SON XƏBƏR

İnternat tipli liseylərə qəbul meyarları müəyyənləşdi

Noyabr 23
01:49 2022
Nazirlər Kabineti "Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, ümumtəhsil internat məktəbi üzrə meyarlar sırasına təhsilalanların aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələri əhatə etməsi daxil idi.

Dəyişikliyə əsasən, bu meyarın əhatə dairəsi genişləndirilir. Təhsilalanların məktəbə qəbul tarixinə aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə etməsi nəzərdə tutulur:

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:

- orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- əmək pensiyası yaşına çatanlar;

Dəyişikliyə əsasən, ümumi tipli ümumtəhsil internat məktəblərinə şagirdlərin valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə, sanator tipli ümumtəhsil internat məktəblərinə isə uşaq poliklinikalarının nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyalarının rəyinə əsasən qəbul olunması və şagirdlərin sağlamlığının qorunması, tələb olunan hallarda onların müalicəsinə dair tədbirlərin görülməsi üçün ciddi sanitar-gigiyena rejiminin yaradılması ilə bağlı meyarlar isə ləğv edilib.

Eyni zamanda qərara əsasən, internat tipli lisey üzrə meyarlar müəyyənləşir.

İnternat tipli lisey üzrə meyarlar aşağıdakılardır:

- ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

- tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

- müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

- istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək internat tipli liseyə qəbul edilməsi;

- fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların internat tipli liseyə müsabiqədənkənar qəbul edilməsi;

- istedadlı şagirdlərin yerli və beynəlxalq fənn

olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

- ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

- şagirdlərin yataqxana və yeməklə təmin olunması.

Həmçinin, internat tipli gimnaziya üzrə meyarlar müəyyənləşib.

İnternat tipli gimnaziya üzrə meyarlar aşağıdakılardır:

- ümumi təhsilin ümumi orta və tam orta təhsil

səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü internat tipli gimnaziyalar istisna olmaqla);

- incəsənət və idman-şahmat yönümlü internat tipli gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

- tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

- müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;

- əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək qəbul edilməsi;

- fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların internat tipli gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi;

- istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

- ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

- şagirdlərin yataqxana və yeməklə təmin olunması.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook