Çingiz Qənizadə yenə İlhamə Quliyevadan danışdı
Fevral 15
17:03
2016
"Anladi ki, onu da dindirərlər, qanun hamı üçün eynidir”
Xəbər verildiyi kimi, MM-in deputatı Çingiz Qənizadə müğənni İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın mətbuata ünvanladığı məktubun araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət etmişdi.
"Yeni Müsavat”a daxil olan məlumata görə, M.Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov da ötən gün deputata və baş prokurora məktub göndərib. O, məktubunda prokurorluq tərəfindən M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib.
Bəs deputatın baş prokurora müraciəti ilə bağlı son vəziyyət nə yerdədir? Deputat ona ünvanlanan məktuba necə reaksiya verəcək?
Milli Məclisin deputatı, "Demokratiya və İnsan Hüquqları Konitəsi” təşkilatının sədri Çingiz Qənizadə bununla bağlı suallarımızı cavablandırıb.
Deputat məsələnin araşdırılıb, müsbət qərar qəbul ediləcəyinə ümid etdiyini deyib:
"Hələlik heç bir rəsmi cavab yoxdur. Rəsmi cavab müddətinə hələ ki var. Yəqin ki, yaxın bir həftəyə yenilik olacaq”.
Deputat köməkçinin həyat yoldaşı T.Hüseynov tərəfindən ona məktub gəlmədiyini deyib:
"Hələlik belə bir məktub almamışam. Yəqin ki, məktub mənə çatarsa ona da reaksiya verəcəm. Lakin M.Hüseynovanın Təcridxanadan göndərdiyi müraciət hər şeyi özündə əks etdirir. Əgər yeni bir müraciət olarsa, onu da müvafiq qurumlara göndərəcəm”.
Ç.Qənizadə bu günlərdə Bakı Şəhər Prokurorluğu tərəfindən müğənninin dindirilməsinə də münasibət bildirib:
"Yaxşı haldır ki, onu dindirdilər. Anladı ki, onu da dindirərlər, qanun hər kəs üçün eynidir”.
Deputat onun müraciətini Aygün-İlhamə qalmaqalı ilə əlaqələndirilməsinə etiraz edib:
"Müraciətimi İlhamə Quliyevanın kiminləsə konfiliktdə olması ilə əlaqələndirilməsinin əleyhinəyəm. Bununla sanki mövzudan, əsas hədəfdən yayınmış oluruq. Mehriban Hüseynova bir kişinin həyat yoldaşı, bir uşağın anasıdır, bir şəhidin bacısıdır. Onun tələsik həbs edilməsi narahatlıq doğurur”.
Qeyd edək ki, Mehriban Hüseynova bu il həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb. Fevralın 10-da müğənni Bakı Şəhər Prokurorluğu tərəfindən dindirilib.
Fevralın 13-də isə Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.