İndi hər kəs ev ala bilər
Fevral 20
21:23
2016
Paytaxtda fəaliyyət göstərən bəzi tikinti şirkətləri kooperativ binalarda aylıq ödəniş haqlarını ilə yanaşı, illik faiz və effektivlik dərəcəsini də azaldıb.
Karabakhmedia.az-ın məlumatına görə, şirkətlər manatın üzən məzənnəyə keçməsi ilə əlaqədar binalardan ev almaq istəyən vətəndaşaların çətinliklər yaşadığını və bu səbəbdən müəyyən olunmuş ödənişlərin illik faiz effektivliyini azaltmaq qərarına gəldiklərini bildirdilər.
Bu ev almaq istəyənlərin cibinə uyğun olmaqla yanaşı, həm də böhran vəziyyətində olan şirkətlərin işlərindəki durğunluğu aradan qaldıra bilər.
Tikinti şirkətlərdən birinin satış meneceri Vüsal Hümmətovun sözlərinə görə, şirkətlərin bu cür kampaniya təqdim etməkdə məqsədi müştəriləri itirməməkdir:
"Bizdə illik 8 faizin effektivlik dərəcəsi 4,5-dir. Yəni, məsələn, müştəri bankdan 100 min manat kredit götürürsə, onun 8 faizi 8 min manat edir. Əgər ev 20 ilə götürülübsə, onda bu edir, 160 min və 100 min, ümumilikdə isə ev həmin insana 260 min manata başa gəlir. Amma indi 20 ilin bir ili 4,3 faiz, 10 ili 4,5 faiz, 20 ilinə 5 faiz ödənilir. Bu da 160 min deyil, 100 min manat deməkdir”, - deyə menecer bildirdi.
Vüsal Hümmətov onu da əlavə etdi ki, əslində, bu, təşəbbüs banklardan gəlir. "Biz əvvəllər başqa bankla çalışırdıq, onun faiz dərəcəsi çox idi, bu da bizə sərf etmirdi, çünki devalivasiyadan sonra müştərilər az müraciət edirdi. Amma hazırda bir neçə bank var ki, münasib faizlə ipoteka verir.
Bu, həm bizim, həm də ev almaq istəyən vətəndaşlarımızın ürəyincədir”, - deyə o, əlavə etdi.
Məsələni şərh edən iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, bu günki gün tikinti şirkətlərinin belə bir addım atmaları gözlənilən idi:
"Bizdə yeni binalar tikilməyə başlayanda qiymətlər az qala xarici ölkələrdəki evlərin qiymətlərini ötürdü. Amma o zaman bu evlərə tələbat da var idi, ona görə binaların qiymətləri şişirdilmiş şəkildə təqdim olunurdu. Amma bu gün həm iqtisadi vəziyyət bu binalardan ev almağa imkan vermir, həm də insanlar həmin binalardan ev almağa meyl göstərmirlər. Odur ki, tikinti şirkətləri qiymətləri real qiymətlər səviyyəsinə endirməklə müştəri cəlb etmək istəyirlər”, - deyə ekspert vurğuladı.
Samir Əliyev onu da vurğuladı ki, bundan sonra da neftin qiyməti düşərsə, evlərin qiymətlərinin ucuzlaçması qaçılmaz olacaq.
Xarici ölkələrə nəzər salsaq, görərik ki, xüsusilə inkişaf etmiş ölkələrdə evlərin qiymətləri yüksəkdir. Amma ucuz evlər satılan ölkələr də az deyil.
Məsələn, əgər ABŞ, Norveç, Yeni Zerlandiya, Fransada evlər bahadırsa, Almaniya, Yaponiya, Portuqaliyada daha ucuzdur.
Dekabrın 21-dən sonra tikinti materiallarının qiymətinin artması ilə bağlı bəzi tikinti şirkətləri aylıq kredit pullarını qaldırmaq istəyirdi. Hətta, bununla bağlı bir neçə tikinti şirkətlərindən ev alan vətəndaşlar arasında anlaşılmamazlıq da yaranmışdı.
Amma sonradan şirkətlər insanların çoxunun pul ödəməkdən imtina etdiyini görüb, nəinki, aylıq kredit haqlarını qaldırmadılar, eyni zamanda, müştərilərini itirməmək üçün illik faiz dərəcələrində endirimlər etdilər.
Bankların təklif etdiyi, tikinti şirkətlərin yararlandığı və ev almaq istəyən vətəndaşların isə faydalandığı azfazili ipoteka, əslində, hər üç tərəfin xeyrinə atılan bir addımdır.
Bununla, bank və tikinti şirkətləri böhran vəziyyətinə düşməz, vətəndaşlar isə isti yuva əldə etmiş olarlar.
Qlobal.az



