə təqdim ediləcəkdir.