SON XƏBƏR

“İngiltərədə özümün yox, Qarabağ”ın adının çəkilməsinə görə şadam” – Qurban Qurbanov

Fevral 20
11:46 2023
"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Bərabərəlik də pis nəticə olmazdı. Oyun ona gedirdi”.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 23-cü turunda bu gün "Zirə” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "Qol imkanlarımız çox olmadı. Rəqib çox yaxşı hazırlaşmışdı. Bütün oyunçuları diqqətli və düzgün analiz etmişdilər. İmkan vermədilər ki, o qədər də baxımlı oynayaq. Mübarizədən xoşum gəldi. Futbolçularım sona qədər mübarizə apardılar, durmadılar. Çox vacib üç xal qazandıq. Rəşada uğurlar arzu edirəm”.

Q.Qurbanov bir vaxtlar "Qarabağ”da işləmiş, hazırda "Sauthempton”da baş məşqçisi olan Ruben Sellesin ondən çox şey öyrənməsi haqda verdiyi açıqlamasına münasibət bildirib: "Çox da dərinə getmək istəmirəm. Ona təşəkkür edirəm ki, burada ümumi işimizi dəyərləndirib. Mən tək deyildim, burada birlikdə idik. Müzakirələrimiz olurdu. Futbolçuların fiziki durumunu yaxşı səviyyəyə gətirib çıxarmağı düşünürdük. Mənim üçün xoşdur. Özümə görə yox, "Qarabağ” və Azərbaycanın adının çəkilməsinə görə şadam. Hazırda İngiltərədə baş məşqçi funksiyasını yerinə yetirir. Ona uğurlar arzulayıram. Özüm haqda heç düşünmürəm. Azərbaycan və "Qarabağ” haqda suallar səslənməsinə sevindim”.

Qurbanov "Gent”lə səfərdəki oyunda Musanı əsas heyətdə görəcəyikmi” sualını cavablandırıb: "Qəti qərar verməmişəm hansı heyətlə oynayacağımıza. Musa daha az oynayanlardan idi. Bu gün sona kimi oynatmadım. Matçın gedişatına görə belə addım atdıq. Ramil çox yorulmuşdu. Hücumçu kimi Musanı oynatmağa məcbur idik. Qarşıda bir neçə günümüz var. Qərar verəcəyik”.

Təcrübəli mütəxəssis yeni transferlərdən də danışıb: "Öz optimal formalarından uzaqdırlar. Qarşıdakı matçlarda oynayacaqlar. Vaxt lazımdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook