Çində keçmiş nazir 27 milyon dollarlıq korrupsiya əməllərində ittiham olunur
Aprel 13
00:10
2018
Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun keçmiş üzvü, keçmiş kənd təsərrüfatı naziri Sun Cençay korrupsiyada ittiham olunaraq, məhkəməyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, keçmiş məmur 2002-2017-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən, səlahiyyətlərindən sui-istifadə etməklə fərdi və vəzifəli şəxslərdən, şirkətlərdən 170 milyon yuan (27,1 milyon ABŞ dolları) məbləğində nağd pulu və daşınmaz əmlakı rüşvət kimi qəbul edib. Tiancin şəhər prokurorluğunun ittiham aktında qeyd olunur ki, Sen Cençay rüşvəti birbaşa və ya özünə yaxın şəxslər vasitəsilə alıb.
Qeyd edək ki, Sen Cençay qeyd olunan dövrdə Pekin şəhərinin Şuni rayon partiya komitəsinin sədri, Pekin partiya komitəsi daimi komitəsinin üzvü, kənd təsərrüfatı naziri, Cilin vilayət partiya komitəsinin katibi, Çinin ən böyük şəhərlərindən olan Çunçin partiya komitəsinin katibi vəzifələrində çalışıb.
Keçmiş məmur məhkəmədə özünü günahkar sayaraq, cəzaya layiq olduğunu deyib.